picture-cgi

Qarabağdan qayıdanlar hasalı qalıb,
anam yoxdu, anamın bir misalı qalıb:
– “Qoşa relslər – qollarımdı uzalı qalıb, –
mən arxanca boylanıram gündə, ay oğul,
bir də nə vaxt dönəcəksən kəndə, ay oğul!?..”

Abır-həya gözəliydi, Azərbacjan, mənim anam.
Can dedikcə, candan kəsib, can payladın, canım anam.
Xanım ikən, bir xanımlıq görmədin sən, xanım anam.
Başındakı kəlağayın bir millətin həyasıydı,
Bu heykəli mən qoymasam, Poyluda kim qoyasıydı?!

Ağstafa, Qarayazı tamaşana dursun, ana!
Poylu – mənim beşiyimdi, burda anam dursun, ana!
Yanında mən, hüzurunda gərək
“Salam!” dursun, ana!
Bircə “Sağ ol” eşitsəydim poyluların öz dilindən,
Ana-bala yaşayardıq Kür üstündə biz yenidən.

……Ağstafa mənimkidir, sən də mənim, Azərbaycan,
səndən başqa nəyim vardır məndə mənim, Azərbaycan?!
Bir damlada bir ümmanı vəsf elədim, Azərbaycan,
mən Poyluya səndən baxdım – bu ümmanın damlasına,
Poylu, səndən boylanıram, Azərbaycan dünyasına.