Ağrısız bir ağrı məni yaxalar,
Bütün ağrılarım onda yox olar.
Qismətim əbədi şirin yuxular,
Mənə qəfil gələn ağrıdan doğar.
…Nə ürək, nə də ki baş ağrısıdı,
Nə məni ağrıdan daş ağrısıdı,
Ömrün ,,Ölüm” adlı qasırğasıdı,
Mənə qəfil gələn ağrıdan doğar.
Bu ağrının dodağında gülüşün,
Min sehri var, min sirri var, bir düşün.
Bu dünyadan o dünyaya gedişim,
Mənə qəfil gələn ağrıdan doğar.
Ağrım ağrılara çal-çağır imiş,
Gedən yox, qalançün çox ağır imiş.
Ölüm – ən ağrısız bir ağrı imiş,
Mənə qəfil gələn ağrıdan doğar!!