13884516_10209691884401300_1187644379_n

Bu ailədə süfrə arxasına hamı bir oturub, bir qalxardılar. Saleh də işdən həmişə yeməyə vaxtında gələrdi. Hərdən gecikmələr olurdu. Lakin yenə də oturub gözləyərdilər. Ara-sıra işdən sonra dostlariyla birlikdə olardı.
– Bu gədə harda qaldı görəsən? Belə gec gəlməyindən bilinir ki, işi çox olub – deyərək Gövhər xala narahatlıqla divardakı saata baxdı. Qızı birdən diksinərək bayaqdan gözünü dikdiyi əlindəki telefonu sanki arxasında gizlədəcəkmiş kimi kənara qoyub cəld dilləndi:
– Yox, ay ana! Saleh bayaq zəng eləmişdi. Dedi ki, işdən çıxıb Bəhruzgilə gedəcəm. Yeməyə məni gözləməyin.
– Deyirəm axı, bu uşaq niyə belə gecikir? Yenə getdi avaralanmağa – deyə Gövhər xala işləməkdən kobudlaşmış əllərini dizlərinə dirəyib kök bədənini ağır hərəkətlə ayağa qaldırdı. Mətbəxə doğru addımlamaq istəyərkən ayaq saxlayıb geri boylandı:
– Sən də az o telefonla oyna. At bir kənara, gəl süfrəni düzəlt! Atan da acdır – deyə qızını tənbeh etdi və dilinin altında: “Səsimi çıxartmasam elə ac-susuz oturarlar” – deyinərək mətbəxə girdi. Bayaqkı sükutu pozan qab-qacaq səslərindən bir neçə dəqiqə sonra hər kəs artıq süfrə arxasında oturmuşdu.
Yeməklərini bitirib bəlkə gələcək deyə, Salehi bir az da gözlədilər.
– Taleh, yedin-içdin, bala? İndi də qalx, get otağına dərslərinlə məşğul ol! – deyə Gövhər xala sonbeşik oğlunu otağına yolladı. Nəhayət, hövsələsi daralan Gövhər xala çətinliklə ayağa qalxaraq qızına dedi:
– Dur, qızım, dur, qabları yu, mətbəxi səliqəyə sal, sonra yat. Bax, səhərə qab saxlama ha.
” Heç özümə oxşamadı da bu qız” – deyə anası deyinərək divanda oturub toxuduğu corabın millərini əlinə aldı.
Sənubər telefonunu cibinə qoyub qulaqcığını qulağına taxaraq ayağa qalxdı. Süfrədəki qabları iç-içə yığıb mətbəxə daşıdı. Süfrə arxasından yenicə qalxaraq yeməkdən təngnəfəs olmuş Əlövsət kişi də televizorun pultunu əlinə götürüb:
– Xəbərlərin vaxtıdır – deyərək bir addımlığında olan kresloya yayxanaraq pultun düyməsini basdı.
Bir neçə saat keçdikdən sonra Gövhər xala ayağa qalxıb mətbəxə keçdi. Sənubəri telefon qulağında söhbət etdiyini və hələ də qabların yuyulmamış stolun üstündə qaldığını görüb:
– Ay qız, sən bayaqdan burda neynirsən? Bu qablar ortalıqda hələ çox qalacaq – deyərək danladı.
– Ay maa, indi yuyacam daa. Rəfiqəm söz soruşurdu – deyib tez əlindəki telefonu kənara qoyaraq qabları yumağa başladı.
Gec olduğundan artıq hamını yuxu basırdı. Səhər işə gedəcəkdi deyə hər kəs əsnəyərək öz otağına dağılışdılar. Mətbəxdə isə qabların səsi gəlirdi.
