abdullamuellim

“DİDƏRGİN ŞƏRQİSİ, QAÇQIN HARAYI” SİLSİLƏSİNDƏN.
İstedadlı şair, əziz müəllimim Hafiz Rəhimə ithaf edirəm.

Gecə həmdəm olub qəhərə qədər,
Əlini çəkmir heç qəm boğazımdan.
Dərdi sirkələdim səhərə qədər,
Yapışıb zülmətin daş yaxasından.

Bu dərd əliyalın, ayağı yalın,
Əridir sevinci talan qəıbləri.
Boz üzlü dünyanın gönümü qalın?!
Sükutu dağlayır yanan qəlbləri.

Qapı cırıldayır, diksinir sükut,
Qurd-quşa yem olan doğma ocaqda.
Göydə doluxsunub sızlayır bulud,
Torpaq da çat verir kimsəsiz bağda.

Hörüb pərdəsini tordan hörümçək,
Ayla müzgüləyir, günlə isinir.
Payızda sevinci sovuran külək
Yazda dağ çayının selində dinir…

Yol çəkən gözlərin yaşartısından,
Solğun yanaqlara süzülür ürək.
Sübhün buludlanan işartısında
Küləyin səsindən üzülür ürək.

Qocaya cavana baxmır bir an da,
Vədəsiz qırışır alında həsrət.
Ümidin Vətənsiz öldüyü andan,
Bilsən- necə gönü qalındı həsrət?!

Didərgin başlarda ağarır dən-dən,
Vətənsiz özümü göynədən içim.
Bu gecə yuxumda ağladım, Vətən,
Dərdini ağladım, hey için- için.

Bu dərd Kəlbəcərdir, bu dərd Laçındır,
Bu dərd Qubadlıdır, Şuşadır… bu dərd.
Tanrı dərgahına əllərin açan
Didərgin dilində duadır bu dərd!

Bu dərd əliyalın, ayağı yalın,
Əridir sevinci talan qəıbləri.
Boz üzlü dünyanın gönümü qalın?!
Sükutu dağlayır yanan qəlbləri!

Azerbaycan. Quba.
08.06.2015