Bu axşam…
Mənim nə gülüşüm, nə göz yaşım var,
Doğru bildiyiniz yalan adamam.
Sevincin, şadlığın tamına baxıb,
Özünə tamarzı qalan adamam.
Hər gün əlçim-əlçim buluda dönüb,
Özü-öz başına yağan yağışam.
Bayırdan qurulu saray görünüb,
Könlü içəridən talan adamam.
Məni tanımağa çalışma, adam,
Sənə tanışamsa, özümə yadam.
Nə qoruya bildim, nə də saxlaya,
Bir ömrü əlindən salan adamam.
Geriyə dönməyə yolmu qalıb ki?!
Bütün körpüləri oda atanam.
Sevinci əlindən havayı verib,
Qəmi qucaq-qucaq alan adamam.
07.03.2016.
Bilmirsən
Götür ürəyini, gəl mənə tərəf…
Əriyib yolların qarı, bilmirsən.
Bir ümid içimdə çıxıb naxələf,
Uçub gedib sənə sarı, bilmirsən.
Sanma ki, arzular gəlib keçici,
Bu könül yaşını doldurub çoxdan.
Bizim taleyimiz iki əl içi,
Məndə yarı, səndə yarı, bilmirsən.
Ötür bu taleyi, doğul yenidən,
Yenidən yolumuz qovuşa bəlkə.
Bu ömür sevinci salıb əlindən
Verib “yox”u, alıb “var”ı, bilmirsən.
02.02.2016