Azərbaycan Respublikası Dövlət neft Şirkəti (SOCAR) özünün ən böyük investisiya layihələrini məhz Azərbaycanada həyata keçirir. Neft və qaz hasilatı sahəsində “Şahdəniz-2” kimi nəhəng layıhələrlə yanaşı, SOCAR-ın həm də neft və qaz emalı sənayesində keçirdiyi böyük layihələr uğurla icra olunur. Bu layihələrin məqsədi Azərixrac potensialını və gəlirlərini artırmaqla yanaşı, yeni iş yerləri yaratmaq, kimya sənayesinin rəmzi olan Sumqayıt şəhərinin və bütövlükdə ölkəmizin iqtisadi inkişafına yeni təkan verməkdir. SOCAR-ın Sumqayıtda həyata keçirdiyi perspektivli layihələrin icrası ilə tanışlıq məqsədilə sentyabrın 14-də respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri “Azərikimya” İstehsalat Birliyində olmuşlar.
İlkin olaraq mətbuat nümayəndələrinin Sumqayıtın Tarixi Muzeyinə ekskursiyası təşkil edilmişdir. Burada qonaqlara Sumqayıtın uzaq və yaxın tarixi ilə bağlı geniş məlumat verilmiş, şəhərində bu gün həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açılmışdir. Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında bu gün də uğurla davam etdirilir. Dövlət başçımızın Sumqayıta davamlı olaraq səfər etməsi və bu səfərlərin çox mühüm əhəmiyyət daşıyan təməlqoymalar və açılış mərasimləri ilə müşayiət olunması, Sumqayıtda yeni, dünya standartlarına uyğun istehsal sahələrinin yaradılması, texnologiya və kimya sənaye parklarının inşa olunması, şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni və unikal dənizkənarı bulvarın inşası, yeni Heydər Əliyev Mərkəzinin, Musiqi və Şahmat məktəblərinin tikintisi, insanların sosial rifah halının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, şəhərin ekologiyasının saflaş-dırılması və s. son dövrlərdə həyata keçirilən ən mühüm tədbirlərdəndir.
Sonra mətbuat nümayəndələri yüksək peşəkarlığa və texniki biliyə malik kadrların hazırlanması, onların peşə və ixtisas¬larını təkmilləşdirməsi məqsədilə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən 2012-ci ildə Sumqayıtda yaradılmış müasir tipli Təlim-Tədris Mərkəzində yeni dərs ilinin açılış mərasimində iştirak etmişlər. Şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni canlı şəkildə ifa olunduqdan sonra, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və pedaqoji kollektivi təbrik etmiş, qəbul zamanı yüksək bal toplayan şagirdlərə vəsiqələr təqdim olunmuşdur. Sonra isə məktəbin müəllim və şagird kollektivi KİV nümayəndələri ilə birgə TTM-in və Etilen-polietilen zavodunun qarşısındakı meydançada torpaqlarımızın müdafiəsi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət etmiş, abidə önünə qərənfillər düzmüşlər.
Bundan sonra qonaqlaronra “Azərikimya” İB-nin əsas istehsalat müəssisəsi olan Etilen-polietilen zavodu ilə tanış oldular. KİV nümayəndələri zavodun Azot-oksigen kompleksi, Susoyut¬ma qurğusu, Mütləqləşdirilmiş izopropil spirti sahəsi, İstehsalata və keyfiyyətə nəzarət, həmçinin Sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriya, açılış mərasimlərində möhtərəm Prezidentimiz İlham Əliyevin də iştirak etdiyi propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və butan-butilen fraksiyasının hidrogenləşməsi qurğularında olmuş, qonaqlara yeni layihələr, perspektiv planlar haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, SOCAR-ın dəstəyi ilə “Azərikimya” İB-nin 2015-2019-cu illər üçün hədəfi mövcud istehsalatların moderni¬zasiyası, yeni tikiləcək Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatlarının tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsinə və EP-300 istehsalatının effektivliyinin artırılmasıdır. KİV nümayəndələrinə həmçinin SOCAR və UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında da məlumat verilmişdir. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51 faizlik, UNİPER isə 49 faizlik pay bölgüsünə sahib olacaqdır. Bundan başqa, yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanmışdır. Bildirilmişdir ki, bu yaxınlarda təməlqoyma mərasimi keçirilmiş qurğunun inşası Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.
