cenabrafiqoday

1986-cı ildə – 30 il bundan öncə, sovetlər dönəmində yazılmış bir hekayə. Amma…

Qasım eşidəndə ki, “uçastkovı” Qulam onu axtarır, dalağı sancdı. Fikrinə gəldi ki, yəqin axşam “stuk” Zakirin çayxanasında çıxartdıqları hoqqanı kimsə ona çatdırıb. Odur ki, imkan daxilində onun gözünə görünməməyə çalışırdı. Ancaq Qulam da Qulam idi. Aradan heç bir saat keçməmişdi ki, kəsdirdi Qasımın başının üstünü.
-Ayə, Qasım! Uçastkovı Qulamın səsi Qasımın qulaqlarında bomba kimi partladı. Qasım sapsarı saraldı. Bir müddət nə edəcəyini bilmədi. Handan-hana:
-Eşidirəm, nəçənnik – deyə bildi.
-Ə, bir bəri dur görüm, ə.
Qasım özünü o yerə qoymamağa çalışdı:
-Canım saa fəda olsun, ağa nəçənnik, mən sənin qulluğunda hazır!
-Dilə basma, ə! Axşam o nə oyundu elə çıxarmısınız? Qumar oynamağınıza göz yummağımın “sağ olu”dur, hələ, bir-birinizi didişdirirsiniz də. O, Qəcərdi, nə zibildi, hərənizin belinə 15-cə gün basaram, canınız da gedər, əlinizdə olan 5-3 qəpik pulunuz da.
-Qadan alım, nəçənnik, bir işdi olub. Keç günahımızdan. Qoydular ki, əlimizdə bir qara qəpik qalsın. Bizi boş cibimizə bağışla, nəçənnik.
Bu ara uçastkovı Qulamın axşamdan bəri beynində gəzdirdiyi fikirlərin üstünə elə bil gün doğdu. Bu tapıntısından özü də çox razı qaldı və Qasıma amiranə bir səslə: – Otur maşına! – dedi.
Qasımın rəngi avazıdı, nəsə demək istədi. Ancaq Qulamın keçib sükan arxasında əyləşdiyini görüb, dinmədi. Sakitcə keçib maşında oturdu.
Uçastkovı Qulam Qasımı qonşu kənddəki “Xəlvətxana” deyilən yeməkxanaya gətirdi. “Xəlvətxana”da onları çox canfəşanlıqla qarşıladılar.
“Qulam müəllim, buyurun”, “Qulam müəllim, xoş gəlmisiniz” deyə-deyə onları xəlvətxananın xəlvət guşələrindən birinə keçirdilər.
Xörəkpaylayan uçastkovı Qulamın üzünə baxdı, Qulam da bu baxışa bir göz vurmaqla cavab verdi. Xörəkpaylayan “bu saat” deyib getdi. Az bir vaxt ərzində kababdan, turşudan, göy-göyərtidən tutmuş arağa qədər hər şey hazır oldu. Uçastkovu Qulam dedi ki, day bizi narahat eləməyin, bir şey lazım olsa özümüz çağırarıq…
…Söhbət əsnasında uçastkovı Qulam bildirdi ki, pul 19 mindir. Özü də dünən kolxozun kassirindən alınıb. İlin yekunlarına görə baldızlarına çatan tər-təmiz zəhməthaqqıdır. Belə fürsət hələm-hələm ələ düşən deyil. Təxminən üç saatlıq bir müddətdə əməliyyat hərtərəfli götür-qoy ediləndən sonra uçastkovı Qulam Qasımı gətirib kənddən 500 metr kənarda düşürdü və bərk-bərk tapşırdı ki, ehtiyatı əldən versə və ağzından bircə kəlmə qaçırsa, onda əlli-ayaqlı yox eyləyəcək onu.
Qasım da: – Ayıb sözdür ki, nəçənnik, – deyib yol aldı kəndə sarı…

