abdullamuellim

(Didərgin şərqisi,qaçqın harayı silsiləsindən)

Qəzəb gözdə qara bulud,
Yurdsuz dərdinə əl çalır.
Dərd yiyəli yiyəsiz yurd
Düşmən əlində alçalır.

Qan ağlayır Həkəriylə,
Çıxa bilmir yaza yurdum.
Araz axır qəhər ilə,
Dərdimi kim yoza,yurdum?!

Hərə çəkilib içinə,
Qılınc tək qında korşalır.
Vətəndə yurdsuz keçinən,
Özgə havanı gur çalır.

Kül üfürüb el gözünə,
Hərə bir cür baş girləyir.
Haqqı danan-Haqq sözünə
Yol boyu daş diyirləyir.

Yurd daşı bağrımı yarır,
Döndükcə məzar daşna.
Bir yol özünə gəl barı,
Ya tök külünü başına.

Torpaq mənim məzar yerim,
Son mənzilim,son pənahım.
Torpaqdan pay olmaz,yeri,
Allahın olsun-Allahın!…

Əyil,təmizlə torpağı,
Yad daşdan,yad tapdağından.
Ya başından at papağı,
Ya da yapış torpağından!