rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Bu yolun taleyilə
Ötən barışa bilmir.
Bir yanıqlı ney kimi
Tütən barışa bilmir.
Ondan üz çevirənlə
Vətən barışa bilmir.
Nakəslə, naxələflə
Sən də barışma, könül.

Qoşun-qoşun düzülən
Bu qədər dərd bizimdi.
Qurşun-qurşun üzülən
Bu qədər mərd bizimdi.
İçində dərd gəzdirən
Bu qədər fərd bizimdi.
Sağaltmaz bu dərdləri
Bayatı, qoşma, könül.

Bu ümid qalasının
Açarı məndə deyil.
Kim salıb məni görən
Bir belə bəndə deyir.
Tanrısına ağ olan
İmanlı bəndə deyil,
İmansızdan kənar gəz,
Dinsizdən haşa, könül.

Sıxmaqdan bir kar aşmaz
Gözümün qorasını.
Sən özün tapmalısan
Dərdinin çarasını.
Lənətləmək gərəkdir
Ağını, qarasını.
İlan elə ilandı
Gördün bas daşa, könül.

Qarabağ əldə deyil,
Turanın söhbəti var.
O xanəsi əzəldən
Viranın söhbəti var.
Cəm olmağa nə var ki,
Bir anın söhbəti var.
Bənddir bir haya ellər,
Bənddir bir marşa, könül.

Daha yetər, qardaşım,
Savalanda yatdığın.
Dədə-baba yurdundan
Qovulanda yatdığın.
İllərdi döyülməyən
Davulunda yatdığın.
Dur, atına süvar ol,
Qılıncı qurşa, könül.