ageb

Azərbaycan Gənc Ədəbiyyatçılar Birliyinin üzvü, Nəzakət Niftiyeva 27 noyabr 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur.
-Uşaq Dünya Hərəkatının tərkib hissəsi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində Uşaq Hüqüqları Konvensiyası üzrə tam kursu bitirmişdir.
Bunu Ombudsman Elmira Süleymanova, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri -Mark Herevard və digərləri öz imzaları ilə təstiq etmişlər.
– Qızıl Xaç və Qızıl Aypara Hərəkatında fəal iştirakına görə tərifnamə ilə təltif olunmuşdur.
– Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar H.Ə.Mərkəzinin gənclər arasında elan etdiyi “Azərbaycanımla fəxr edirəm” adlı yazı müsabiqəsinin qaliblərindən olmuşdur.
– Yazdığı məqalələr “Yeni Təfəkkür” qazetində hal-hazırda da dərc olunur.
– Tarix müzeyi nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyev klubunun rəhbəri olmuş və oradakı gənclərə rəhbərlik etmişdir.
Bunlardan başqa bir çox layihə və tədbirlərin iştirakçısı olmuş və fəaliyyətləri ilə bağlı radio və verlişlərə dəvət almışdır. Daimi məşğuliyyəti mütaliə etməkdir.Daha çox dedektiv və dram əsərlərinə maraq göstərir.Azərbaycan Konstituasiya və Qanunvericiliyi ilə maraqlanır.

İndi isə gənc yazıçımızın öz qələminin məhsulu olan “Qara Duman” adlı hekayəni sizlərə təqdim edirik.

Əziz oxuyucalarımız, hekayəni oxuduqdan sonra, sizlərdən xaiş edirik ki, 10 ballıq sistem üzrə Nəzakət xanımın hekayəsini qiymətləndirəsiniz.

“QARA DUMAN”

Həyatımın adi günlərindən birini yaşayırdım.Yanğınsöndürən maşınlarının səsindən 19.05.2015 il tarixində olan hadisə kino lenti kimi gözümün önündə canlandı.O zaman keçirdiyim hissləri qələmə almaq çox çətindir. Yazmaq qərarına gəldim.Amma tam olaraq hardan başlayacağımı, nədən yazacağımı bilmirəm. “Təcili tibbi yardım maşınları, tanımadığım insan toplusu, yanğınsöndürən maşınlar,insanların yanıq qoxusu, gözüyaşlı və çarəsiz baxışlar və qara duman!” Həmin gün Bakıya qara duman gəlmişdi.Bu qara duman neçə insan kimi mənim də xəyallarımın üstündən qara bir xətt çəkdi.Yaşadığım bu gözlənilməz hadisədən sonra çox dəyişmişdim.Həddindən çox arıqlamış və gözlərimə dərin bir kədər çökmüşdü.Kədərimi ətrafımdakılara hiss etdirməmək üçün gülümsəməyə çalışsam da, deyəsən bu gülüşlərin saxta olduğunu anlayırdılar.Əsəblərim həddindən artıq pozulmuşdu.Yaşadığım böyük stresdən sonra gözlərimdə problemlər yaranmağa başladı və iş o yerə çatdı ki, mən bu səbəbdən əməliyyat olunmalı oldum. Əslində isə mən çox pozitiv insan idim.Rəfiqələrim həmişə mənimlə zaman keçirməyə can atırdılar.Şən gülüşlərim ən əsəbi insanın belə əhvalını yüksəldirdi.Ən böyük məşğuliyyətlərimdən biri mütaliə etmək idi.Son zamanlar gənc yazıçı Ziya Səfərbəyovun yeni dərc olunmuş kitabını çox axtarsamda heç yerdə tapa bilməmişdim. Anamın dediyinə görə isə həmin kitabı yaxınlığımızda yerləşən marketlərin birində görmüşdü.

Yağışlı bir payız axşamı idi.İşdən evə gələrkən elə yolumun üstündə yerləşən marketlərdən birinə daxil oldum.Kitab rəfinin yanından keçərkən bir anlıq dayanıb kitablara nəzər yetirdim.Ancaq məni maraqlandıran kitaba rast gələ bilmədim.Düşündüm ki, qeydiyyat şöbəsinə yaxınlaşıb administratorlardan birinə kitabı sifariş edim.Elə belə də etdim.

– Salam.Mən sizə əgər mümkünsə bir kitab sifariş vermək istəyirəm.

-Salam xanım.Buyurun.Hansı kitab? ( mənə bir vərəq uzatdı) Bura yaza bilərsiniz.(Necə də ciddi oğlandır.Görəsən, o gülə bilir?)

