Rafiq Oday foto

31 mart hadisələri – həqiqətlər işığında
və yaxud
azərbaycanlıların soyqırımı haqqında yetərincə məlumatımız varmı?

Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur.
Heydər ƏLİYEV, Ümummilli lider

Mən şübhə etmirəm ki, biz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Mən inanmaq istəyirəm ki, Ermənistan rəhbərliyi, nəhayət, beynəlxalq hüquq prinsiplərinə riayət edəcək və işğal olunmuş torpaqlardan qoşunlarını öz xoşu ilə çıxaracaq və bizim soydaşlarımız bu torpaqlara qayıdacaqlar. Əks təqdirdə, Azərbaycan tam sərbəstdir ki, bütün imkanlardan istifadə etsin və öz doğma torpaqlarını azad etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ilə yaxın tarixi vardır. Xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.
Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı.
21 mart 1828-ci ildə Rus çarının qərarı ilə Ermənistan vilayətinin yaradılması anından isə bu vilayətdən müx¬təlif yollarla azərbaycanlıların köçürülməsi sistemli xarakter almış, onların yerinə Türkiyədən, İrandan, Suriyadan və digər ölkələrdən ermənilər gətirilməklə azərbaycanlıların ağrılı-acılı günləri başlamışdır. «Erməni vilayəti» heç də erməni dövləti deyildi. «Erməni vilayəti» İrəvan və Naxçıvan xanlıqlarının ərazisi əsasında yaradılan müvəqqəti inzibati-idarəetmə vahidi idi. Lakin bu Azərbaycan torpaqlarında İrəvan və Naxçıvan xanlınlarının ərazisində yaradılacaq gələcək Ermənis¬tanın təməli demək idi. «Erməni vilayəti»nin əyalət və dairələrində gəlmə ermənilərin artımı və yerli azərbaycanlıların çar təzyiqinə davam gətirməyərək İran və Türkiyə ərazilərinə köçməsi nəticəsində əhalinin etnik tərkibindəki fərq ermənilərin xeyrinə dəyişirdi. 1828-ci ildə təqribən 4 ay ərzində İrandan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8 min 249 erməni ailəsi, yəni 40 min nəfər erməni köçürülmüşdür. Bir qədər sonra isə Azərbaycan topaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min erməninin köçürülməsi həyat keçirilmişdir. 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 min erməni köçürülmüşdür. Ümumiyyətlə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi mütəmadi olaraq davam etdirilmiş, təkcə 1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü.
Erməni millətçilərinin XIX əsrin sonunda – 1885-ci ildə Marseldə – «Amrenakan», 1887-ci ildə Cenevrədə «Qınçaq», 1890-cı ildə isə Tiflisdə «Daşnaqsütyun» partiyalarını yaratmaqla, ermənilərin «Böyük Ermənistan» yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu.

