Sus, bilməsin kimsə,
Yazacağımı, oxuyacağını…
Sus, bilməsin kimsə,
Sənlə bağlı gizli qalmalı olanları,
yoxdur gizli bir məqamlar…
Sükunətdə itib batmalı,
bizdə qalmalı olan etirafımı,
Sus, bilməsin kimsə!
Sus, bilməsin kimsə,
Özümlə nə aparacağımı, bu dünyadan başqa dünyaya gedirəm hansı yüklə, sirrlərlə…
Sus, bilməsin kimsə…
Bilməsin kimsə, bizə aiddir bunlar,
bizimdir bu həqiqətlər…
Bizimdir ancaq…
Sən və mən…
Etibar etdim, sirrlərimi paylaşdım səninlə…
Səs dinlədin, mən danışdım,
danışdıqca, ağladım,
dinlədikcə, ah çəkdin…
Sən və mən…
Bir də ki, dostluğumuz,
qısa ömrü olan,
ölümün apardığı dostluğumuz…
Qırıldı yolda…
Getmədi bir istiqamətə,
olmadı dostluq biz ölənədək bu həyatda…
Sus, bilməsin kimsə,
Mən yazım, sən isə oxu,
səssiz, ya səslə,
Əslində fərq etməz…
Səssiz oxusan, içində oxu,
yaşa hər sözümü o ürəyində…
Öz səsində oxuduqca yazılanları,
dinlə səsini, içindən gələn haqq səsini…
Sus, sus, bir anlıq olsa da…
Ya Rəbb, səbr diləyirəm hər ikimizə!
Sus, bilməsin kimsə,
Bu dəfə ağlamadım, üzülmədim,
bu ayrılığa, vidalaşmadan ayrıldıq axı…
Sus, bilməsin kimsə,
Bu dostluq necə başladı, necə də bitdi…
Bir anın içində…
Hər başlanğıcın bir sonu vardır…
Bunu bilirik axı…
Sus! Susmağa davam et, bax belə!
Sus, bilməsin kimsə,
Dostluq qısa bir varlıq…
Sadəcə biz deyil, ayrıca “mən”,
“mənəm mənəm”lər də vardır
hər bir dostluqda…
Sus, bilməsin kimsə,
Susa bilməsən əgər,
sadəcə oxudunsa,
sil yaddaşından,
unut oxuduqlarını…
Ayrıldı yollarımız…
Bitdi dostluğumuz…
Anlayırsan?! Sondur bu!
Sus, bilməsin kimsə,
Bilməsin kimsə dedikcə,
hər kəsə oldu agah…
Qoy olsun, eybi yox,
gizlətmirəm ki, mənə doğma idin,
canım dost idin, bir zamanlar…
Heyif o günlərdən,
heyif məndən, heyif səndən…
Qatdı yenə aranı qatanlar,
aparıb gətirdilər sözləri,
üstünə birinin minini qoya-qoya…
Olsun, olacağa yoxdur çarə…
Sus, bilməsin kimsə,
Onlara inanmağını…
Hər kəsə inandın, bir məndən başqa…
Qoy olsun, deməli bu da belə sonluğuna varmalıymış…
Açarın başqasının əlindədir bəlkə də…
Səni idarə edir başqaları…
Qərarın özünün deyil,
qulağını doldururlar paxıllıqdan,
qısqanclıqdan,
sənin üçün № 1 olmaq istəklərindən
qaynaqlanır can-fəşanlıq…
Eh…
Bəlkə də, yox!
Yanılıram?!
Hardan bilim?!
İddiam yoxdur səninlə bağlı…
Gizlətmirəm…
Sus, bilməsin kimsə,
Necə ki, susursan…
Davam et susmağa…
Sus, bilməsin kimsə,
Sus! Susaraq baxışlarımız desin,
bir-birimizə söz yerinə “əlvida”,
hə, bir də ki, “Xoşbəxt ol, uğurlar”…
Necə də asandır… Susmaq…
Qoyuram durğu işarələrini, “Sus, bilməsin kimsə”
hər kəlimədən sonra üç nöqtə, nöqtə, sual, nida, suallı nida!
Sus, bilməsin kimsə,
Sus, bilməsin kimsə…
Sus, bilməsin kimsə.
Sus, bilməsin kimsə?!
Sus, bilməsin kimsə?
Sus, bilməsin kimsə!
Eh, necə də, asandır, insanları danışdırmaq, susdurmaq…