1915291_748109358667106_2463672035380493579_n

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Bizdə çox qəribə bir yanaşma var. “Bu qəzetin redaktoru filankəsdi, onu tərifləyək”, “bu almanaxı filankəslər çıxarır, gərək pul verib alam”, “bu jurnalın naşiri filan müəllimdi, tənqid etmək olmaz”. Bu yanaşma məndə də var, danmıram. Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin “Odərlər”ini sevdiyim məkan olan kitabevim.az-ın xətrinə oxudum. “Odərlər” mənim üçün o qədər gözəl və qiymətli əsər oldu ki, onun xətrinə “Arvadsız kişi”ni də oxudum. Bunlardan sonra oturub kitab evinin Gəncə filialının açılışını səbirsizliklə gözlədim. Fevralın 27-də “Ustad” dərgisinin ilk sayının təqdimatına özümü Bakıya çatdırdım. “Ustad”ın ilk sayı məndə çox fərqli təəssürat yaratdı. Ədəbiyyatın sevdalısı Gülnar Səma ilə günlər boyu dərgini müzakirə etməkdən və öyünməkdən yorulmadıq. Təbii, ümid etməkdən də…
“Ustad”ın 3-cü sayında Tural Turanın bir şeirindən yaranan təəssüratlarım da çap olundu. Texniki qüsur ilə. Öncə təəssüflənsəm də, sonra bu qəribəlik məni cəzb elədi. Nə də olsa, şəkil mənim idi. Dərgini anam Gəncədəki kitab evindən 15% güzəştlə almışdı. Sevindirici idi. Doğrudur, səbirsizliklə açılışını gözlədiyim məkanın oxuculara qapı açdığı gün mən dəvət olunmamışdım, yenə də oranı görmək, kitablarını doyunca qoxulamaq istəyindəydim. Bir gün yolumu ordan saldım. Büdcəyə uyğunluğu mütənasiblikdə saxlamaq naminə “Qoy-götür” şöbəsinə üz tutdum. Satıcı oğlan şərtləri sadalayanda əlim-qolum yanıma düşdü. Demə, mən onların anbarında olmayan bir kitab gətirib hədiyyə etməliyəm ki, sonra ordan kitab götürə bilim. Axı, mən hardan bilim ki, o anbarda nə var, nə yox?! Ayrıca, “kitab anbarı” ifadəsi də məndə mistik təəssürat yaratdı. Təsəvvür edin, kitab oxuyanlar, kitab evinə üz tutanlar, adətən, çox həssas və reallığın düzxətli kəsişməsindən qaçıb hiperbola formasında həyata dönən insanlardır. Bu insanlardan biri əlinə Əzizə Cəfərzadənin “Bakı-1501” kitabını alıb yüyürək kitab evinin qapısından içəri təpilir. Nəinki insanlara, ordakı kitablara belə laqeydcəsinə baxan boz sifətli, tünd baxışlı oğlan qayıdır ki:
-Bundan anbarda var. Get, ayrısını gətir.
Gözucu boybaboy düzülən kitablara baxıb əlindəki kitabın xətrinə dəyməsin deyə sinənə sıxaraq eşiyə çıxırsan. Əzilən həvəsini təsəlli etməyə söz qalmır. Və qırılan ümidlərin sənə bir daha bura gəlməməyi diqtə edir. Bu da olur oxucunun qıt zamanında oxucu toplamaq.
Amma, kitaba laqeyd yanaşan insanlar unudur ki, kitabla dost olanlar bu dostluğu nəyinsə xətrinə başlamamışlar. Hansısa boz və soyuq sözlərə, şərtlərə görə də kitabdan küsmək olmaz.
Kitab evinin Gəncədə açılışı möhtəşəm hadisədi. Bütün bu narazılığım o demək deyil ki, mən o məkana yadam. Əksinə, o doğma məkanda bu nüansları görmək istəmirəm. Düzdür, qərbin sevgi ənənəsində belə bir psixologiya mövcuddur ki, sevdiyini bütün qüsurları ilə sev. Ancaq, mənim damarlarımda şərqli qanı axır. Mən sevgi anlamının yanına mükəmməllik də yazmağı sevirəm.
Kitab evinin bir özəlliyi isə, doğrudan da, heyrətamiz və təqdirəlayiqdir. Bu, hədiyyə kartları kompaniyasıdır. İnanın, mən o hədiyyə kartlarından birini öz ad günümdə elə almaq istərdim ki…
Elə kitab evində də “Ustad” dərgisini almaq mümkündür. Mən almasam da vərəqləməyə vaxt ayıra bildim. İlk sayında məni cəzb edən yazılar sırasında Şəmil Sadiqin “Türk hökmdarlarının sözü və qılıncı”, Nizami Cəfərovun “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, Alxan Bayramoğlunun “Dövlət himnimizin söz və mətninin müəllifi kimdir”, Elxan Nəcəfovun “Sufilikdən bir az” yazıları oldu. Çox maraqlıydı. İkinci sayı sadəcə vərəqləmək imkanım olduğundan tam oxuya bilmədim. Müşfiq Xanın “Nədən və necə yazmalı?” yazısına nəzər saldım. Elə xoşuma gəldi ki, hekayələrimin birində bu məqama toxundum. Üçüncü sayı büsbütün oxudum, müəyyən narazılıqlarım olsa da, Dino Buzatti Traversonun “Tanrı görmüş köpək” hekayəsini ən az on adama danışmışam artıq. Rövşən Danyerinin tərcüməsində çox maraqlı alınmışdı. Lakin, “Memuar janrı və Seyran Səxavətin “Qaçaqaç” romanı” haqda müzakirə məndə alayarımçıq təəssürat oyatdı. Əvvəla, oxucu memuar janrı haqda haçalanmış fikirlərlə qarşı-qarşıya qoyulur. İkincisi, Seyran Səxavətin romanının ümumi nədən bəhs etdiyi qaranlıq qalır. Öncə roman haqda kiçik bir yazı verilib sonra müzakirə başlasaydı, tam təəssürat yarana bilərdi. Təklif edərdim ki, bundan sonrakı müzakirələrdə oxucu amili nəzər alınsın. Axı, dərgi cəmiyyətin müxtəlif xarakterli, fərqli dünyagörüşlü insanlarının oxuması üçün nəzərdə tutulub, təkcə “Qaçaqaç” romanından xəbəri olanlar üçün deyil.
Bu gün də kitab evinə getmək fikrindəyəm. Səliqəli şəkildə bölmələrə ayrılmış rəflərdə qarışıq yığılmış kitabları görərək təəssüf hissi keçirəcəyimi bilsəm də, harda kitab varsa ora mənə doğmadır.Hələ kitab evi… Gəncənin ən möhtəşəm kitab məkanı. Hərçənd, gəncəliləri kitaba cəlb etmək üçün heç bir sevindirici və ilhamlandırıcı şərtləri olmasa da…

Şəfa Vəli (Gəncə)