“SOCAR Polymer” MMC-də KİV nümayəndələrinə məlumat verilmişdir ki, Qeyri-neft sektorunun ən iri layihələrindən biri sayılan, Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə təsis edilən və Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almış “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir.
Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində şirkətin iki qurğusu Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodları inşa olunur. Bu zavodlar ildə 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Hər iki layihənin tikintisi planlaşdırıldığı kimi layihənin icra qrafiki üzrə gedir. Belə ki, Polipropilen zavodunun tikintisi tam sürətlə icra olunur, bütün lazımi avadanlıqlar sifariş edilib. Zavodun istismara verilməsi 2018-ci ilin birinci rübünə, Polietilen zavodunun istismara verilməsi isə həmin ilin üçüncü rübünə planlaşdırılır. Zavodlarda ən qabaqcıl texnologiyalardan istifadə olunacaq. İstehsal olunan polimer məhsullarının təxminən 30%-i daxili bazara çıxarılacaq ki, bu da ölkə bazarında tələbatın tamamilə təmin edilməsi deməkdir. İxrac üçün əsas hədəf bazarları isə Türkiyə, Qərbi Avropa və s. hesab olunur.
Zavodların istismarı dövründə daimi əsaslarla 300 işçi, tikinti-quraşdırma işlərində isə təxminən 1500-2000 işçi çalışacaq. Əsas əmək resursları Azərbaycan vətəndaşlarıdır. Podratçı mühəndislik, satınalma və tikinti üzrə ixtisaslaşmış şirkət kimi zavodun tam istismara verilməsi üzrə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Lisenziyalar və texnologiyaya dair patentlərin sahibi kimi tanınan Lyondell Basell və Ineos şirkətləri Polipropilen və Polietilen zavodlarının texnologiyası üzrə lisenziyarlardır. Beləliklə, şirkətin məhsulları ən yüksək standartlara cavab verəcək. Şirkətin istehsal etdiyi polietilen yüksəktəzyiqli su, qaz, kanalizasiya və su borularının istehsalı üçün istifadə edilə bilər. Eyni zamanda polipropilen və polietilen ekoloji cəhətdən ən yüksək standartalara cavab verir və ərzaq məhsulları üçün qablaşdırmaların istehsalında, eləcə də tibbi sənayedə geniş istifadə oluna bilər.
Polipropilen və Yüksəksıxlığı Polietilen zavodlarının tikintisi tamamlandıqdan sonra, Sumqayıt Kimya Sənaye Parkında ərzaq və qeyri-ərzaq məhsulları üçün elastik qablaş-dırmanın, etiket və yapışqan lentinin istehsalı üçün istifadə edilən BYPP lentinin (biaksial yönümlü polipropilen lent) istehsalı zavodunun tikintisinə başlanması planlaşdırılır. Bu, yüksəkkeyfiyyətli elastik qablaşdırma üçün istifadə edilən ən məşhur materialdır.
Layihənin əsas məqsədi neft emalının səmt qazlarından gəlir əldə etməsidir. Bunun üçün şirkət “Azərikimya” İB-dən alınan propilen, etilen və hidrogen xammalından istifadə edəcək. Neft Emalı zavodunda neftin emalından alınan səmt qazlarından polimer istehsal ediləcəkdir. Layihənin ikinci məqsədi Azərbaycanda plastik emal edən orta və kiçik müəssisələr üçün xammal bazasının yaradılmasıdır. Bu layihənin icrası Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək, çoxlu sayda yeni iş yerinin açılmasına gətirib çıxaracaq.
Vurğulamaq lazımdır ki, dünyada plastik istehlakı neft istehlakından daha sürətlə artır. Belə ki, neft məhsullarının və polimerlərin istehlakı yüksəlir. Statistikaya nəzər salsaq görərik ki, son 25 ildə maye karbohidrogenlərin istehlakı 40-45%, dövr ərzində polimer istehlakı isə 200% artıb. Təhlil aparsaq deyə bilərik ki, son illərdə polimer istehlakındakı dinamika, dünya ÜDM-nin artımını sabit şəkildə üstələməkdə davam edir. Maye karbohidrogenlərin istehlakının artımı polimerlərin istehlakından minimum 2-2,5 dəfə aşağıdır. Bu tendensiya gələcəkdə də davam edəcək. Beləliklə, şirkət neft-qaz xammalı ilə artımı az olan seqmentdən sürətlə genişlənən seqmentə keçir.