***

XX əsrin əvvəllərində Bakının neft sənayesi sahəsində mövcud olan 167 müəssisəsidən cəmi 49-u azərbaycanlı kapitalistlərin əlində idi. Ermənilərin isə 55 firması vardı. Qalan 21 firma ruslara, 10 firma əcnəbilərə, 17 firma yəhudi kapitalistlərinə, 6 firma isə gürcü sahibkarlarına məxsus idi. İnhisarçı kapitalın neft sənayesində hakim kəsildiyi illərdə Azərbaycan milli kapitalının mövqeyi çox zəif idi. Belə bir gərgin dövrdə «Daşnaksütyun partiyası» sosial-demokratlarla əlaqəyə girərək Bakıda sosial-demokrat və sosial inqilabçı adı altında daşnaksütyun yönümlü fəhlə təşkiltları yaradırdılar. Onların isə əsas məramı yerli əhali arsında ixtişaşlar, təxribatlar törətmək, qanlı aksiyalar həyata keçirmək idi.
Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar. XX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərində azərbay¬canlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilmişdir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı faciələrin daha dəhşətlisi 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində törədilmiş soyqırımı hadisələridir.
Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından öz məqsədlərini bol¬şe¬vizm bayrağı altında həyata keçirməyə başladılar. 1918-ci ilin martında Rusiya bolşe¬viklərinin rəhbəri Lenin silahdaşı və yaxın dostu Stepan Şaumyanı Qafqaza fövqəladə komissar təyin edib Bakıya göndərir. Qurulmuş plan və məqsəd bəlli idi. Yaradılan Bakı kommunası «əksinqilabçı elementlər»lə mübarizə pərdəsi altında Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkarlar planın reallaşdırıl¬masına başlayır. A.Mikoyanın rəhbərliyi altında təşkil olunan «Qırmızı qvardiya» adlı 10-12 minlik ordunun 70 faizi ermənilərdən ibarət olur. Onlar bolşevik¬lərlə birləşərək guya antisovet qiyamı altında mübarizə aparırlar.
«Daşnaq¬sütyun» partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başlayır. İlk addım kimi özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri hesab edən maska¬lanmış daşnaklar, əsasən Türkiyədən qaçıb gələn erməniləri silahlandıdaraq sovet haki¬miyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirdilər. Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaza fövqəladə komissar təyin edilən daşnak S.Şaumyan azərbaycanlıların kütləvi qırğının təşkilatçısı və rəhbərinə çevrildi.
Bakı və Bakı ətrafını işğal etmək daşnak lideri, bolşevik qiyafəli Stepan Şaumyana, Şirvan bölgəsini, Şamaxını, Muğanı, Lənkəranı məhv etmək Styopa Lalayana və onun silahdaşı Tatoves Əmiryana, Quba qəzasını yerlə-yeksan etmək daşnak lideri Hama¬zaspa, Naxçıvanı, Zəngəzuru, Qarabağı talan etmək Andronik Ozanyana tapşırılmışdı. Bu quldurlara Stepan Şaumyan rəhbərlik edirdi.
1918-ci il martın 30-da Bakıda erməni kilsəsinin ətrafında toplaşan daşnak dəstəsi müsəlmanlara qarşı ilk atəş açır. Martın 30-dan aprelin 2-dək baş verən qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi terror dəstələri Bakıda minlərlə insanı qətlə yetirərək, müsəlman ziyarətgahlarını yandırdılar. Şəhərin ən möhtəşəm məscidi olan Təzəpir top atəşinə tutuldu. Ermənilər Bakının memarlıq incilərindən olan «İsmailiyyə» binasını da yandırdılar. Üç gün davam edən qırğınlar nəticəsində təkcə Bakıda və Bakı ətrafında 30 minə yaxın günahsız soydaşımız xüsusi amansızlıqla, qəddarlıqla öldürülmüşdür.
Eyni zamanda, Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında 8 min, Quba qəza¬sında 16 min, İrəvan quberniyasında isə 132 min azərbaycanlı amansızlıqla qətlə ye¬ti¬rilmişdir. Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadıqları 157 kənd dağıdılmış və yandırılmış, Şuşa şəhərində dəhşətli qırğınlar törədil¬mişdir. Bu dövrdə Quba qəzasında 122, Şamaxı qəzasında 72, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağı¬dılmış və talan edilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir. Ümumilikdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 min¬dən çox azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Mart soyqırımından bir ay sonra ermənilər bu hadisələri bollşeviklərlə müsəlmanlar arasında cərayan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edirdi. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi.
1919-cu ilin son iki ayında İrəvan quberiniyasının Eçmiəzdin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmişdi.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 565 min azərbaycanlı öldürülmüş və doğma torpaqlarından didərgin düşmüşdür.
1935-ci ildən başlayaraq erməni millətçi ekstremistləri kütləvi şəkildə həm xəritə¬lər¬də, həm də 1917-1920-ci illərdə işğal olunmuş əzəli Azərbaycan torpaqlarında türk-Azərbaycan mənşəli coğrafi adların dəyişdirilməsinə başladılar. Bütövlükdə İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazisində yerləşən 18 min Azərbaycan mənşəli coğrafi ad «toponim soyqırımına» məruz qaldı.

Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu ilərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.
Erməni təbliğatının antiazərbaycan fəaliyəti ötən əsrin 80-ci illərinin ortalarında məxsusi vüsət aldı və Dağlıq Qarabağ münaqişəsinin yaranmasını səbəbləndirdi. Müna¬qişənin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından – indiki Ermənistandan qovuldu.
Başlanğıcını 1988-ci ildən götürən erməni ekspansiyası, Dağlıq Qarabağda aparılan işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların soyqırımı qurbanlarının sayını bir neçə dəfə artırdı. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox həmvətənimiz həlak olmuş, 20 mindən artıq insan yaralanmış, 50 mindən çoxu əlil olmuş, əsir və itkinlərimizin sayı 4 mini keçmişdir. 1992-ci il fevralın 26-da ötən əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsində böyük bir yaşayış məntəqəsi Yer üzündən silinmişdir. Ümumilikdə işğallar nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
Bütün bunların nəticəsi kimi təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinst erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə məruz qalmışdır.
Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqiddik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırmı sinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. Ulu öndər Heydər Əliyevin imzaladığı «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında» 18 dekabr 1997-ci il tarixli və «Azərbaycanlıların soy¬qırımı haq¬qında» 26 mart 1998-ci il tarixli fərmanları erməni qaniçənlərinin tarix boyu xalqımızın başına gətirdikləri müsibətlərin araşdırılması, tarixi keçmişimizə daha həssas müna¬sibətin formalaşması baxımdan böyük əhəmiyyətə malikdir. Dövlət səviyyəsində bu məsələyə münasibət, hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan olunması tarixi yaddaşımıza işıq salmış, xalqın milli oyanış və vətənpərvərlik ruhunun formalaşmasında əvəzsiz rol oynamışdır. Erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da əsl proqram sənədidir.
Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmişdir. Bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını daha da gücləndirməyə cəhd edirlər. Onlar Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq «əzabkeş erməni milləti» obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək, əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azər¬baycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Ermənilərin havadarlarının dəstəyi ilə 1918-ci ilin martında Bakıda və respublikanın digər bölgələrində törətdikləri qırğınlar barədə tarixi faktların dili ilə xeyli sayda kitablar yazılıb və müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Tarixi faktları inkar edib özlərinə saxta tarix yazan ermənilər yalanlarını dünyaya həqiqət kimi qəbul etdirmək istiqamətində ciddi cəhdlər göstərib törətdikləri vəhşilik¬lərdən dünya ictimaiyyətinin diqqətini yayındırmağa çalışsalar da, arxivlər bu təbliğatın əsassızlığını bir daha ortaya qoyur. Dünya ölkələrinin arxivlərinə müraciət edən hər bir tarixçi bu faktları ortaya çıxararaq, onların dili ilə erməni vəhşiliyini təsdiqləyir. Bu səbəbdəndir ki, dünya arxivlərinin açılması və tarixçilərdən ibarət komissiyasının yaradılması məsələsi gündəmə gətiriləndə qarşı tərəf dərhal müxtəlif bəhanələrlə yayınırlar. Bu da onların hiyləgər siyasətlərinin göstəricilərindəndir.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan dövlətinin mili maraqlarının qorunması istiqamətində də ulu öndər Heydər Əliyevin siyasi ideoloji xəttini uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər tribunalardan istifadə edir. Məhz onun rəhbərliyi altında Azər¬baycanın həyata keçirdiyi diplomatiyanın bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur.