***
…Kəndə hay düşdü ki, Murtuz kişi ağacla vurub kürəkəni Qasımın başını yarıb. Hadisədən yarım saat sonra təcili yardım maşını gəldi. Maşından həkim və tibb bacısı düşdü. Bu vaxt uçastkovı Qulam da öz “Jiquli”sində toz qopara-qopara özünü yetirdi.
Uçastkovı Qulamı görənlər hadisə yerindən sürüşüb çıxmaq istədilər. Ancaq Qulam kəsdirdi başlarının üstünü və tərpənməyə qoymadı. Tez papkasını açdı. İçindən bir vərəq çıxartdı. Başda yazdı: “Hadisənin şahidi olanlar”. Altdan da 1…2…3… qoydu və kim ki, orada idi, ad və familyalarını yazdı, qabağında da özlərinə qol çəkdirdi. Axırda da bildirdi ki, izahatı sabah gəlib alacağam. Zərərçəkəni, bir də Murtuz kişini götürüb üz tutdular rayon mərkəzinə.
Qasımı xəstəxanaya təhvil verəndə uçastkovı Qulam həkimi bir kənara çəkib nəsə dedi. Həkim də “arxayın ol” deyib getdi işinin dalınca.
Murtuz kişini səhərə qədər milis idarəsində saxladılar. Dönə-sönə danışdırdılar, yazılı izahat aldılar. Səhər buraxanda isə xatırlatdılar ki, bu işin nəticəsi çox pis ola bilər ha…
Milis idarəsində qaldığı bir gecə Murtuz kişiyə bir əsr kimi göründü. “Allah düşmənin də işini bura salmasın” ürəyində fikirləşirdi. Sonra da kürəkəni Qasımın yeddi arxa dönənini söydü. Qızını da qatdı kürəkəninə. “O səni döymüşdü, məni də söymüşdü, yaxşı, bəs sən sarsaq niyə onu gəlib hələ maa deyirdin. Qaxılıb qalaydın xarabanda da. Bilmirdinmi ki, mənim o piyaniska köpəyoğlundan anadangəlmə zəhləm gedir?!”
…Bu minvalla düz iki həftə Murtuz kişi milisə ayaq döydü, Zübeydə arvad isə xəstəxanaya.
İş yekunlaşıb prokurorluğa təqdim olunandan sonra Murtuz kişi azından 5 il türməni aldı gözünün qabağına. Murtuzun qızlarının arasına vay düşdü. Yaxşı suçu olduğunu nəzərə alıb kolxoz sədri xahişə getdi. Əlavə kəndin 5-10 ağsaqqalı da Murtuz kişinin xahişinə getdilər. Dedilər qohumdular, elə eləyin araya düşmənçilik düşməsin.
Sonra bir gün də uçastkovı Qulam şər qarışanda Murtuz kişigilə gəldi. Gecədən xeyli keçmiş çıxıb getdi. Ondan da üç gün sonra məhkəmədə Murtuz kişi ilə kürəkəni Qasımı barışdırdılar və Murtuz kişini 300 manat cərimə elədilər…

***

…Qonşu kənddəki “xəlvətxana”da uçastkovı Qulamı həmişəki canfəşanlıqla qarşıladılar. Yenə qısa bir müddətdə hər şey stolun üstündə hazır oldu. Yeməyə girişdilər. 100-150 qramdan sonra uçastkovı Qulam Qasımın üzünə baxdı. Qasım da uçastkovı Qulamın. Gülümsədilər.
-Maşallah yaran sağalıb ha, – uçastkovı Qulam dedi.
Qasım “hmm” elədi, – Zalım oğlu yaman kəmfürsət adammış, – dedi.
Uçastkovı Qulam əl atıb qoltuq cibindən kağıza bükülü bir şey çıxarıb Qasımın qabağına atdı. Barmağını cütləyib: – İkidir, – dedi.
Qasım: – Doqquzdan iki? – sualla cavab verdi.
Ucastkovı Qulam: – Elə ancaq da, – dedi, dörd ora, – baş barmağı ilə yuxarı işarə elədi. – İki bu, iki yarım mənə, yarım da həkimə, elədi doqquz. Necədi?!
Qasım dinmədi. Sakitcə bağlamanı götürüb qoltuq cibinə qoydu…

***

…Ucastkovı Qulam Qasımı kənddən 500 metr aralıda düşürüb geri qayıtdı.