-“MƏNİM LƏNƏTLƏNMİŞ DÜNYAM” Ziya Səfərbəyov. Bu kitabı gətirsəniz çox sevinərəm.
–Zəhmət olmasa əlaqə telefonunuzu və adınızı da qeyd edin.Kitabı gətirsək sizinlə əlaqə saxlayaq.

-“Mukova… 055-…-..-..” Məlumatları qeyd etdim və oradan çıxdım. O oğlanı orada çox görmüşdüm.Şux qaməti, hündür boyu və ciddi görkəmi diqqəti cəlb edirdi. Təxminən 10 gün sonra tanımadığım nömrədən mənə belə bir mesaj gəldi: “Mukova, sifariş etdiyiniz kitabla çox maraqlandım.Ancaq az sayda dərc olunduğundan təəssüf ki, tapa bilmədim.Üzrlü sayın.” Hə bu həmin oğlan idi.Həmin gün onunla yazışandan sonra hiss etdim ki, fikrimdə yanılmışam.Həmin oğlan evli deyilmiş və gülməyi də bacarırmış. Çox ciddi olduğundan nəyə görəsə onun evli olduğunu düşünmüşdüm.Bu hadisədən bir həftə sonra belə bir mesaj gəldi Yaşardan.Adı Yaşar idi.

-Kino teatrlara maraqlı kinolar gəlib.Nə vaxt gedək? Elə həmin gündən sonra da bizim münasibətimizin təməli qoyuldu.Yaşarın çox gözəl xarakteri var idi.Həm çox müasir,gəzməyə meylli,əyləncələrə maraq göstərən, dünyagörüşlü,mədəni biri idi,həm də daxilində köhnə kişilərə xas olan sərtlik və keçmiş adətlərə bağlılıq.Bizdə çox uyğunluq var idi.Bir-birini tamamlayan cütlüklərdən idik desəm yanılmaram.Hər görüşümüz bir-birindən maraqlı və xoş keçirdi.Hər həftə kinoya gedirdik.Getmədiyimiz restoran və maraqlı məkanlar demək olar ki, çox az idi.Hər zaman deyirdiki sənə hər yeri gəzdirəcəm,sənə hər şeyi mən özüm öyrədəcəm.Düz deyirmiş hər şeyi öyrətdi mənə xoşbəxtliyi də, kədəri də. Artıq altı ay idi münasibətimiz ciddiləşmişdi.Artıq ailələrində mənim barəmdə bilirdilər.Evin bir oğlu olduğuna görə Yaşarı evləndirməyə tələsirdilər. Bacısı və anası ilə əlaqəmiz var idi.Hərgün bacısı ilə danışırdıq.Bacısı ailəli idi, iki övladı var idi.Çox səmimi və mehriban qız idi.Hərgün mənimlə toydan, nişandan ,elçilikdən,arzularından danışırdı.Mən də artıq anama demişdim münasibətimiz barədə. Anam Yaşarı tanıyırdı və eşidəndə çox sevinmişdi.Artıq evdə xeyir iş söhbətləri gedirdi.Elə bu məqamda mənim çoxdandı gözlədiyim işdən xəbər gəlmişdi.Mayın 11-dən işə getməyə başlamışdım.Hər şey yolunda gedirdi.Çox xoşbəxt idim. Hər dəfə Yaşarla eyni vaxtda namaza girir ve dualar edirdik.Namazımızı bitirdikdə zəng edib deyirdiki,Allah qəbul etsin.Allaha hər zaman təşəkkür edirdim ki, yaxşı ki onu mənim qarşıma çıxarıb.

Mayın 19-u. O gün hava çox gözəl idi.Saat 07:30 işə getmək üçün hazırlaşmağa başladım.Qırmızı pencəyimi geyinib, Yaşarın 8 martda mənə aldığı gümüş sırğaları və boyunbağını taxtdım.Evdən çıxdım. Tıxac olduğundan işə gecikirdim. Saata baxdım saat 09:20. Sırğalardan biri açılıb yerə düşdü.Yerdən götürüb arxasına baxdım ki, bəlkə qırılıb. Yox, qırılmamışdı.Maraqlı idi necə açılmışdı o sırğa.

8 mart günü Yaşarın mənə bağlatdırdığı gül buketi heç vaxt yadımdan çıxmaz.Mənə çox buket bağlatdırmışdı amma o başqa idi.Gəlin buketi idi sanki.Balaca ağ tülün içində sarı güllər və sarı lent.

Saat 12:25.Yaşarın bacısından zəng gəldi.Sevinclə telefonu açdım.Qışqırırdı.Eşitdiyim sözə inana bilmədim.”Yaşarın qaldığı bina yanır.Telefonlarına zəng çatmır” Elə bu sözü eşitmişdim ki, hər şeyi bir kənara atıb işdən çıxdım və taksiyə mindim.

