Hərdən için-için göynər, sızıldar,
Dolu sünbül kimi tətrəyər könül.
Hər gecə bir həzin nəğmə pıçıldar,
Kövrək duyğularım açılar dil-dil.
Qərib durnaların son nəğməsi tək,
Qəlbimdə son şerin yükü var hələ.
Haçan hönkürəcək bu hissi ürək,
Haçan üzüləcək bu son zingilə?
Ömrümü yolların təşnəsi bilib,
Görümlə düyümun körpüsü oldum.
Qəlbimi məhəbbət çeşməsi bilib,
Axıb damla-damla gözümə doldum.
Gəzdim qarış-qarış aranı, dağı,
Dünya başdan-başa yolmuş, iz imiş.
Əyildim içməyə yandı dodağım,
Bulaqlar yaralı maral gözüymiş.
Dünyanı dərk edən ağılmı hissmi?
Göz nədir, ürəklə görürmüş insan.
Bir ömür yaşadım, yaxşımı, pismi?
Yarısı həqiqət, yarısı gümün.
Ətəkdə baharam, zirvədə qaram,
Ucalıq dağların təkində imiş.
Fikir yolçusuyam, söz zəvvarıyam,
Kövrəklik könlümün kökündə imiş.
Nəyə gücüm çatar ürəkdən özgə?
Onu ovundurmaq asandır hələ.
Mənə ümid olan el yanındasa,
Əlim ətəyimdən uzundur hələ.
Bir ovuc torpaqdır, bir içim sudur,
Sinəmdə arzular bitirən ürək.
Dünya düşüncəmə hopan duyğudur,
Təbiət məni də dərk edə gərək.