Dövlətimizin başçısının diqqət mərkəzində saxladığı araşdırmalar nəticəsində uzun il¬lər xalqımızdan gizlədilmiş mühüm faktlar, sənədlər aşkar edilmişdir. Bu məqsədlə Lon¬dondan, Sant-Peterburqdan, Moskvadan, İstanbuldan, Ankaradan mühüm tarixi sənəd¬lər gətirilmiş, Parisə iki ezamiyyət təşkil olunmuşdur. Hazırda isə Dehli arxivində araş¬dırmalar aparılır. Bu sənədlərdə əks olunmuş faktlarla azərbaycanlılara qarşı törədilmiş soyqırımının bilavasitə səbəbkarları olan S.Şaumyanın, T.Əmiryanın, S.Hamazaspın, Lalayanın və digər erməni quldurlarının cinayətləri tam sübuta yetirilmişdir.
Bununla belə möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi «bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik».
Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında bugünkü və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur.
Qeyd edim ki, Milli Arxiv İdarəsində saxlanılan 36 cilddən, 3500 səhifədən ibarət sənədlər toplusu beynəlxalq məhkəmədə ermənilərə qarşı cinayət işinin başlaması üçün sanballı əsas ola bilər. Bu sənədlər ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayəti sübut edən qiymətli faktlardır.
Bu gün həm dövlət xətti, həm də ayrı-ayrı qurumların, diaspora təşkilatlarının və H.Əliyev Fondunun xətti ilə tarixi faciə haqqında bilgilər, sənədlər dünyaya təqdim edilir. Azəbaycanlılara qarşı törədilən soyqırımı faktları ilə bağlı həqiqətləri təbliğ edən tədbirlər keçirilir, elmi konfranslar təşkil edilir. Amma təəssüf ki, dünya hələ də susur. Başda Birləşmiş Millətlər Təşkilatı olmaqla beynəlxalq qurumlar, ABŞ, Rusiya və Fransa kimi nəhəng dövlətlər 31 mart soyqırımına beynəlxalq qiymətin verilməsindən boyun qaçırır. Əslində, bu müsibət ikili standartların bariz nümunəsindən başqa bir şey deyil. Tarixdə olmayan, heç bir fakta söykənməyən qondarma erməni soyqırımına anlayışla yanaşan, erməni yalanlarına inanan beynəlxalq birlik 31 mart hadisələrinə hüquqi qiymətin verilməsindən çəkinir. Bu ermənipərəstlik tarixin sonrakı mərhələlərində daşnak terrorçularına cəsarət verdi və yeni faciələrin baş verməsinə zəmin yaratdı.
Erməni daşnaklarının Azərbaycan xalqına qarşı 1918-ci ildə gerçəkləşdirdiyi soyqı¬rımının qurbanları hər il ölkə ictimaiyyəti tərəfindən yad edilir. Eyni zamanda, insanlıq əleyhinə yönələn bu qanlı faciənin beynəlxalq miqyasda tanıdılması məqsədilə görünən işlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ermənilərin törətdiyi vəhşilikərin qanlı izlərindən biri olan Quba məzarlığına hər il insanların axın-axın baş çəkməsi də bu baxımdan əhəmiyyət daşıyır.
9 il bundan öncə aşkarlanan kütləvi məzarlıqda 1918-ci ildə Hamazaspın baçşılıq etdiyi erməni quldur dəstələri tərəfindən qətlə yetirilən 400-dən artıq dinc sakinin sümükləri aşkarlanıb. Erməni vəhşiliyinin danılmaz maddi sübutu olan və məlumatlara əsasən yerli sakinlərin özlərinə qazdıran 2 böyük quyuda bir-birinin üzərinə yığılan cəsədlərin yüzdən çoxu qadın, 50-dən artığı uşaq, qalanları isə əsasən yaşlı kişilərə məxsusdur. Üstündən 96 il keçməsinə baxmayaraq, Quba məzarlığı 1918-ci ildə Azərbaycanlılara qarşı tərədilən soyqırımı dəhşətlərini əyani surətdə əks etdirir. Respublikamızın başqa regionlarında olduğu kimi, Quba ərazisində ermənilər tərəfindən törədilən soyqırımı da Azərbaycan xalqının ümumi faciəsidir. Çünki 1918-ci ildə azərbaycanlilarla yanaşı, ərazidə yaşayan ləzgi, avar, tat, yəhudi və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək məzarlıqda kütləvi şəkildə basdırılıblar.
Dövlətimiz tərəfindən bu tarixi hadisənin hər il dövlət səviyyəsində anılmasına xüsusi önəm verməsinin böyük siyasi və tərbiyəvi əhəmiyyəti vardır. Həmvətənlərimizin soyqırımı hər il yad edilməsi, yalnız o hadisələri tarixi baxımdan xatırlamaq məqsədi daşımır, həm də təcavüz qurbanlarını, günahsız insanların ruhunu yad etməklə tarixi haqsızlığa və ədalətsizliyə qarşı bir daha etirazımızı bildirir, gənclərimizdə vətənpərvərlik, haqq və ədalətin qalib gələcəyinə böyük inam hissi aşılamış oluruq.

Müxtəlif informasiya mənbələri və tarixi sənədlər əsasında hazırladı:

Rafiq Oday,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
SOCAR “Azərikimya” İB-nin Mətbuat xidmətinin rəhbəri,
Respublikanın Əməkdar jurnalisti