1915291_748109358667106_2463672035380493579_n

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Xədicə xala corab toxuyurdu. Özü də həvəslə… Təzə olacaq nəvəsi üçün… (Əslində, toxumağı heç də yaxşı bacarmırdı. Cəmi bir-iki həftəydi əlinə yumaq, mil dəyirdi. Nəvəsi olacağını eşitcək köhnə nənələr kimi ona nəsə toxyub hazırlamaq istəmişdi. Və, beləcə, indi günlərdir elə hey toxuyurdu, toxuyurdu…) Aradabir özü üçün söylənirdi də:
-A bunun qadasın alım, bunun ayağına yekəmi gələcək görən bu?
Və yaxud, yadına nəvəsinin anası olacaq qız düşürdü:
-Ay başına dönüm, deynən, bir bu oğlanın yiyəsi var, ya yox? Durub gəlmir evəsə, barı, özüm qulluğunda duram. Tək-tənha, kimsəsiz nə təhər doğacaq bu qız?
Ardınca da ipləri bir-birinə qarışdırırdı:
-Bir biləydim heç olmasa, oğlandı, ya qız qurbanı olduğum? Adını nə qoyarlar görəsən? Qırmızımı toxuyum, yoxsa göymü? Göylərin payı, qadasın aldığım…
Söylənə-söylənə başını qaldırıb arada saata da baxırdı. Axşam saat doqquza az qalmışdı. İndi də oğlunun qarasınca danışdı:
-Dedim hələ, dedim, a bala, ya get gəlinin yanında qal, tək qoyma, ya da onu evə gətir. Sözümə baxmır ki… İndicə gələcək, o gəlin də ikicanlı nə bilim hardadır…
Onun bu söyləntilərinə hamı alışıq idi. Çox tez, on altı yaşında Şamil onu qaçırmışdı. Amma, düz on iki il uşaqları olmamışdı. Şamilin narahat həyat keçirməyi onun valideynlərinin könlüncə olmadığından ata evinə də həsrət qalmışdı. İndi o günləri üçün şükr edir, deyirdi ki, əgər ata eviylə barışsaydı, çoxdan boşamışdı Şamil onu. Yaxşı ki, o vaxt davalı olublar, boşanma olmayıb. On iki ildən sonra bir oğlu olmuşdu. Özü də qapqara… Onda da Şamil həbsxanada idi. Heç olmasa ildə iki dəfə bir neçə aylığa həbsxanaya düşməsə, Şamil həyatını normal saymazdı. Oğlunun şəklini həbsxanaya qaynı aparmışdı. Şamil də həmin gündən özünə söz vermişdi ki, oğlunun toyunu elə edəcək ki, on beş respublikaya səs salsın… Uşağın adını Əli qoydular. Şamilin babasının adı idi… Əlinin on iki yaşı olanda yenə bir övladları olmuşdu. Onun da adını Ələkbər qoymuşdu Şamil, ikinci nəvəsini görməyən atasının adını yaşatmışdı… Əlinin otuz, Ələkbərin isə on səkkiz yaşı vardı. Ələkbər hərbi xidmətdə idi. Əli isə qohum-qonşuların danlağına baxmayaraq, evlənmək üçün atasının həbsxanadan çıxacağını gözləyirdi. Şamilin növbəti azadlığına cəmi altı ay qalmışdı…
Ancaq ötən ay baldızının gətirdiyi xəbər Xədicəni əvvəl təəccüb içində qoymuşdusa da, sonra ağrılı-acılı, tənha qadın kimi yaşadığı, üstəlik övlad həsrətiylə keçirdiyi illəri yadına salmış, ürəkdən sevinmişdi…
Onda axşam saat 11 olardı. Baldızı qapını harayla açıb içəri girdiyi ilə divanda əyləşib televizora baxan Əlinin üstünə cumdu:
-Ay canı sağ olmuş, heç olmasa bir az yekə qız tapardın daaa… Bapbalaca… Paran boydadı, ayə… Neçə aylıq hamilədi?
