Biz bayramı anamın göz yaşları ilə qarşılayardıq. Artıq bu göz yaşlarına öyrəşmişdik.
Yenə bir bayram gecəsi idi… Bu dəfə anamın hönkürtüsə ayıldım. O zaman hələ hadisələrin gedişini anlamırdım. Yuxudan ayılıb qırmızı almadan dişləyib yenidən yatdım. İllər keçəndən sonra anamın “Qırmızı almalar ” hekayəsini oxuyanda o gecənin hönkürtüsünü anladım. Saçının ağlığında gəncliyinin qara günləri gizlənən nənəm gənc yaşlarından beş uşaqlı dul qadının taleyini yaşayırdı. Anam uşaq olanda babam ömrünün cavan çağında dünyasını dəyişmişdi… Anamın babamdan istədiyi qırmızı almalar evə qırmızı qana boyanmış gəlmişdi. O gündən bayramlarımız qana boyanmışdı. Novruzumuz qanlı bayrama dönmüşdü. Deyirlər, qız uşağı atasını daha çox sevir. Biz də bu sevgini illər boyu hər bayramda göz yaşları ilə hiss edirdik. Hər bayram göz yaşları ilə ötüb keçirdi. Bakıya bir neçə il idi köçmüşdük… Bir gün anamın xanım yoldaşı ilə söhbətini eşitdim.
Deyirdi ki:
-Özümə etdiyim azdı, hələ bu uşaqların bayramlarını da qara eləmişəm. Naxçıvanda bayram 19-u gecəsi, Bakıda 20-si axşamı qeyd edilir.Bu il uşaqları yığıb başıma 20-si bayram keçirəcəm. Uşaqlara bu qədər zülm etmək olmaz….
20-si axşam süfrə başında əyləşmişdik. Gecənin bir vədəsi rayondan zəng gəldi. Anam əli titrəyək telefonu açdı. Yenə bayramımız qana boyandı. Anama deyilmşdi ki, evin gəlini rəhmətə gedib. Bayramdan 40 gün keçmişdi. Anam Bakıya tez qayıdacağını demişdi.Səbr edə bilməyib anamın əmisi qızındam soruşdum ki;
– Ana niyə gəlmir?
Dedi ki;
– Qardaşı ölüb, necə gəlsin? Onda anlamışdıq ki, ölən gəlin deyil, dayım idi. Ana bizlərə görə Bakıya qayıtmağa məcbur idi. Mən heç vaxt anamı o halda görməmişdim. Beli bükülüb, əlləri əsir, saçları ağarmış. Dayım atasının öldüyü yaşda ölmüşdü. Yenə bir bayram gecəsi dörd övlad yetim qalmışdı.
Özümdən asılı deyildi. Uşaq vaxtı harda Novruz xonçası görürdümsə ordan qırmızı almaları yığışdırmaq istəyirdim. Istəyirdim deyəm ki,bayram etməyin. Yoxsa bayramınız qara gələr… Mənə görə Allah baba qırmızı alma yeyənlərə belə qəzəblənirdi.
Yenə bayram gəlir…Yenə canıma qorxu düşür. Bu dəfə Tanrı bayram günü bizlərdən kimi qurban verəcək? İnsan ölümə hazırlanmalıdır.Hərdən anamın ölümünü düşünürəm. Düşünündə də özümü çimdikləyirəm.O heç vaxt ölməyəcək. Amma hərdən gizlincə ürəyimdə dua edirəm, heç olmasa Novruz bayramı gecəsi olmasın…