Cabir A

Qoca dövran türk üzünə gülməz heç,
Dil yalana, əl harama uyunca –
Əlindən, dilindən ölməyə başlar,
Ruhundan, kökündən üzülməyə də;
At ilxısız, türküm atsız olunca –
Qanda od mürgülər, gözündə yaşlar.
Haramlar qarında qat bağladıqca,
Yalanlar ayaqdan at bağladıqca
Dərdimiz dözməyə qul axtarırmış.
Uşaqlıqda çubuq atı səyirdıb,
Yuxularda at çapdıqca boz çölə
Ruhumuz dünyaya yol axtarırmış…
Dünənsiz bu günün sabahı kölə,
Atsız türk özünün yağısı imiş,
Adsız xalq yasının ağısı imiş
Adını dininə qurban vermisən,
Vətəni taleyin ixtiyarına…
Bölünmüş millətin ixtiyarı nə?!
Odərik, Albanıq, Oğuzuq, Xəzər,
Uyğuruq, Qıpçağıq, Hun, Səlcuq, Azər…
Biri tatar deyib, biri türk deyib
Özümüz müsəlman, moğol demişik
Tarix yaratmışıq – nağıl demişik…
Talış, tat, ləzgi, kürd,… biz kimik Dədə,
Hər şeyə ad qoyan, öz adın hanı?!
Turan tək qırılan qanadın hanı…
Yoxsa addan düşdün, atdan düşüncə
İyirmi dörd türk boyundan biri biz,
Qanımız çox qarışsa da diri biz…
Türk ulusu, Azər boyu adımız,
Ülgü – Tanrı, Quran, bozqurd, atımız.
Param-parça, əsarətdə yurdumuz
Arsızlar üzündən dəli dərdimiz…