1463943165_mg-20160516-wa0012

Münafiqlər iman gətirən səmimi müsəlmanlardan xarici görünüş baxımından elə də çox fərqlənmirlər,lakin daxili aləmləri tamamilə fərqlidir. Münafiqlər kənardan baxan insana dini yaşadıqları təəssüratını verə bilərlər. Danışıq və rəftarları ilə müsəlman təqlidi edə bilər, ibadətləri ilə özlərini dindar olaraq tanıda bilərlər. Ancaq onların din anlayışı Quranı deyil, öz yanlış məntiqlərini əsas olaraq qəbul edir. Dinlə bağlı düşüncələrinin təməlində mənfəət qazanma, öz istək və həvəslərini təmin etmək məqsədi yatır. Münafiqlər bu niyyətlərini gizlədərək möminlər arasında Quran əxlaqının yaşandığı mühitdəki gözəlliklərdən istifadə etmək istəyirlər. Allahın müsəlmanlar üzərində yaratdığı bolluq, bərəkət, gözəllik, hüzur, güvən, sevinc, qardaşlıq, şəfqət, mərhəmət, sevgi, hörmət mühitindən faydalanmağa çalışırlar. Həmçinin bu mənfəətpərəstliklərini heç kəsin hiss etmədiyini, müsəlmanları aldatdıqlarını düşünür və bunu çox yaxşı bacardıqlarına inanırlar.

Ancaq münafiqlər bu düşüncələrində çox yanılırlar. Çünki ən kiçik bir səmimiyyətsizlik belə iman gözü ilə baxdıqda dərhal anlaşılır. Lakin hər şeydən mühüm olanı gizlinin gizlisini bilən, hər şeyin iç üzündən xəbərdar olan Allah bu şəxslərin əsl üzünü bilir. Başqa sözlə, saxta olaraq daşıdıqları mömin əlamətlərinin də Allah qatında heç bir dəyəri yoxdur.

Allah bu şəxslərin etdikləri ibadətlərin dəyərsiz olduğunu “… Şübhəsiz ki, bunların etiqad etdikləri məhvə məhkumdur, gördükləri işlər isə batildir” (Əraf surəsi, 139) ayəsi ilə ifadə edir. Həmçinin Allah münafiqlərin səmimiyyətsiz dindarlıqlarından, gizli qaldığını düşündükləri yönlərindən də xəbərdar olandır. Başqa sözlə, münafiqlər bu saxtakar yanaşmaları ilə ayədə xəbər verildiyi kimi, yalnız özlərini aldadırlar və şüurunda deyildirlər. (Bəqərə surəsi, 9)

[h2]İMAN GƏTİRMƏDİKLƏRİ HALDA, İMAN GƏTİRMİŞ KİMİ GÖRÜNÜRLƏR
[/h2]
Başlıqda da ifadə etdiyimiz kimi, ikiüzlü insanların təməl xüsusiyyəti iman gətirmədikləri halda, iman gətirmiş kimi görünmələridir. Bunun əsas səbəbi isə Allaha imanlarının qəlbən deyil, saxta və insanlara meyilli olmasıdır. Allah bu şəxslərin vəziyyətini bir ayədə belə xəbər verir:

Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.(Tövbə surəsi, 109)

Münafiqlər mənfəətlərinə möminlər vasitəsilə qovuşacaqlarını düşündüklərindən mömin təqlidi etmək üçün böyük səy göstərirlər. Dinlə bağlı düşüncələrindəki bu ikiüzlülüyün bir nəticəsi olaraq qaneedici söhbətlərlə müsəlmanları aldada biləcəkləri düşüncəsinə qapılırlar. Quranda “Sizi məmnun etmək üçün Allaha and içərlər; halbuki mömin isələr, məmnun edilməyə Allah və elçisi daha layiqdir” (Tövbə surəsi, 62) ayəsi ilə münafiqlərin bu səylərinə diqqət çəkilmişdir.

