rxd

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Gülərkən hər kəsin bəxti, qisməti,
Iqbalın tərs üzü, hey mənə düşdü.
Qorudum ocaqda iffət, isməti,
Atəşin qor, közü, hey mənə düşdü.

Zamanın çəmini taparkən biclər,
Şan- şöhrət qazandı çox səylər, giclər.
Mənsəbə çatarkən fərsiz, biveclər,
Əməlin ən düzü, hey mənə düşdü.

Yaşamım bir savaş, günlərim qovğa,
Fələk çömçəsində, olmuşam dovğa.
Zənn etdim kor bəxtə, bəlkə gün doğa,
Fələyin çaş gözü, hey mənə düşdü.

Nakəsə, namərdə boyun əymədim,
Əzmimlə yüksəldim, döşə döymədim.
Heç yerdə özümü, əsla öymədim,
Dədə, baba izi, hey mənə düşdü.

Çəksəmdə həyatda çox əzab, çilə,
Cəfadan usanıb, gəlmədim dilə.
Qələmdən süzüldü, dürr gilə- gilə,
Şairin düz sözü, hey mənə düşdü.

Haqq üçün düz oldum yaxına, yada,
Dövrandan duyuldu, yalnız xoş səda.
Ömürdən bir gün də, verməzkən bada,
Zərin yek, dü üzü, hey mənə düşdü…