Baldızı xəstəxanada travmatologiya şöbəsində baş həkim idi. Ona ginekoloji şöbədən xəbər gəlmişdi ki, qardaşın oğlu bapbalaca bir qızı həkim müayinəsinə gətirmişdi. O da, işin axırınadək güclə tab etmişdi. Özünü Əlinin yanına çatdırmışdı:
-Niyə demədin, gəlim o qıza mən də baxım? Hardandı? Harda hamilə qalıb? –axırıncı sualda ürəkdən gülmüş, Əliyə göz də vurmuşdu.
Əli əvvəlcə donub qalmış, sonra o da qəhqəhəyə qoşulmuşdu:
-Ay bi, sənə nə? Sizə nəslinizdə bir Əkbər lazım deyilmi? Uludan ulu babanız… İnşallah, Əkbər olar… Balaca olmağına baxma, ürəyinə mən boyda oğlan yerləşib…
Bibi-qardaşoğlu ikisi də birdən qəhqəhə çəkmiş, o axşamı əla bir çaxırla qeyd etmişdilər. Sabahısı hər ikisi də işə gecikmişdi. Xədicə xala isə səhər tezdən Ələkbərə zəng eləmiş, Əlinin gizlincə evlənməsini xəbər vermişdi. İndi qalırdı bu ayın sonuncu bazar günü Şamilə nəvə muştuluğu göndərmək. Amma, baldızı yuxudan durunca ona qızın hələ təzə hamilə qaldığını, uşağın cinsiyyətinin bəlli olmadığını demişdi. Üstəlik, qızın kimliyi haqqında uzun və ətraflı məlumat toplamağı da öz öhdəsinə götürmüşdü. O gündən –bu günə Xədicə xalanın dilindən “nəvəli söyləmələr” düşmürdü ki, düşmürdü:
-Ay qadan alım, bircə tez boyunu görüm, Ələkbərim də gəlsin, bir şaddıq eliyim ki…
Telefonun səsini eşitməsə yəqin hələ yenə söylənəcəkdi. Qaçaraq telefonu götürdü, Əli idi:
-Ana, mobil telefondan yığmışam ey… Mənə toyuq qızart… Xoşlayıram axı…
-Gəlirsən, qadan alım?
-Hə… Avtobusdayam.
-Şey… Qızdan nə xəbər?
-Nə qızı?
-O qız…
-Gəlləm, gəlləm…
Əli telefonu keçirmişdi. Xədicə xala durub onun istədiyi kimi toyuq qızartmağa başladı. Nə qədər tez eləməyə çalışsa da Əli yemək bişmədən gəlib çıxdı. Qaçaraq mətbəxə keçdi, elə tavadanca tikələri götürüb yeməyə başladı. Xədicə xala onun bu səbirsizliyini həvəslə seyr edirdisə də, məsləhətindən geri qalmırdı:
-Əli, elə yemə, mədən pozular… Olmaz çiy-çiy yemək…
-Çiy deyil, ana, alaçiydi… Yəni yarıbişmiş… Yox, 80 %-i bişmiş….
İkisi də güldü. Əli birdən ciddiləşib soruşdu:
-Qız nəydi soruşurdun?
Xədicə xala açıq söhbətə keçmək istəmirdi:
-Qız… Bibin dediyi qız…
Sualı verərkən özünü elə göstərdi ki, guya nəyləsə məşğuldu. Ancaq cavab gəlmədiyini görüb oğlunun üzünə baxdı. Əlinin rəngi bir an içində qızarmışdı. Gözlərində yaş gilələnmişdi. Elə bil dolmuş qara bulud idi, bir şimşəyə bənd idi ki, leysan töksün…
-Oğlum, noldu axı? Eləcə soruşdum… Noldu ki?