Münafiqlər insanları iman gətirdiklərinə inandırmağa çalışır, insanlara görə yaşayırlar. Lakin tək qaldıqda və ya özləri kimi münafiq xarakterli şəxslərlə bir yerə gəldikdə Allahın özlərini anbaan izlədiyinin, hər nə edirlərsə etsinlər, hər nə düşünürlərsə düşünsünlər bunu bildiyinin fərqində deyillər. Bu iman pozuntusuna görə, müsəlmanlarla birlikdə olarkən ibadətlərini yerinə yetirir, onlar kimi davranır, onlar kimi danışdıqları halda, onlardan uzaqlaşdıqda ibadətlərini tərk edə bilir, eynilə bir inkarçının üslubu ilə danışa bilir, dinsiz insanlar kimi davrana bilirlər. Ancaq təqlid qabiliyyətləri nə qədər inkişaf etmiş olsa da, Allah Quranda münafiqlərin vəziyyətlərinin mütləq ortaya çıxacağını bildirir.

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki, (Allah) onları aldadır… (Nisa surəsi, 142)

[h2]ALLAHI ÇOX AZ XATIRLAYIRLAR
[/h2]
Münafiqlərin ən diqqət çəkən xüsusiyyəti Allahla əlaqələrinin olmamasıdır. Qəlbən Allahla birlikdə deyillər, Ona yönəlməz, Onu xatırlamaz, Ondan bağışlanma diləməzlər. Bunu müsəlman görünmək üçün zərurət kimi gördükdə edər və Allahı çox az anarlar. Allah bir Quran ayəsində bu həqiqəti belə bildirir:

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki, (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Mücadilə surəsi, 19)

Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar. (Tövbə surəsi, 67)

[h2]TƏKƏBBÜRLÜDÜRLƏR
[/h2]
Bir möminin əsas xüsusiyyətlərindən biri təvazökar olması, hər zaman səhv edə biləcəyini qəbul etməsi və ona verilən öyüd və xəbərdarlıqlara da dərhal təslim olmasıdır. Münafiqlər isə çox qürurlu və özünü bəyənmiş bir əxlaqa sahibdirlər. Onlara veriləcək heç bir öyüdü dinləməz, səhv etdiklərini qəbul etməzlər. Çox ağıllı olduqlarını, hər şeyin ən yaxşısını bildiklərini zənn edirlər. Üstəlik, Allahın saleh qulu olduqlarını iddia edirlər. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərin Peyğəmbərimizin (s.ə.v) özləri üçün bağışlanma diləmələrini qəbul etməmələri münafiqlərin sahib olduqları qürurun ən bariz nümunəsidir:

Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. (Münafiqun surəsi, 5)

Müsəlmanlar qəlblərində xəstəlik olan bu şəxsləri səmimi mömin olmağa dəvət edib onlara Allahın ayələrini xatırlatdıqları zaman münafiqlərin göstərdikləri rəftarlardan da qürurlarına təslim olduqları aydın olur. Özlərinin qüsursuzluğuna inanır, insani səhvləri belə özlərinə yaraşdırmırlar. Allah ayələrdə qürurlarına təslim olmalarının nəticəsindən belə bəhs edir:

Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)

Münafiqlər qürurlu olduqları üçün möminləri də özlərindən aşağı görürlər. Sahib olduqları hər hansı bir xüsusiyyət – zənginlik, şöhrət, mövqe, gözəllik onları qürurlandırır və bu xüsusiyyətə sahib olmayan bir mömini özlərindən aşağı görürlər. Halbuki, üstünlük ancaq təqva ilədir. Möminlər bu cür dünyəvi meyarlara önəm vermir, insanları pul, şöhrət, fiziki gözəllik kimi xüsusiyyətlərə görə deyil, imanlarına görə sevib hörmət edirlər. Bu səbəbdən, bu cür xüsusiyyətlərinə görə qürurlanan şəxslər mömin birliyi içində dərhal sezilir və alçalırlar.

