Sizə sanki bir dirijor çubuğu ilə rəngləri dilləndirib oxudan, vətənin keşiyində həm silahla, həm də fırça duran qəribə insan rəssam, baş leytinant Ağayev İntiqam Tofiq oğlu haqqında söz aşmaq istəyirəm.
Mehdi Hüseynzadə rəssam idi, eyni zamanda kəşfiyyatçı. O kəçfiyyatçı idi, eyni zamanda da rəssam. Təsadüf elə gətirdi ki, rəssam İntiqam Ağayevin də həyatı özü də bilmədən Mixaylonun həyatına bənzədi. Sovet İttifaqı dağılan kimi ermənilər Azərbaycana qarşı əsassız ərazi iddiaları qaldırıb Qarabağı ələ keçirmək məqsədi ilə vətənimizə hərbi müdaxilə edəndə o, könüllü olaraq cəbhəyə yollandı.
Müharibə vaxtı İntiqam Asiman adı ilə tanınırdı. Bu onun hərbi çağırışı idi. Bu adı rəssam bu günə qədər özü ilə daşıyır. O, 1992-ci ildən Şuşa, Ağdam, Tər-Tər, Füzuli bölgələrində ön cəbhələrdə döyüşdükdən sonra 1998-ci ildə II-ci qrup əlil kimi ordudan təlxis olunmuşdur.
O vaxt sovet höküməti təzə dağılmış, ölkəmizdə dövlətçilik tam qurulmamış, ordu isə demək olar ki, əsasən könüllülərdən ibarət olaraq yaradılmışdı. Ölkə daxilində siyasi qurumların hakimiyyətə iddiaları, qarşılıqlı mübarizələr və verilən yalnış qərarlar ölkə xaricində düşmən tərəflərin siyasi fikirlərini və verdikləri qərarlarını doğrultmağa şərait yaradırdı. Odlar yurdu od içində idi. Əsgərlərimizin şücaətlə döyüşməsinə baxmayaraq daxili intriqalar nəticəsində torpaqlarımızı itirdik. Bu canlarını vətəninə, xalqına qurban verən döyüşçülərimizin şücaətini və igidliyini şübhə altına ala bilməz.
İntiqam haqqında yazmaq üçün onu hər dəfə görəndə bir kəlmə qoparda bilirdim. Necə deyərlər ağzını bıçaq açmırdı. Yaxın dostu Hicran belə dedi:
– İntiqam çox döyüşkən komandir olub! Döyüşdən adamın ya ölüsünü ya dirisini çıxardardı!
Sonra yavaşca əlavə elədi:
– Ondan müharibə haqqında heç nə soruşma! Qanı qaralacaq, kövrələcək, onsuz da heç nə danışmayacaq.
Mən isə beş zarafatın arasında bir sual verirdim:
– İntiqam, rəssam olduğun halda o ağır zamanlarda səni müharibəyə getməyə nə vadar etdi?
– Vətənə and içmişdim və andımı tutmalı idim. Azərbaycan xalqının azad yaşamağa haqqı var! Onun bu haqqını qorumaq üçün 1992-ci ildə fırçanı silaha dəyişib könüllü olaraq cəbhəyə yola düşdüm. Döyüşlərin birində qonşuluqda olan sol tabora hücum edən ermənilərin fikrini yayındırmaq üçün tanka minib ermənilərə tərəf sürdüm. Onların mövqelərini atəşə tutduqdan sonra qayıtdım. Onlar hərbi qüvvələrimizin yerini müəyyən etdiklərini zənn edib həmən ərazini uzun-uzadı atəşə tutdular və boş ərazini bombalamaqla hədər yerə xeyli hərbi sursat sərf etdilər. Onları belə aldatmaqla yaxşıca məhv etmək olardı. Əgər o zaman ölkədə hərc-mərclik olmasaydı, cəbhə düzgün idarə olunsaydı hər şey bizim xeyrimizə dəyişə bilərdi. Doğrudur, mən rəssamam. Lakin döyüşə hərbiçi kimi gedirdim. Döyüşlər səngiyəndə isə yenə də əlimə qələm kağız götürüb rəssama çevrilirdim.
Bir dəfə Tər-Tərin Qapanlı kəndində idik. Düşmənlərin atdıqları mərmilər nəticəsində torpağın üst qatı açılmışdı. Oradan bir küpə görünürdü. Hündürlüyü adamın sinəsinə qədər olardı. Küpəyə yaxınlaşıb içərisinə baxanda gördük ki, insan sümükləri var. Anladıq ki, bura qədim yaşayış məskənidir və biz də küp qəbiristanlıq üzərində dayanmışıq. Ermənilər atdıqları mərmilər ilə ulu əcdadlarımızın ruhlarını narahat etmişdilər. Digər tərəfdən də vətəndaş təəssüfkeşliyi keçirtdim. Çünki, bu sadəcə torpaq deyil həm də bizim tariximiz idi.

