Ziyalı anlamı sözün həqiqi mənasında öz yerində və ünvanına səsləndikdə kifayət qədər gözəl, həlim və böyük məfhumdur. Hər bir ziyalının özünəməxsus xarakteri, keyfiyyətləri olur. İnsan həyatı dərk etdiyi vaxtlardan etibarən vətəninə, xalqına, insanlığa xidmət etməyi düşünür. Ziyalı olan insanlar özü təhlil edə bilir ki, o cəmiyyətə hansı istiqamətdə xidmət edərək, mövcud problemlərin qarşısını ala bilər. Vətəninə, xalqına və insanlığa xidmət etməyin vacib cəhətlərindən biri də İnsanın sevgi dolu yaşaması, ürəyinin xeyirxahlıq hissi ilə döyünməsidir. Əgər hər hansı bir şəxsdə bu hisslər yetərincə formalaşıbdırsa, Həmin adam öz işinə məsuliyyət və sevgi ilə yanaşacaqdır ki, bu da nəticə etibarı ilə gözəl tövhələr verər. Fərqi yoxdur bu xidmətlərimizin adı nə olsun. Əsas odur ki, biz öz işimizə məsuliyyətli yanaşmaqla vətənimizə xidmət edək. Bu baxımdan xidmətlə içində xüsusi ilə seçilən tibbi xidmətdir ki, məhz tibb işçilərinin, həkimlərimizin səyi nəticəsində insanlar öz sağlamlığına, səadətinə qovuşurlar. Əgər müəllimlərimiz bizim ruhumuzu formalaşdırmaqla yanaşı müalicə edərsə, həkimlərimiz də cismimizi sağaldar, bizə əmanət olunan can sağlığımızın dəyərini anladarlar. Müəllimlərimiz öz zəka dərsləri ilə bizim bəsarət gözümüzü açmağa nail olursa həkimlərimiz də öz növbəsində şəfqətli əllləri ilə bioloji gözümüzü açar, həyatın dəyərini bizə anladar və bu da dolayısı ilə bizi şükr etməyə sövq edər. Doğrudan da həkimlik olduqca böyük və şərəfli missiyadır. Belə şərəfli missiyanı icra edən şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyevadır.
Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində, anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra o, Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçib.
Zərifə Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. Zərifə Əliyeva 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.
1968-ci ildən başlayaraq Z.Ə.Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patalogiyası ilə məşğul olmağa başladı.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Geyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Böyük xidmətlərinə, çoxillik elmi- tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftamoloqları Elmi Cəmiyyəti İdarə də « Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.
Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Hər bir Azərbaycanlı kimi mən də fərəh hissi ilə Zərifə xanım Əliyevanı yad edir, onun ruhuna Tanrıdan rəhmət diləyirəm. Görkəmli alimimizin Azərbaycan və Dünya Avtonmologiya elminin inkişafında böyük tövhələri olmuşdur. Bu gün də dünya tibb aləmi Zərifə Əliyeva elmi irsindən yararlanır. Sadalamaqla bitib tükənməyən elmi uğurların icraçısı Zərifə xanım Əliyeva öz həlim xarakteri, yüksək səviyyəli insani keyfiyyətləri ilə bütün dünya xalqlarına örnək ola bilib. Zərifə xanım bir ana kimi dünyanın ən güclü ana, həyat yoldaşı kimi olduqca ziyalı xanım, uzaqgörən mütəfəkkir idi. Azərbaycan xalqı çox xoşbəxt və zəngin xalqdır. Çünki dünyaya Zərifə Əliyeva kimi ziyalılar bəxş edib. Zərifə Əliyevanın timsalında Azərbaycan qadının gücü, məlahəti, sədaqəti, sağlam ruhu, şəfqəti təmsil olunur.
Ziba Məmmədova,
Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi