Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
Yenə ləpələndi xəyal dənizim,
Apardı dalğalar, gözdən itincə.
Dedim o yerləri bir daha gəzim,
Yurd yerim göründü,ləpə bitincə.
Göz açıb dünyaya gəldiyim eldən,
Qalmayıb bu günə, bir qırıq kərpic.
Necə qəddar olub,gör bir hökm edən,
O gözəl məkandan qalmır heç bir iz.
Şura fitvasıyla sökülən bu kənd,
Zalımca yıxılıb,məhv edilibdir.
Araz buxovlanıb,köksündə bir bənd,
Tarixdə böyük bir səhv edilibdir.
Yox olub bağçalar,güllər,qönçələr,
Dəryaya çevrilib gözəl yurd yerim.
Qorqud övladları geri dönsələr,
Salur Qazana mən, nə cavab verim?
Hanı “Muncuq təpə”, pir-“Qara Baba”,
Yox “Xaraba şəhər”, yox “Qara çuxur”.
Silinib tarixdən şanlı bir oba,
Xan Araz səssizcə üstündən axır.
Hanı “Çəlvik yeri”, ”Dizə məhləsi”?
Hanı “Narbənd dibi”, o – “Dəvə ölən”?
Yoxdur “Qoşa məscid”, yox azan səsi,
Quruyub “Şor çeşmə”, kəndi tən bölən.
Udub azğın sular “Kotanavar”ı,
Gömülüb lillərə “Kənd içi”,”Çimən”.
Nə çayçı Eyib var, nə samavarı,
“Qəfəni”, ”Məktəb”i necə tapım mən?
Yosuna bürünüb “Kolxoz həyəti”,
“Klub”un yerində naqqalar üzür.
Qərq olub bir elin nazı, neməti,
Pak baba ruhları didərgin gəzir.
Boynu bükük qalıb, “Tülkü yaylağı”,
“Ağbaşaq”bitirmir ta “Məmiş əkən”.
Ketmənlər,oraqlar kəsmir alağı,
Çalmalı bir kişi,yox əkib,biçən…
Ayıltdı Dövranı öz xəyalından,
Sahilə çırpılan ləpənin səsi.
Sildi al dəsmalla tərin alından,
Beləcə yarandı,yeni töhfəsi.