12111937_472520186252742_297742977754560256_n

Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

İllər sonrakı görüş

Nə yaman gec qayıtmısan?
Səni elə gözləyirdim.
Deyirdilər dönməyəcək,
Bilə – bilə gözləyirdim.

Eh, soruşma ürəyimi,
Yadın olub, yadın olub.
O qızcığaz da böyüyüb,
Qadın olub, qadın olub.

Daha sənə aldanmağa
Böyüyübdü, ağlı qoymaz.
Dayanma yolum üstündə,
Qızı qoysa, oğlu qoymaz.

Baxma səni görən kimi
Gözlərimi yaşlamışam.
Deyirsən: “bağışla məni”
Mən çoxdan bağışlamışam.

O illərin arxasınca
Ayım gedir, ilim gedir.
Bu gün bizim toyumuzdu,
Göz yaşlarım gəlin gedir…

Mənə xoşbəxtlik şəkli çək

Gözlərimdə yaz havası,
Dayan, ürəyimi dinlə.
Gəlincik duyğularım var,
Uşaqlaşım qoy səninlə.

Ağacdan düşən yarpağa
Çiynimizdə yer salaq.
Sevək, elə sevək ki,
Sevgimizdən dərs alaq.

Əllərim bəyaz kəpənək,
Uçsun, dolansın boynuna.
Mənə xöşbəxtlik şəkli çək,
Götürüm, geyim əynimə.