sevincxanimhaqverdizade

Bəziləri evlərində, küçələrində, bağçalarında şənlənib, oynayarkən üzərlərinə düşən bombadan sonra canını Allaha təslim edir.

Bəziləri evlərində, küçələrində, bağçalarında şənlənib, oynayarkən üzərlərinə düşən bombadan sonra canını Allaha təslim edir. Bəziləri isə sağ qalıb xarabalıq içində yaralı, şikəst halda valideynlərinin, qardaş və bacılarının, dostlarının parçalanmış bədənlərinə dərin kədər, təəccüb və çarəsizlik içində baxır.

Sevgi, şəfqət və hüzura ən çox ehtiyacları olduğu dövrdə dəhşətli, qəddar və qanlı müharibənin ortasında qalıb həyatlarını xilas etməyə çalışırlar. Evləri, məhəllələri, məktəbləri, oyun parkları artıq yoxdur. Qalan xarabalıqların içində isə indi əli silahlı insanlar var. Bir gün əvvəl əmin-amanlıq içində yaşadıqları isti və rahat yuvalarından aclıq, susuzluq, xəstəlik, soyuq, əziyyətlərlə dolu, hər cür yardıma möhtac qalacaqları tamamilə başqa bir dünyaya addımlarını atırlar.

Suriyada, İraqda, Yəməndə, Liviyada, Livanda, Türkiyədə, Əfqanıstanda, Qəzzada, Ukraynada, Kolumbiyada, Myanmada, bir çox Afrika ölkəsində müharibə və münaqişələr səbəbindən həyatları alt-üst olmuş bu uşaqlardan milyonlarladır.

Avropa Komissiyasının 2016-cı il fevral tarixli “Humanitar yardım və mülki müdafiə” adlı hesabatında UNICEF, UNHCR, UNESCO kimi təşkilatlar mənbə göstərilərək “təcili köməyə ehtiyacı olan uşaqlar” başlığı altında bu məlumatlara yer verilir:

“Uşaqlar müharibədən ən çox zərər görənlər arasındadır. UNICEF-in proqnozlarına görə, müharibədən təsirlənən ölkələrdə yaşayan 250 milyondan çox uşaq var. Bir çox uşaq müharibənin mülki itkiləri arasındadır. Oğlan və qız uşaqları əsasən silahlı qruplar və ya cinayətkar təşkilatlar tərəfindən döyüşmək və ya kəşfiyyat toplamaq məqsədilə istifadə edilir, cinsi istismar və insan alveri təhlükəsi ilə üz-üzə qalır. YUNESKO-ya görə müharibədən əziyyət çəkən ölkələrdə 37 milyon uşaq məktəbə getmir”.

Başqa bir mənbədə vuruşan ölkələrin uşaqlarının qarşılaşdığı fəlakət belə təsvir edilir:

“Bir çox münaqişə bölgəsində uşaqlar itkilərin ən böyük hissəsini təşkil edir. Çoxu silahlardan yox, qarşısı alına biləcəyi halda, səhiyyə sistemi və infrastrukturu darmadağın olduğu üçün müalicə edilə bilmir və xəstəliklərdən ölür. Demokratik Konqo Respublikasında 2.7 milyon uşaq qarşıdurmanın nəticəsi olaraq həyatını itirdi”.

Müharibələr səbəbindən uşaq itkilərinin bu gün ən yüksək səviyyədə olduğu ölkə şübhəsiz, Suriyadır. Əhalisinin 4.6 milyonu qaçqın, 6.6 milyonu isə ölkə daxilində yer dəyişdirmiş suriyalıların yarısını uşaqlar təşkil edir. Bir çox qaçqın uşaq ailələrini saxlamaq üçün cüzi əmək haqqı müqabilində təhlükəli və ağır işlərdə çalışır. Təhlükəli şəraitdə hər cür cinsi istismara açıqdırlar. Qızlarının pis yola düşməsindən qorxan bəzi ailələr, xüsusilə dul analar onları çox kiçik yaşlarda ərə verir. 2-3 milyona yaxın suriyalı uşaq məktəbə getmir.

Suriyalı uşaqlar rejim qüvvələrinin məktəb, xəstəxana, oyun parkı ayırd etmədən həyata keçirdiyi hava hücumlarının, atdığı varil bombalarının, açdıqları artilleriya atəşlərinin ən böyük qurbanlarıdır.

«Syrian Observatory for Human Rights»ın açıqlamasına görə Suriya vətəndaş müharibəsi başladığından etibarən təxminən 12.000 uşaq həyatını itirib. Sağ qalan on minlərlə uşaq isə faciəvi şəkildə yaralanmış, gözünü, qulağını digər orqanlarını itirmiş şəkildə kiçik yaşda şikəst olaraq həyatlarına davam edir.