* * *
Gecədən xeyli keçmiş çöl qapısı yavaşca açıldı. Saleh səs eləməməyə çalışaraq ehtiyatla ayagını içəri atdı. Sakitcə əynini soyunub, ayaqqabılarını çıxartdı. Tələsik özünü mətbəxə salmağından ac olduğu aydın idi. Qaranlıqda əlini divara sürtüb mətbəxin işığını yandırmağa çalışdı. Kuçədəki yol kənarı fənərlərin işığı mətbəxi azca işıqlandırırdı deyə yandırmağa ehtiyac duymadı. Əllərini yuyub qazana əlini uzatdı. Hələ də isti idi. Sevindi: “Eləcə çörəyini doğra ye” – deyə sevinərək öz-özünə pıçıldadı. Demək isitməyə vaxt getməyəcəkdi. Bir qaşıq götürüb yeməyin dadına baxdı. Dilinin altında deyindi: “Elə bil bir balaca şit çıxıb”. Çox ac olduğundan qazanı qabağına çəkdi. İçinə bir az duz töküb, çörək doğradı. Bəh-bəhlə yeməyə başladı. Çörək doğramağına baxmayaraq hərdən bir az qırıb yeməyin kənarlarındakı yağa batıraraq ləzzətlə yedi. “Hmm… Bu başqa məsələ. Bir az dada gəldi.” – deyib yeməyə davam etdi. Yemək deyəsən çox bişmişdi. İçindəki tikəsindən məlum idi. Tikəni axıra saxlamaq bir növ adəti idi. Özü də axıra qaldığından çıntır tikə saxlamışdılar. Əlini tikəyə atdı. Elə bu vaxt yataq otağının qapısının səsi gəldi. Kimsə ya qazanın taqqıltısının səsinə durmuşdu, ya da ayaqyoluna tələsirdi. Dəhlizdə ayaq səsləri eşidildi. O “çıntırın” bir tərəfini dişləri ilə o biri tərəfini əli ilə tutub dartdı. Elə dartdığı anda tikənin cırıldamağı ilə mətbəxin qapısının açılırkən cırıltısı üst-üstə düşdü. Bacısı qapını aralayıb yarıyuxulu halda gözünü qıyaraq azca işıq düşən alaqaranlıq mətbəxə göz gəzdirdi. Qardaşını görüncə:
– Niyə belə gec gəlmisən? Bu nə vaxtın gəlməyidir? – deyə soruşdu.
Saleh əsəbi halda bacısına tərəf döndü:
– Sən hələ de görüm bu yeməyi kim bişirib? Nə duzu var, nə dadı. Axşamdan səhərə qədər öküz kimi işləyirəm. Qazandığım bu evə gedir. Bişirdiyiniz yeməyə bax. Mənə saxladığınız da bu çıntır – deyib əlindəki “çıntırı” helikopterin pərləri kimi havada fırlatdı və soruşdu: – Bu əti kim alıb? Bunun bir tərəfindən tutub dartsan dəhlizin o başına kimi uzanar.”
Bacısı bir onun əlində tutduğuna, bir də qabağındakı qazana baxıb özünü itirdi:
– Bu ki… – nə isə demək istəyirdi ki, iş-işdən keçib deyə qorxudan səsini çıxartmadı. Elə bu an anasının ona dəfələrlə dediyi sözlər yadına düşdü: “Bu gün, sabah birinin evinə gəlin gedəcəksən, elə bilirsən ki, heç qazan yumayacaqsan? Yoxsa qabları yuyub, qazana su töküb saxlayacaqsan ki, yenə gəlim mən yuyum? Yu, öyrən də.”
Elə bu dəm Salehin səsi onu fikirdən ayıltdı:
– Sualıma niyə cavab vermirsən? Bu nə tikədir saxlamısız?
– O? – deyə Sənubər həyəcanlı halda soyuducuya yaxınlaşıb balaca qazançanı çıxartdı – Sənin yeməyin budur.
– Başa düşmədim. Bəs bu nədir? – deyib əlindəkini bir daha havada yellədi.
– O… O əlindəki? “Kalqotkadır”. Onunla qab-qacağı yumaq daha rahatdır. Neyniyime…süngər xarab olmuşdu. Mən də atdım – bacısı danışdıqca Salehin gözləri hədəqəsindən çıxırdı. Bir əlində tutduğu neylon coraba, bir də qarşısındakı qazanın içinə baxıb öyüdü və sifətini turşudaraq dedi:
– Dayan, dayan. Belə çıxır ki, mən bayaqdan yediyim yaxantıdır? Vəziyyətin gərginləşdiyini görən Sənubər:
– Bilirsən, məncə sən evə vaxtında gəlsən yaxşıdır – deyib günahkar kimi boynunu bükərək divara qısıldı.