“SOCAR Polymer” Azərbaycanda əldə oluna biləcək bütün potensial neft-kimya xammalını ölkə üçün gəlir mənbəyinə çevirməyə çalışacaq. Bu, neft sənayesinin inkişafda olan bir sahəsidir və eyni zamanda orta və kiçik sahibkarlığın inkişafı üçün də bünövrədir.
KİV nümayəndələri Karbamid (Azot gübrəsi) zavodunda da olmuşlar. Zavodun direktoru Xəyal Cəfərov məlumat verərək qeyd etmişdir ki, Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Layihə üzrə Mühəndislik, Satınalma və Tikinti, yəni MST podratçısı 2011-ci ilin avqust ayında elan olunmuş beynəlxalq açıq tender vasitəsilə seçilmişdir. Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində Samsung Engineering Co, Ltd. şirkəti MST podratçısı seçilmiş və 13 mart 2013-cü il tarixində MST müqaviləsi imzalanmışdır. Daha sonra, 2013-cü ilin avqust ayında SOCAR ammonyak və karbamid istehsalı üzrə iki beynəlxalq nüfuzlu texnologiya şirkətləri – Haldor Topsoe (Danimarka) and Stamicarbon B.V (Hollandiya) ilə lisenziya müqavilələri bağlamışdır. MST müqaviləsi üzrə müəyyən ilkin şərtlər yerinə yetirildikdən sonra, MST podratçısı 2014-cü ilin fevralında rəsmi olaraq Layihəni həyata keçirməyə başlamışdır.
Layihənin effektiv həyata keçirilməsi və idarə edilməsi məqsədilə Neste Jacobs Oy (Finlandiya) şirkəti beynəlxalq açıq tender əsasında Layihənin idarə edilməsi üzrə məsləhətçi seçilmişdir. SOCAR və Neste Jacobs Oy şirkəti arasında layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətlərinin göstərilməsi haqqında müqavilə 11 may 2015-ci il tarixində Helsinkidə imzalanmışdır.
Zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması və zavodun 2018-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Zavod gündəlik 1200 metrik ton Ammonyak və 2000 metrik ton karbamid istehsal edəcəkdir. SOCAR tərəfindən bu layihənin icra edilməsi dövlət iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcəkdir. Bununla yanaşı, zavodda istehsal edilən azot gübrələri (illik təxminən 650-660 min ton) daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır. Hal-hazırda Türkiyə karbamidin ixracı üçün əsas bazar kimi nəzərdə tutulur. Aşağı xammal qiymətləri və hədəf bazarlarına yaxınlıq nəzərə alınaraq, zavodun digər regional azot gübrələri istehsalçılarına münasibətdə rəqabət üstünlüyünə malik olması gözlənilir.
Görülən işlərlə bağlı qeyd etmək lazımdır ki, ümumilikdə layihənin təxminən 81%-i icra edilmişdir. Əsaslı layihələndirmə və satınalma işləri demək olar ki, tamamlanmışdır və tikinti işlərinin təxminən 40%-i həyata keçirilmişdir. Zavod kompleksi üçün hazırlanması uzun müddət tələb edən əsas avadanlıqların 96%-i artıq Azərbaycan Respublikasına gətirilmiş və mərhələli şəkildə zavod ərazisinə daşınmaqdadır. Karbamid zavodunun tikintisində istifadə edilən avadanlıq və materiallar Asiya, Avropa və Amerikanın müxtəlif beynəlxalq nüfuzlu şirkətlərindən satın alınmışdır.
Tikinti işlərinin ən pik dövründə layihənin həyata keçirilməsinə təxminən 2500-3000 nəfər işçi qüvvəsinin cəlb edilməsi və zavodun istismarı dövründə təxminən 300-350 nəfərin daimi iş yerləri ilə təmin edilməsi gözlənilir.
Beləliklə, SOCAR ölkəmizin emal sənayesi sahəsində istehsal və ixrac potensialını artırmaq, habelə azərbaycanda yeni iş yerləri yaratmaq məqsədilə Sumqayıtda nəhəng və perspektivli layihələr həyata keçirməkdədir. Hasilat və nəql sahəsində həyata keçirilən “Şahdəniz-2” kimi meqa layıhələrlə yanaşı, “SOCAR Polymer” , SOCAR karbamid və s. layihələr məhz azərbaycan xalqı üçün yaxın illərdə yeni iş yerləri yaratmaqla, milyardlarla əlavə gəlir gətirəcək.

Rafiq Oday,
Respublikanın Əməkdar jurnalisti