abdullamuellim

Bu nece sevgidir,bu nece sevgi?
Sənsiz günlerim də qəlib kimidir.
Həsrətin biçilib əynimə, sanki
Köksümdə ürəyim qərib kimidir.

Getdin-tənhalığı bəxş edib mənə,
Getdin şübhələrin axarında sən.
Söylə, nə görürsən-bir yol desənə
Getdiyin yolların axırında sən?

Sənə “Getmə!”-dedim,sənə “Qal!”-dedim,
Yalnız bircə dəfə çatılar ocaq.
“Nəyinə gərəkdir qalmaqal?”-dedim,
Nə sən bir uşaqsan,nə mən oyuncaq.

Bəxtimə düşmüsən qara xal kimi,
Ömrümə düşsən də mənə düşmədin.
Qalıb xatirimdə xoş xəyal kimi,
Yaxşı ki,mən düşən günə düşmədin!

Getdin, həsrətini üstümə salıb,
Didib parçalayır həsrətin məni.
Dərdi yorğan edib üstümə salsam,
Yenə də üşüdər qismətim məni.

Sənsiz günlərimin üzü qaradır,
İstisi sozalıb ,ayazı qalıb.
Bu payız köçümün üzü qaradır,
Alnıma yazılan son yazı qalıb.

Dönüb göz dağına getdiyin bu yol,
Bu gün də özümə gələ bilmirəm.
Özünü ömrümdən silsəm də bir yol,
Adını qəlbimdən silə bilmirəm…

Bu necə sevgidir, bu necə sevgi?
Sənsiz günlərim də qəlib kimidir.
Həsrətin biçilib əynimə, sanki
Köksümdə ürəyim qərib kimidir.

Azərbaycan. Quba.