–Deyirlər Azadlıqda bina yanır.Ora sürün!
Yaşarın heç bir nömrəsinə zəng çatmırdı.Həmin gün bütün yollarda polis maşınları, yanğınsöndürənlər, təcili tibbi yardım maşınları var idi.Qara dumanı gördüyüm anda dəhşətə gəldim.Taksi ilə binaya yaxınlaşmaq mümkün olmadı.Taksidən düşdüm.Bina o qədər yanmışdıki yuxarıdan yanmış bəzi hissələr yerə tökülürdü.Ehtiyatla polislərə yaxınlaşdım.

-Yaralılar hardadır?

-Xanım, yaralı çox olduğundan Bakıdakı xəstəxanaların çoxuna yaralı göndərmişik.Yaxşı olar ki, yaxınlıqdakı xəstəxanalara baxasınız. Taksiyə yenidən mindim və 5 nömrəli xəstəxanaya yollandıq. Zəhərlənmə və yanğın şöbəsinə baxsamda orada yox idi. Semaşka xəstəxanasına yollandım.Orada da heç bir şöbədə yox idi.Yaşarın dayısı ilə danışdım və o bildirdi ki, Yaşar elə bu dəqiqə 5 nömrəli xəstəxanaya göndərilib.Deyilənə görə ayaqları yanıb.Biz də ora gedirik indi.Çox sevindim ki, şükür Allaha sağ-salamatdır.Xəstəxanaya çatan kimi yanıq şöbəsinə daxil oldum.Dəhşətli yanıq qoxusu gəlirdi.Həkimlər dedi ki, bura elə bir xəstə gətirilməyib.İnanmadım çətin də olsa içəri daxil olub xəstələrə baxdım.Ancaq Yaşar doğrudan da yox idi. Bir daha həkimlərə yaxınlaşdım ki, bəlkə başqa bir şöbəyə göndəriblər.Mənə üç uzun siyahı verdilər.Yananlar, zəhərlənənlər və ölənlər. Hamısına diqqətlə baxsamda Yaşarın adına rast gələ bilmədim.Yaşarın ailəsi rayonda qalırdı.Zəng etdilər ki, biz gəlirik Bakıya.Tez-tez əlaqə saxlayırdıq. Demək olar ki, Bakıdakı bütün xəstəxanalara dəfələrlə baxmışdım amma Yaşarın nə ölüsü, nə də dirisindən bir xəbər yox idi. Mənə zəng gəldi ki, Yaşarı tapmışıq Respublika xəstəxanasındadır.Zəng edən Yaşarın dostları idi.Əslində o xəstəxanaya da baxmışdım.Ancaq yox idi.İndi isə xəbər gəlmişdiki oradadır.Çox sevincli idim.Axır ki,onu görəcəkdim.Allahıma şükür etdim ki, nə yaxşı onu mənə bağışladı.Xəstəxanaya çatanda dostlarına zəng etdim.Hansı şöbəyə gəlim? Yanıq yoxsa zəhərlənmə? Eşitdiyim sözdən şoka düşdüm.İnana bilmədim.Bir daha soruşdum.

-Necə?

