ens

Türkəm mən

Mərə kafir,unutdunmu?
Azman türk oğlu türkəm mən.
Bir nərəylə halayları
Pozan türk oğlu türkəm mən.

Var dünyada yolum, izim.
Yox kimsəylə bir qərəzim.
Hər zaman haqqa tərəzi,
Mizan türk oğlu türkəm mən.

Azmamışam duman, çəndə.
Aç oxu tarixi məndə.
Şəhidə qəbri sinəmdə
Qazan türk oğlu türkəm mən.

Dözümdə- Bamsı Beyrəyəm,
Sözümdə- Yunis İmrəyəm.
Sazımda- dəli nərəyəm,
Ozan türk oğlu türkəm mən.

1994

ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990

Ağlama yaraşmır sənə göz yaşı,
Qurut gözləriyin yaşını, vətən.
Axı qalda gərək igidin başı,
Uca tut əyilməz başını, vətən.

Yamanca ağırmış Vətən, daşımız,
Onu qaldırmağa “dostlar” can çəkir.
Yox, daha oyanıb qan yaddaşımız,
Bizi azadlığa daha qan çəkir.

Zaman dost-düşməni bir-bir tanıdır,
Ölməyir Əsliyçün Kərəmlərimiz.
Sinəmiz Şəhidlər Xiyabanıdır,
Orda dəfn etmişik ərənləri biz.

Yolları uzundur özünü dərkin.
O yol igidlərin qanından keçir.
Sənin oğulların, Vətən, sevin ki,
Döyüşdə səndən yox, canından keçir.

Kökünün qədrini biləni varsa,
Nəsillər sabaha ümid daşıyır.
Azadlıq uğrunda öləni varsa
O xalqın yaşamaq haqqı yaşayır.

Qələbəyə saxla göz yaşlarını,
Azadlıq boylanmır sənə yad kimi.
O gün şəhidlər də baş daşlarını.
Düşmənə sıxacaq avtomat kimi.

Əyilməz başını uca tut ,Vətən
Azadlıq arzulu igidlərinlə.
Ömrü yaz ömrü tək qərənfilləşən,
Məzarı – and yeri şəhidlərinlə.