http://s008.radikal.ru/i305/1606/2b/3965a88a4864.jpg

Onun fəaliyyəti haqqında müxtəlif qəzet və jurnallarda bir sıra məqalələr dərc olunub. Hər dəfə bu yazıları oxuyanda düşünmüşəm ki, ömrünü xalqın övladlarının tərbiyəsinə, təhsilinə həsr edən bu ziyalı xanımın böyüklüyünü ifadə etmək üçün təkcə sözlər kifayət etməz. Analarımızı müqəddəs edən onların təmənnasız məhəbbətidir. O məhəbbət ki, bizə həyat bəxş edir, bizi yaşadır.
Sona xanım Məmmədova Sumqayıt şəhər humanitar və təbiət təmayüllü “İstedad” liseyində ibtidai sinif müəllimi işləyir. Sona xanımı tanıyanlar onun özünəməxsus nitq mədəniyyətinə, qüruruna, səmimiyyətinə, vətənpərvərliyinə yaxşı bələddirlər. İbtidai sinif şagirdlərinin öz müəllimlərinə bənzəmək istəyi müəllimin şəxsiyyətindən, məhəbbətindən irəli gəlir. Elə Sona müəllimənin sinfində təhsil alan şagirdlərin dili ilə desək, onların müəllimələri heç kəsə bənzəmir.
Sona müəllimə ilə söhbətim olduqca səmimi alındı. Müsahibə vaxtı valideynlərin gəlişi, onların müəlliməyə dikilən hörmət dolu baxışları, şagirdlərin gözlərindəki sevinc qığılcımları çox söz deyirdi. Sona müəllimə böyük bir fəxrlə onlara baxaraq, “şagirdlərim mənim həyatımın davamıdır. Bilirəm ki, bu gün pöhrələnən körpə fidanlar sabahın alimləri, həkimləri, zabitləri, müəllimləri, sənətkarları olacaqlar. Mənim üçün ən böyük mükafat ilk növbədə onların sağlamlığı, nailiyyətləri, xoşbəxtliyidir. Yaxşı mütəxəssis olmaq üçün ilk növbədə yaxşı insan olmaq gərəkdir. Ona görə də müəllim çalışmalıdır ki, ilk növbədə şəxsiyyət formalaşdırsın” – deyirdi.
Qarşımda məktəbdə keçirilən müxtəlif tədbirlərdən, açıq dərslərdən Sona müəllimənin şagirdlərinin şəkilləri, şagirdlərin müəllimlərinə yazdığı məktublar, inşalar, albomlar, ürək sözləri var. Sona müəlliməyə verilən saysız-hesabsız sertifikatlar, fəxri fərmanlar onun necə işlədiyini əks etdirən faktlardır. Amma danılmaz bir fakt da odur ki, bu gün Türkiyədə, İspaniyada, o cümlədən digər xarici dövlətlərdə, respublikamızın müxtəlif ali təhsil ocaqlarında, xüsusilə ADA-da təhsil alan tələbələrin sırasında bir vaxt Sona xanımın dərs dediyi şagirdlər də az deyil. Onlar hər yerdə ilk müəllimləri Sona Məmmədovanın adını böyük iftixarla çəkirlər. Sona müəllimə bütün buraxılış siniflərini sevgiylə, hörmətlə xatırlayır, xüsusilə liseydəki ilk sinfini uğurlarının təməli hesab edir. Həmin sinif ki, bütün şagirdlər yüksək nəticələr əldə etmiş, ali məktəblərə qəbul olunmuşlar.
Həyatda çox əziyyətlər çəksə də, liderlik, düzgünlük amalı olub Sona müəllimənin. Tanrı ona elə güc, elə bir qüvvət bəxş edib ki, işinin yorğunluğunu unudub, vaxtsız dünyasını dəyişən həyat yoldaşı Oktayın yadigarlarına – oğlu Vüsal Məmmədova, qızı Səadət xanım Əliyevaya yalnız pozitiv enerjisini bəxş edib. Hələ 6-7 yaşlarındaykən ölümün amansızlığını dərk etməyən bu varlıqlar ona yaşamaq eşqi bəxş edib. Onların gülüşləri Sona xanımın ömrünün günəşi, səhərlərinin ümidi olub. Sona xanım üçün istər işdə, istərsə də ailədə ən vacib amil tərbiyə olub. Elə bu tərbiyənin nəticəsidir ki, onun ailəsi hər zaman nümunəvi bir ailə kimi tanınır və sevilir. Övladları ailə sahibləri, məsul işçilər olmalarına baxmayaraq Sona xanım bu gün onları, nəvələri Fəridəni, Hüseyn və Oktayı eyni məhəbbətlə sevib-əzizləyir.
