Bir dəli şeytan deyir, götürüb daşı yerdən,
Daşqalaq eləyəsən haqqını yeyənləri.
Bircə-bircə yıxasan, tapılmaya dikəldən,
Belini qıranları, qəddini əyənləri…
Qəlbimizdə yatan ruh hara yol alıb gedər?!
Düşən ömrü yaşadıq, bizimki də bu qədər.
Biz sevincə qonağıq, bizə qonaqdır kədər,
Şad etdik xətrimizə bilərək dəyənləri…
Yolun sonunda işıq, işıq yolun sonunda…
Ümid çırağı yanır sinəmizin solunda.
Yazan kimdi, pozan kim, kimdir Allah rolunda?!
Nədənsə doğrunu da bir dəli şeytan deyir…
*****
Şeytanın əməlindən qorunduq hər an, fəqət,
Başımız yandı daim insanın əməlindən.
Bizim inancımız da avamlıqdan ibarət,
Qorxsaq da qorunmadıq Allahın qəzəbindən.
Gözümü kor etdik, qulağımız kar oldu,
Uzaq qaça bilmədik pulun şirinliyindən.
Şeytanı dəli saydıq, bu bir ixtiyar oldu,
Bizə bəla göndərdi yerin dərinliyindən…
Necə də isti idi arzuların qucağı,
Məsum uşaqlar idik, tanımırdıq günahı.
Böyüdü bizlə birgə insan nəfsi, tamahı,
“Gəl, unudaq Allahı”,-bir dəli şeytan deyir…
*****
Ay Allah, bu nə dərddir, bu axı nə əzabdır?
Mübtəla olduğumuz bəlalar yetmədimi?
Deyirlər, alnınıza yazan belə yazıbdır,
Yaşayıb gördüyümüz səncə də çox deyilmi?
Günahın çoxu məndə, azı digər bəndədə,
Həyatımız büsbütün şeytan uğursuzluğu.
Nigaran öləsiyik, bu dərddən öləndə də,
Ağladacaqdır bizi ədalətin yoxluğu…
Gömülsün özümüzlə etdiyimiz günahlar,
Doğulandan ölənə hamımızda günah var.
Qoy, tutulsun göy üzü, açılmasın sabahlar,
Yuyulsun günahımız, bir dəli şeytan deyir…