Əli gözlərini bərk-bərk yumub açdı, qapının çərivəsinə söykəndi, əllərini qoynuna qoyub başını azca geri atdı. Dərindən nəfəs alıb qətiyyətlə danışmağa başladı:
-O qızla evlənməyəcəyəm… Atam xəbər göndərib ki, kasıb qızla evlənmə. Varlı qızla evləndirəcəm səni, toyun respublikaya səs salacaq. Əgər o qızdan əl çəkməsən onu öldürəcəm… Ana, o qız öləsi qız deyil… Kasıbdı, amma öləsi qız deyil… Mənə görə öləsi deyil…
Əllərini üzünə tutub hönkürdü. Elə hönkürürdü ki, Xədicə xala da dayana bilmədi. Oğluna yaxınlaşdı, əvvəlcə onun qollarını sığalladı, sonra başını onun qolları arasına birtəhər yerləşdirib o da hönkürdü… Əlinin vəziyyətini anlayırdı… Deməli, Şamil öz qərarını vermişdi… Vermişdisə də, dönən deyildi… Əli mütləq varlı bir qızla evlənməliydi… Xədicə xala indi bir ana kimi oğlunun can yanğısını anlamaq istəyirdi… Amma, anlaya bilmirdi… Nə qədər ağlasa da, hönkürsə də, anlaya bilmirdi… Beləcə, düz bir saata yaxın ana-bala haray çəkmişdilər, fəryad etmişdilər… Və birdən Xədicə xalanın yadına nəvəsi düşmüşdü…
-Bəs uşaq, ay qadan alım?
-Nə uşaq?
-Qız… Bibin deyirdi ikicanlıdı…
Birdən Əli dayandı… Anasının başını əlləriylə tutub düz gözünün içinə baxdı:
-Ana, sən nə qədər əzabkeşsən?!… Aman Allah, nə qədər saf adamsan… Elə o qız kimisən… Anam, mənim əzabkeş anam… O qız bilirsənmi kimdi? Mənimlə işləyən balaca qız var ha, bapbalaca… Komputerin ekranındakı şəkil… Bax, o qızdı, ana, o qızdı… O, tərtəmizdi… Onu xəstəxanaya aparmışdım, amma başqa şey üçün… O qız tərtəmizdi, anam… Başa düşürsənmi? Əkbər bizim xəyallarımızdı… Mən onu… O qızı çox istədim… Amma, mənə görə çox zülm çəkdi… Anam…
Yenidən hönkürdü… Xədicə xala oğlunun əllərindən çıxıb toxuduğu uşaq corablarına cumdu. Onları sökməyə, ilmələməyə başladı… İplər çözələndicə sanırdı ki, Şamilin ona yaşatdığı cəhənnəm həyatının, qara bəxtinin, boyuna baxıb sevindiyi Əlinin taleyindəki bu düyünün heyfini çıxır… Əli isə hələ də hönkürürdü…
… İndi aradan illər keçib… Əli Şamilin köhnə tanışlarından birinin- restoran sahibinin qızı ilə evlənib. Bir oğlu da var, adı Əkbər… Ələkbər nişanlıdı… Məhərrəmlik ayından sonra toyu olacaq… Xədicə xala indi Əkbərə heç nə toxumur… Hər şeyi bazardan hazır alır… Və o günü, Əlinin komputerindəki şəkli görüncə yadına o qız düşmüşdü. Soruşmuşdu Əlidən o balaca qızı…Əli də bircə cümlə demişdi:
-Yazıq oldu o da, qaçırmışdılar onu, uşaq üstündə boşayıblar… Eh…
Bu bircə cümlə və sondakı “eh” Xədicə xalanı göynətmişdi… Oğlunun diqqətni şəkildən yayındırmaq üçün demişdi:
-Qızın olsa mənim adımı qoyarsan…
Oğlu əlini uzadıb komputerin ekranındakı şəkildə qızın saçlarını sığallamışdı:
-Yox,-demişdi.- Oğlumuz Əkbər, qızımız Xədicə olacaqdı… Əkbər mənimdi, barı Xədicə onun olsun… Qoy qızı olsun, adını Xədicə qoysun…
Yan otaqdan Əkbərin ağlamaq səsini eşitcək Əli durub onu kiritməyə getmişdi. Xədicə xala isə komputerə yaxınlaşaraq daha diqqətlə şəklə baxmışdı… Amma, bu şəkil o qız haqqında oğlunun dediklərindən fərqli bir şey demirdi… Adicə şəkil idi… Ən adi şəkil…