Hər zaman şagirdləri və valideynlər tərəfindən sevilən Sona xanım bu səmimiyyəti şagirdlərinin valideynlərinə borclu olduğunu söyləyir. Onun fikrincə valideynin, şagirdin, müəllimin əməkdaşlığı təhsildə öz effektini daha gözəl büruzə verir. Valideynlər isə övladlarına ana kimi qayğı göstərən, onların bu günü üçün deyil, gələcəkləri üçün narahat olan müəlliməni sözün həqiqi mənasında müqəddəs müəllim, əsl insan kimi sevirlər. Çünki Sona xanım təhsillə yanaşı öz övladlarına olan məhəbbətini şagirdlərinə də bəxş etməyi bacarıb, sinifdə qız uşaqlarına ağıllı, kamallı, ismətli olmaqla yanaşı, öz sözlərini deməyi bacarmaq qabiliyyətini, özlərini müdafiə etmək kimi xüsusiyyətləri, oğlanlara isə qeyrəti, hünəri, məsuliyyəti və vətənpərvərlik hissini aşılayıb.
Sona müəllimənin rəhbəri olduğu sinif artıq tədris ilini müvəffəqiyyətlə başa vurub. Ən dəcəl şagirdi Həmid, ən nazlı şagirdi Züleyxa olan sinfin bütün şagirdləri fəal və çalışqandırlar. Onları yaşıdlarından fərqləndirən daha bir cəhət – cəsarətli və inamlı olmaları diqqətimi cəlb etdi. Bir zamanlar şagirdlər müəllim və polis olmaq istəyini utana-utana bildirirdilər. Bu gün onların dünyagörüşləri, intelektual səviyyələri inkişaf etdiyindən, vətənpərvərlik tərbiyəsi onlara yaxşı aşılandığından şagirdlər hərbçi, bank işçisi, milli qəhrəman olmaq arzusunda olduqlarını böyük inamla söyləyirlər. İşğal olmuş torpaqlarımızın adları çəkiləndə şagirdlərin gözlərindən hiss olunurdu ki, onlar Azərbaycanın hər qarış torpağını ürəkdən sevirlər.
Yazdıqlarım Sona müəllimə haqqında fikirlərimin çox az hissəsidir. Ana borcu ödənməz, o da doğrudur ki, ilk müəllim də ana qədər doğma və əzizdir. Odur ki, nə anaların, nə də müəllimlərin fədakarlığının əvəzi ödənilə bilməz.
Sona xanımın əziz qohumu əməkdar müəllim Mahirə xanım Qasımovanın Sona xanım Məmmədovaya ünvanladığı şeiri sizlərə təqdim edirəm.

AY SONA XANIM

(Şeirin müəllifi Əməkdar müəllim Mahirə Qasımovadır)

Qaşların hilaldır, gözlərin qara,
Vurğunam səndəki olan vüqara.
Sınmadın, qürurla durdun ayağa,
Sonalar sonası, ay Sona xanım!

Həm ata olmusan, həm də ki, ana,
Övladlar böyütdün sən yana-yana.
Həyatın dönəcək bil, gülüstana,
Sonalar sonası, ay Sona xanım!

Almasın qəlbini nə qəm, nə kədər,
Çəkdiyin zəhmətin getməsin hədər.
Açılsın üzünə günəşli səhər,
Sonalar sonası, ay Sona xanım!

Səadətlə Vüsal sevgi payındır,
Gözəl nəvələrin bağça-barındır,
Onların varlığı sənin varındır,
Sonalar sonası, ay Sona xanım!

Mahirə qələmi alar əlinə,
Sözlərdən çələnglər taxar telinə.
Qoy yadigar olsun bu şeirim sənə,
Sonalar sonası, ay Sona xanım!

Nisə QƏDIROVA,
AYB və AJB üzvü,
“Möhtəşəm Azərbaycan” qəzetinin redaktoru