Suriyadan sonra müharibə mənşəli yer dəyişmələrin ən çox olduğu ölkə Kolumbiyadır. Burada 6.5 milyon insan qarşıdurmalar səbəbindən evlərini tərk edib. Ölkədəki FARC adlı terrorçu qrup münaqişə bölgələrindən qaçan 11-15 yaş arasındakı qız uşaqlarını ələ keçirərək əxlaqsızlıq etməyə məcbur edir.

Şərqi Ukraynada müharibə səbəbindən yer dəyişdirən 1.700.000 insanın 250.000-i uşaqlardır. Donbasdakı müharibə Balkan Müharibələrindən sonra Avropadakı ən böyük humanitar böhrana çevrilib.

Bir də kiçik yaşda silahlarla tanış edilərək zorla bu müharibələrin bir hissəsi halına gətirilən uşaq əsgərlər var. Ön cərgələrdə döyüşmək, canlı bomba, ya da canlı qalxan olaraq istifadə edilmək üçün təlim keçirlər.

Məsələn, PKK terror təşkilatının düşərgələrində hazırda ən kiçiyi 8-9 yaşlarında 3 min uşaq, hərbi və ideoloji təlim keçir. PKK Türkiyədə "çözüm sürəci" adlandırılan dövrdə son bir neçə il ərzində yaşları 12-17 arasında dəyişən 2500-dən çox uşağı ailələrinin razılığı olmadan, silah gücünə dağa qaçıraraq öz sıralarına qatdı. «Human Rights Watch» təşkilatının hesabatlarında PKK-nın Suriya qolu PYD-nin 12 yaşlı uşaqları belə silahlandırdığı bildirilir.

Terror təşkilatı tərəfindən zorla ələ keçirilən qız uşaqları isə təşkilat üzvləri tərəfindən təcavüz edilərək hamilə qalır. Qaçıb evlərinə qayıtmağa nail olsalar belə, bir çoxu ailələri tərəfindən qəbul edilmir, təşkilat tərəfindən ələ keçirilib geri aparılır və ya ailələri tərəfindən namus cinayətlərinə məruz qalır.

Müharibədən əziyyət çəkən uşaqlarda fiziki travmalardan əlavə bir çox psixoloji travma da yaranır.

Daim qeyri-müəyyənlik, şiddət və ölüm təhdidi uşaqlarda tədricən pessimist, qayğılı, depressiv, içinə qapalı, bəzən təcavüzkar və üsyankar ruh halları formalaşdırır. Bunların çoxu daimi travmalara çevrilə bilir. Ən yaxşı halda isə hər hansı bir qaçqın düşərgəsinə sığınan uşaqları alçaldılma, döyülmə və təhqir dolu həyat gözləyir. Livan qaçqın şəhərciyindəki bir qrup uşağın dünya ictimaiyyətinə yazdığı açıq məktub bu faciəni ortaya qoyur:

“Biz suriyalı uşaqlarıq, bəzimiz iki, bəzimiz üç, ya da dörd il əvvəl Livana gəlmişik. Bir çox problemdən əziyyət çəkirik. Bunlardan biri də başqaları tərəfindən döyülməkdir. Məsələn, məktəbdə livanlı uşaqlar tərəfindən döyülürük. Küçələrdə eyni şəkildə kötək yeyirik və bəzi insanlar bizimlə lağ edir. Bir dostumuz və qardaşı qaldığı evin sahibi tərəfindən döyülür”

Bu məzlum uşaqlar masa başındakı bəzi rəhbərlərin qürunun, inadkarlıq, fanatizm və hərisliyin zərərçəkənləri olduqlarını anlamırlar. “Terrorla mübarizə” adlanan cəfəngiyyat uğrunda aparılan hava əməliyyatlarının, dron hücumlarının qurbanları olduqlarından xəbərləri belə yoxdur. Onlara “beynəlxalq silah firmalarının qazanc axtarışlarının nəzərə alınmayan itkiləri” olduqları deyilsə,buna məna verə bilməzlər.

Bu saf, məsum və pak varlıqlar zalım müharibələrin qurbanı olmamalıdırlar. Bunu dərk edən vəvicdanı məsuliyyət hiss edən insanlar müharibələri dayandırmaq üçün bütün gücü ilə əlindən gələni etməlidir. İlk növbədə, ölkələrarası qarşıdurmaların səbəblərini aradan qaldırmaq üçün ortaq sevgi dili yaradılmalı, hərbi üsullar əvəzinə, problemlərin sevgi əsaslı diplomatiya ilə həll edilməsi təmin olunmalıdır.

Sevinc HAQVERDİZADƏ