[h2]QƏLBLƏRİNDƏ OLMAYANI SÖYLƏYİRLƏR
[/h2]
Münafiqlərin başqa bir xüsusiyyəti yalan danışmalarıdır. Allahdan qorxmadıqları üçün çətinə düşdükləri vəziyyətlərdə dərhal yalana əl atır və beləcə, möminləri aldada biləcəklərini zənn edirlər. Yalanla özlərinə verilən məsuliyyətlərdən qaçmağa çalışırlar. Quranda Peyğəmbərimiz (s.ə.v) dövründə düşmənə qarşı müdafiə etmək üçün çağırılan münafiqlərin yalana əl ataraq qaçmağa çalışdıqlarına belə diqqət çəkilmişdir:

İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud müdafiədə durun!”– deyildi. Onlar: “Döyüşə bilsəydik, sizin ardınızca gedərdik”, – dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali-İmran surəsi, 166-167)

Göründüyü kimi, münafiqlər, çətinlik anlarında möminləri tərk edərək öz mənfəətlərini qoruyurlar. Ancaq bunu da həmişə olduğu kimi ikiüzlülüklərini davam etdirərək, yəni özlərini haqlı göstərməyə çalışaraq edirlər. Əlbəttə ki, uzaqlaşarkən mənfəətlərinin zədələnməsindən qorxduqlarını demirlər, bunun yerinə ağılsız bəhanələr qarşıya qoyaraq möminləri haqlı olduqlarına inandırmağa çalışırlar. Allah Quranda münafiqlərin bu davranışlarını belə xəbər vermişdir:

Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi yayındırdı. (Allah’dan) bizim üçün bağışlanma dilə!”– deyəcəklər. Onlar qəlbində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır.(Fəth surəsi, 11)

[h2]YAXŞILIĞA MANE OLUR, PİSLİK ETMƏK ÜÇÜN YARIŞIRLAR
[/h2]
Möminlərin əsas xüsusiyyətlərindən biri yaxşılığı əmr edib, pislikdən çəkindirməkdir. Yəni bir mömin insanları əlindən gəldiyi qədər yaxşılığa, Quran əxlaqına çağıracaq və mümkün olduğu qədər pisliklərə mane olmağa çalışacaq.

Münafiqlərin rəftarı isə bunun tam əksidir. Dinin və möminlərin faydasına olan fəaliyyətlərə mane olmağa çalışırlar. Müsəlmanların lehinə nəticələnəcək olan hadisələrdən narahat olurlar. Eqoist istək və həvəsləri yönündəki hər hərəkəti çəkinmədən edirlər. Müsəlmanlara zərər verəcəyini, onları çətinliyə salacağını düşündükləri hərəkətlərə dəstək olurlar. Ayədə belə buyurulur:

Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar. (Tövbə surəsi, 67)

[h2]NANKORDURLAR
[/h2]
Münafiqlər digər bütün inkarçılar kimi Allaha qarşı nankordurlar. Özlərini yaradan və müxtəlif nemətlərlə yaşadan Allaha nankorluq edir, Onun hökmlərindən üz çevirirlər.

İkinci bir nankorluqları isə möminlərə qarşıdır. Çünki möminlərin arasına qatıldıqda, möminlər onlara kömək etmişdir. Möminlər onları imana çağırmış, onların axirətini qurtarmağa çalışmışlar. Onlara verdikləri nəsihətlər, etdikləri xəbərdarlıq və xatırlatmalar onların yaxşı olmalarını istədikləri üçündür.

Bunun qarşılığında münafiqlərin rəftarı isə möminlərə düşmənçilik bəsləməkdən başqa bir şey deyil. Əlbəttə, bu, böyük bir nankorluqdur və Quranda münafiqlərin bu nankorluqları belə izah edilir:

Allaha and içirlər ki, (nalayiq sözlər) deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır. (Tövbə surəsi, 74)

Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz. (Tövbə surəsi, 80)