cenabrafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Şair-pedaqoq Ələsgər Həsənlinin 70 illik yubileyinə dost sözü

1
Bu il qələm dostumuz Ələsgər Həsənlinin 70 yaşı tamam olur. Əgər yubiley tədbiri keçirəsi olsa, dost sözü demək, həmkarımızı yubileyi münasibətiylə təbrik etmək bizə də nəsib olar yəqin ki. Bununla belə o vaxta qədər bir yazı yazmaq, Ələsgər Həsənlini həm bir vətəndaş kimi, həm də bir qələm əhli kimi xarakterizə edərək fikirlərimi oxucularla bölüşmək qərarına gəldim…
Ələsgər Həsənli qərinələrdən bəri ağrısı sinəmizdə qövr eləyən, həsrəti qəlbimizi yandırıb-yaxan, tüstüsü təpəmizdən çıxan, vətənimiz Azərbaycanın əzəli və əbədi bir parçası olan, bu gün isə yağı oylağına çevrilmiş Zəngəzur mahalında dünyaya göz açıb. Şairin ədəbi yaradıcılığı ilə tanış olduqca bütün varlığınla hiss edirsən ki, Ə.Həsənlinin poeziyası bu həsrət və ayrılıqlardan yoğrulub. Bəlkə bu dəyərli insanın, vətənin bu ziyalı öğlunun şair olmasının kökündə də bu həsrət, bu nisgil, bu ağrı-acı dayanır.
Şairin Araz həsrəti, Təbriz nisgilinə:

Bu qapqara torpağın,
İki para torpağın,
Qanı qara torpağın,
Gülü olmağım gəlir.
Qınama məni vətən,
Keçəmmirəm sərhəddən,
Bu kədərdən, bu dərddən,
Dəli olmağım gəlir.

Sonradan Göyçə, Zəngəzur ağrısı qoşulur:

Həsrət qaldıq, aman dostlar, yaylağına Zəngəzurun,
Yalınçıqlar sahib çıxdı oylağına Zəngəzurun.
Daha sonra isə Qarabağ dərdi və digər rayonlarımızın namərdcəsinə işğalı dərd üstündən yeni dərd gətirir, duyan ürəkləri, vuran qəlbləri mancanaq kimi çaynağına alaraq, sıxıb şəhdi-şirəsini çıxarmağa başlayır.

Gölləndi küçələr nahaqq qan ilə,
Qırıldı dönməzi, mərdi vətənin…
… Dözmədi infarkta gör neçə ürək,
Dözülməz dərd imiş, dərdi vətənin.

2
Ələsgər Həsənli orta məktəbi bitirəndən sonra – 1964-cü ildən taleyini Sumqayıt şəhəri ilə bağlayıb. Elə ilk şeiri də bu ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Sumqayıtda bir sıra idarə və müəssisələrdə çalışıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetində təhsil alaraq, kimya ixtisasıma yiyələnib. On ildən artıq, o dövr üçün iqtisadiyyatın ən ağır sahələrindən sayılan, kimya sənayesində çalışıb. 1986-cı ildən etibarən isə təhsil sisteminə keçib və 30 ildən artıq bir müddət ərzində Sumqayıt şəhərinin bir sıra təhsil müəssisələrində kimya fənnini tədris etməklə övladlarımızın gələcəyin layiqli vətəndaşları kimi böyümələri üçün əlindən gələni əsirgəməyib. Müəllimlik peşəsini ən ali, ən məsuliyyətli və ən şərəfli peşələrdən biri kimi qəbul edib:

Əsrin ağrı-acısını duyandı,
Tutar nəbzin ötüb keçən hər anın.
Nə sərvətə, nə şöhrətə uyandı,
Saflığıdı, paklığıdı zamanın.

Şair-pedaqoq bütün şüurlu həyatı və fəaliyyəti boyu qəlbində vətən sevgisi, haqq işığı gəzdirib, bu sevgini şagirdlərinə sevə-sevə aşılayıb, bu işığı onların incə qəlblərinə yorulmadan, usanmadan köçürüb:

Ululardan bizə qalan,
Əmanətdi Azərbaycan.
Dönüb Məkkə-Mədinəyə,
Ziyarətdi Azərbaycan.
Və yaxud:
Vicdanımı mən satmaram,
Harda haqq var orda varam.

Şair insanları minnətlə yaşamaqdan, ona-buna boyun əyməkdən, kiməsə yük olmaqdan uzaqda durmağa çağırır:

Minnətlə yaşamaq ömür-gün deyil,
Qoltuq axtarana ögeyəm, yadam.
Əyilsən bu yurda, vətənə əyil,
Adam yük götürər, yük olmaz adam.

3
Böyük vətən sevgisinin mayasında, qayəsində doğulub boya-başa çatdığı, tozlu-torpaqlı küçələri ilə ayaqyalın, başıaçıq qaçdığı balaca, amma ona dünya boyda görünən doğma kəndlərinə olan sevginin dayandığını bütün varlığı ilə duyan şair hələ 1972-ci ildə “Kəndim” şeirində yazırdı:

Aç qoynunu tala-tala gəzim mən,
Sal daşların dönüb olsun qoy masam.
Duz-çörəyin inan gələr gözümdən, –
Varlığını candan əziz tutmasam.

Vüqardan köykək geyinən, əzəmət libasına bürünən şair ona-buna əyilməyi, yad qoltuğuna sığınmağı alçaqlıq, şərəfsizlik sayır. Ən böyük ucalığı vətənə, vətənin hər qarış torpağına, bir çopur daşına baş əyməkdə görür:

Baş əyməklə nə qazandıq de, yaddan?
Dön qılınca, en yağının başına.
Ona-buna əyilmə sən, a nadan,
Əy başını torpağına, daşına.

Şair nadanları, nakəsləri haqqa dəvət edir, cəmiyyətə üz tutaraq əsl kişiləri – vətəni canı qədər, qanı qədər sevənləri qorumağa, onlara arxa, dayaq durmağa səsləyir.

Xain ürəklərdən, dumanlı başdan,
Qurulan hiylədən, atılan daşdan.
Tənəli sözlərdən, soyuq baxışdan,
Qoruyun, qoruyun kişiləri siz.

4
70 illik ömrünün 50 ildən artığını şeirə, sənətə, poeziyaya həsr edən Ələsgər Həsənlinin bu illər ərzində respublikanın sayılıb-seçilən və ədəbiyyata yer ayıran, demək olar ki, bütün qəzetlərində, jurnallarında şeirləri dərc olunub. Bir sıra almanaxlarda təmsil olunub, neçə-neçə şeir kitabı işıq üzü görüb. İnsafən desək, Azərbaycan oxucuları, xüsusən də sumqayıtlı şeirsevərlər Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1964-cü ildən başlayaraq Sumqayıt ədəbi mühitində fəallığı ilə seçilən Ələsgər Həsənlinin imzasını yaxşı tanıyırlar və onun işıq üzü görən hər kitabını rəğbətlə qarşılayırlar. Bu da Ələsgər Həsənlinin özünə və sözünə dəyər verməsindən, hər misranın üstündə əsməsindən irəli gəlir. Onun şeirlərində nəinsə xatirinə yazılmış misralar, bəndlər yoxdur. Şeirlərini oxuduqca hiss edirsən ki, şair poeziyamızın, ədəbiyyatımızın təəssübünü çəkən, onun saflığını qoruyan kişilərdəndir. Bununla belə şair heç vaxt özünü gözə soxmağı, mən də varam deyərək hayqırmağı özünə rəva bilməyib və bu addımı atmağı şeyx Nizaminin, qərib Füzulinin, haqq aşiqi Nəsiminin ruhuna hörmətsizlik sayıb:

850 ildir
O dahi yaşamaqda,
Şeirimizin yükünü
Çiynində daşımaqda.

5
Ələsgər Həsənlinin poeziyası ilə tanış olandan sonra aydınca hiss edirsən ki, onun poeziyasında sevgi anlayışı ali məqama yüksələrək müqəddəslik statusu qazanır. Bu, vətənə, torpağa münasibətdə də, onu əhatə edən insanlara münasibətində belədir və sözün müstəqil mənasındakı sevgidə də özünü bariz şəkildə göstərir.
Şairin fikrincə bütün sevgilər pak, saf və təmənnasız olmalıdır. Heç bir halda bu sevgilərin heç birinin müqəddəsliyinə xələl gətirmək olmaz. Çünki bu sevgilərin hər hansı birinə saxtakarlıq qarışmış olarsa, o sevgi öz funksiyasını dəyişər və müqəddəsliyini itirər.

Əvəzsiz zinətdir, saflıq təmizlik,
Sevgidə olmaya xəyanət gərək.
Xoşbəxtlik gətirmir qolbağı, üzük,
Sevgi olan yerdə dəyanət gərək.

6
Yuxarıda qeyd etdiyim kimi şair dostumuz Ələsgər Həsənlinin 70 yaşı tamam olur. Bu 70 ildən boylanıb ötənlərə baxanda yaşadığı ömürdə mövcud rənglərin bütün çalarlarını görmək olar. Günlərin ağı da olub, qarası da, ürəyinin qapısını sevinc də döyüb, kədər də qəlbində səltənət qurub. Vətənin ağrısını, acısını, həsrətini, nisgilini, yanğısını ürəyində daşımaqdan bir də görüb ki, ürəyi əldən gedib. Həkimlərin min bir zəhməti və özünün yaşamaq, yaratmaq eşqi bahasına yenidən həyata tutunub.
Ələsgər Həsənli yaşadığı ömrü kişi kimi yaşıyıb, təmannasız yaşıyıb, minnətsiz yaşıyıb, kimlərəsə boyun əymədən yaşıyıb, halal zhmətini gözünə, könlünə və yoluna çıraq eyləyib. Həmişə də bu işıqda yol getdiyindən heç vaxt yolunu azmayıb. Dosta vəfalı olub, sevdiyinə sadiq olub. Vətənin başına pərvanə kimi dolanıb. Kindən, hikkədən, paxıllıqdan, özünəvurğunluqdan uzaq olub. Bu da həmişə onun başını uca, alnını açıq edib. Bütün bunların nəticəsidir ki, adı çəkiləndə dodaqlara xoş təbəssüm qonur. Hamı ondan məmnunluq hissi ilə danışır. Budur şairin 70 ildə qazandığı və sahib olduğu dəyərlər. Təbii ki, bu da hər bir insana, ələlxüsus da yaradıcı insana nəsib olmayan bir xoşbəxtlikdir.
70 illik yubileyin mübarək – gözəl insan, dəyərli dost, istedadlı şair, laiqli vətəndaş, əsl ziyalı – Ələsgər Həsənli. Allah-taladan sənə sağlam can, problemsiz ömür-gün, yeni-yeni yaradıcılıq uğurları, sevinc və səadət dolu illər arzulayıram.

Dərin hörmətlə,
Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
Respublikanın Əməkdar jurnalisti, şair-publisist