-Morqa gəl! Morqun həyətinə daxil olarkən böyük bir insan kütləsi ilə qarşılaşdım.Morqda yalnız bir ölü var idi.O da deyilənlərə görə Yaşar idi və tanınmaz halda idi. Mən onun öldüyünə inanmırdım.Morqa girməyə polislər icazə vermədilər ki, meyit pis vəziyyətdədir. Elə həmin an Yaşarın bacısından zəng gəldi.Hara gələk? Artıq Bakıdayıq.Bildirdim ki, Respublika Xəstəxanasına gəlsinlər.O da sevinmişdi mənim kimi.Elə bilmişdi ki, sağdı Yaşar.Bəs mən onlara bu xəbəri necə verəcəkdim.Hərkəs ağlasa da mən ağlaya bilmirdim. İnanmırdım içəridəki cəsədin Yaşara aid olduğuna. Tez-tez telefonuma baxırdım ki, bəlkə zəng edib deyər sağam.Amma yox zəng çatmırdı nömrələrinə.Təxminən 15 dəqiqə sonra Yaşarın valideynlərindən zəng gəldi.Hansı şöbəyə gələcəklərini soruşurdular.Axı mən necə deyərdim ki, morqa gəlin.Bir anlıq susdum.Sonunda özümü ələ alıb dedim: “Morqa gəlin.” Xəttin o biri başından qışqırıq səsləri eşidildi.Artıq gəlmişdi valideynləri. Məni görən kimi boynumu qucaqlayıb ağlamağa başladılar. Yaşarla bərabər məni də ağlayırdılar.Hərkəsin arzuları puç olmuşdu o gün. Deyəsən hərkəs inanmışdı Yaşarın öldüyünə təkcə məndən başqa. Cənazə morqdan çıxarılarkən hərkəs cənazəyə yaxınlaşdı.Hamı ağlayırdı.Amma mən yaxınlaşa bilmirdim.Yəni oradan çıxan mənim sevdiyim insanın cənazəsi idi? İnana bilmirdim. Özümdə deyildim.Yuxu idi yəqinki oyananda qurtaracaqdı bütün bunlar.Elə o an gördüm ki, Yaşarın iş yoldaşları əllərində dərman və su mənə yaxınlaşdılar. Ondan sonrası yadımda deyil xatırlamıram. Səhəri gün gözümü açan kimi telefonuma baxdım.Yaşardan sms gəlməmişdi mənə.Axı hər səhər mesaj yazırdı.Dünənki günü xatırladım.Bəlkə yuxu idi.Nömrələrinə zəng etdim.Zəng çatmırdı.Tez google yazdım “Azadlıqda yanğın”, yuxu deyilmiş.Hətta Yaşarın özünü binadan atma görüntüləri, səsi də kameraya düşmüşdü. Amma inana bilmirdim onun yoxluğuna.Hərgün mesajlar yazırdım telefonuna.Necə darıxdığımı, onsuz necə çətin olduğunu. Onsuz keçən hər günümdə onu gözlədim.Heç inanmadım yoxluğuna.Hər telefon zəng çalanda, mesaj gələndə tez baxırdımkı bəlkə Yaşardan olar.Amma yox.Yalnız yuxularıma gəlib deyirdi -ağlama. İnsanlar hamısı qəbul etmişdi onun ölümünü.Ancaq mən edə bilmirdim.Elə bu səbəbdən onun ölümündən danışan hər kəsdən bir-bir uzaqlaşdım.Hətta ailəsindən belə.Artıq bir il olacaq , amma mən hələ də ümidlə onun gələcəyi günü gözləyirəm.

Bugün mayın 18 dir.Sabah o hadisənin 1 ili tamam olacaq.Hərkəs o gündən danışacaq yalnız məndən başqa.Mən bu acı hadisənin ən yaxın iştirakçısı olsam da heç danışmamışdım.Hal-hazırda Senator restoranındayam 15-ci mərtəbədə.İstədim ona yaxın olum bəlkə doğurdanda buludların üstündədir. Həyata biraz yüksəklikdən baxım.Buradan həyat necə də fərqli görünür. Mən bu 366 günü sən varsan kimi yaşadım.Heç inanmadım yoxluğuna. Ətrafımdan keçən insanlar mənə baxdıqda o qırmızı pencəkli və üzündə təbəssüm olan qızı görəndə necə də xoşbəxt olduğunu düşünəcəkdilər.Mən isə onunla keçirdiyim xoş günlərimi xatırlayırdım.Bir anlıq kövrəldim.İnsanlar görməsin deyə qara gün eynəyimi gözümə taxtdım.Terasda oturmuşdum. Hilton otel yüksəklikdən başqa görünür.Heç kəs bilməyəcək mənim Senatora niyə getdiyimi ondan başqa.Qırmızı rəng və gülüş xoşbəxtlik rəmzi deyil.Bəzən acıları gizlətmək üçündür. Bəzən həyat bizi olduğumuz yerdən götürüb tamam başqa bir yerə qoyar və deyər ki, BURADAN DAVAM ET!
Sən olan dərdimlə qarışdı başım,
Gözüm kədər gördü,çoxaldı yaşım,
Sevdim əzab gördüm, ağardı başım,
Mən daha kimsəni sevən deyiləm.

Əziz oxuyucalarımız,sizlərdən bir daha xaiş edirik ki, hekayəni oxuduqdan sonra, sizlərdən xaiş edirik ki, 10 ballıq sistem üzrə Nəzakət xanımın hekayəsini qiymətləndirəsiniz.

Əgər sizlərdə öz şeirləriniz və ya yazılarınızı bizim sayt və səhifələrimizdə görmək istəyirsinizsə, o zaman özünüz haqqında qısa məlumat, 1 ədəd fotoşəkil və 1 ədəd yaradıcılığınızdan ( şeir və ya yazı) nümunəsini bizim inboksa və ya ageb.info@mail.ru adresinə göndərməyiniz kifayətdir.
#AGƏB #AGƏBlərimiziTanıyaq #NəzakətNiftiyeva

Ətraflı məlumat və suallarınız üçün bizimlə əlaqə saxlayın:
Ünvan: Azadlıq pr. 1130
Telefon: +994 55 837 77 73 (Whatsapp)
Rəsmi sayt: www.ageb.info — Nezaket Niftiyeva Mukova ilə