ens

Ürəklərə yazılan ad- Eldar Nəsibli Sibirel 19iyun 2008

(Mustafa Kamal Ataturkə)

Sevdi Vətənini canından artıq,
Ədalət yolunu tutası oldu.
Dünyaya gələndən igidlik, mərdlik
Arzusu, istəyi,butası oldu.

Meylini qartal tək saldı zirvəyə.
Oldu arxasıza pasiban, yiyə.
O haqqın bağrından qopmuşdu-deyə,
Haqqın səsi oldu, sədası oldu.

Türkün tarixlərdə izi var-deyib.
Hər zaman deməyə sözü var-deyib.
Döyüşdə bükülməz dizi var-deyib
İnam tonqalını çatası oldu.

Qorxub çəkinmədi fırtınalardan,
Böyük bir milləti qurtardı dardan
Yağı doymayanda vuruşmalardan
Sulara qərq olub batası oldu.

Boğdu namərdliyin hər səs-küyünü,
Açdı düşmən vuran kilid,düyünü.
Bütün dünya gördü böyüklüyünü,
Səsi ulduzlara çatası oldu.

Sibirel,bu dünya qoca dünyadı.
Çox-mən-deyənləri bir-bir sınadı.
Qəlblərə yazıldı Atatürk adı,
O türk dünyasının atası oldu.

Bu Gecə Bir Mənəm,

Bir Də Ki, Qələm-1972

Bu gecə qəlbimdə bulud yığını,
Bəs dəli hisslərin şimşəyi hanı?!
Bu gecə qəlbimə sükut yığılıb,
Bu gün ulduzlardan nəğmə istərəm,
Bəs zalım gecənin ürəyi hanı?!
Bu gecə bir mənəm, bir də ki, qələm.
Sükut da soyuqdur daş kimi bu gün.
Gərək gecənin də nazını çəkəm,
Qəlbimdən bir nəğmə eşitmək üçün.