Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Dağ çiçəkləri” ədəbi dərməyi, İsmayıllı yazarları, Ağsu yazarları ictimai ədəbi birlikləri və “İti qələm” Respublika ədəbi birliyinin üzvü.
Çağdaş dövr Azərbaycan Ədəbiyyatının sütunu – Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeirinə ithaf.
İzin ver, öyrədim özümə səni
Sən qəlbinin qapısını bağlama,
İzin ver öyrədim özümə səni.
Sonrasını burax mənim ağlıma,
Öyrədəcəm dərdə, dözümə səni.
İzin ver, öyrədim özümə səni.
Sənin dərdlərinin ayaqları var,
Mənim də ruhumun qonaqları var.
Ayıra bilməzlər, nə haqları var?
Tutmamış oduma, közümə səni,
İzin ver, öyrədim özümə səni.
Şair Namiq Dəlidağlının “Heç nəyi qalmadı getdi!” misrasına istinadən…
Getdi
Geri dön deməzlər özü gedənə,
O mənim həmdəmim olmadı getdi.
Gələndə bir dünya vermişdi mənə,
Apardı, heç nəyi qalmadı, getdi.
Düşünməzdim illər onu soyudar,
Özgə laylasına rahat uyudar.
Dedim məni yada salıb qayıdar,
O isə yadına salmadı, getdi.
Yaman incimişəm lal baxışından,
Mürgülü, yuxulu, kal baxışından.
Ögey, aciz, soyuqhal baxışından,
İncimiş könlümü almadı, getdi.
Pünhan sevgim
Onu ruhun kimi sev, ona özün kimi bax,
Onu qoru nəzərdən, ona gözün kimi bax,
Yalan dolu dünyada ona düzün kimi bax,
O təmiz hisslərimdir, eşqim, məhəbbətimdir,
Yalanlara bir inad mənim həqiqətimdir.
O ruhunun qonağı, qəlbinin müsafiri,
Yalnız imanı sevər, gözdən salar kafiri.
Batinindən nur alar, göz oxşayar zahiri,
O mənim fəlsəfəmdir,varımdır, dövlətimdir,
Yalndan pay almayan, pünhan məhəbbətimdir.