Mülki həyata qayıtdıqdan sonra İntiqam yenədə öz sadiq dostları olan fırça və kətana sarıldı. 2000-ci ildən bir çox sərgilərdə iştirak etdi. Amma artıq onun rəsimlərində çox şey dəyişmişdi. Bu ikinci nəfəs idi. Fikrimcə o nə çəkirsə avtoportretdir. Dənizi çəkəndə belə özü də bilmədən özünü, öz rəsmini çəkir. Bəzən savaşan, bəzən barışan dənizi – özünü! Rəsimlərinə baxanda hiss olunur ki, o yaşadığı ağrını-acını daha gözəl bir şeyə dəyişmək istəyir. Ağrı-acının yerinə gözəllik qoymaq istəyir. Bəzən də müharibədə gördüklərini, ürəyindəkiləri tablolara köçürdür.
Bütün istedadlı adamlar çox təvazökar olurlar. İntiqam mükəmməl forma və rəng duyumuna malikdir. Rəssam komppozisiya həllində sərbəstdir. Rəsimlərdəki insan obrazlarının psixoloji xarakterlərini rənglərin dili ilə yüksək professionallıqla ifadə edir. Emosional təsir qüvvəsi öz bədii formasını tapır və estetik keyfiyyətlər kəsb edir.
Rəssam bəzən özü də bilmədən öz arzularını rəsmlərində təsvir edir. Bəzən də arzularına rəsmərində çatır. Mavi Xəzərin sahillərində çəhrayı Bakı, əlvan rəngli səhər… Bəzən isə həyat sanki üç rəngdən ibarət olur: yaşıl, qırmızı, göy. İnsanlar, evlər, yollar hər şey bu üç rəngin içindən keçib gedir. Bəzən isə kölgədəki çılğın çalarlar çox valehedici olur. Bir çalar digərindən icazə istəmədən cəsarətlə mən elə burada olmalıyam deyir.
Əvvəlcə boş olan kətan sonradan rənglərdən şirə çəkirmiş kimi yetişir, dolğunlaşır, danışır və elə bir hala gəlir ki, orada lazım olan hər bir şey var.
Günəşdən qızmış qumun istisinin rəsmini necə çəkmək olar? İlk baxışda adama elə gəlir ki, əl vursan qum əlini yandıracaq. Rəssamlar haqqında bir neçə məzəli əhvalat bilirəm. Amma beləsini heç eşitməmişəm. Təsəvür edirsiz, rəsimdəki isti quma toxundum əlimi yandırdım. Və yaxud rəsimdə gecə vaxtı dənizə baxarkən soyuqladım.
Qağayılar sanki al günün altında qızmış qumdan canlarını qurtarırmış kimi özlərini sərin Xəzərə vururlar. Bu tablo: “Siz susun, mən danışıram!” – deyir. Bundan başqa bu rəsimdə Xəzər haqqında həzin bir bir nəğmə var. Bu rəsmə baxanda bu nəğməni biz də eşidirik. Çünki sən bu nəğməni rənglərin dili ilə çox gözəl oxuyursan, İntiqam.
– Rəssam öz işindən zövq almasa rəsm çəkə bilməz. Rəssamlıq rəssama öz işindən zövq almaq bacarığını aşılayır, göz yaddaşını möhkəmləndirir. Amma rəsimlərə baxan insanlara isə gözəllikdən zöq almağı və ona dəyər verməyi öyrədir. Nəticədə rəsim insanı daha zərif duyuma malik olan sivil, ali bir varlığa çevirir. Bəşər tarixinə intibah dövrünü qızıl hərflərlə məhz bu sənət yazdı!
– Ən çox müraciət elədiyin mövzu dəniz, müharibə, abşeron mövzusudur. Bu nə ilə əlaqədardır?
– Aşıq gördüyünü çağırar deyiblər. Mənim də gördüyüm bunlardır. Gözümü açandan Xəzəri görmüşəm. Onun günün müxtəlif saatlarında rəngini dəyişməsi uşaqlıqdan mənim diqqətimi çox cəlb eləyib.
–Xəzər sənin üçün nələr danışır?
– Xəzərin bu duzlu, köpüklü suları nələr danışmır ki, “hər şeyin yerinə məni qoy, amma mənim yerimə heç nəyi qoyma, məni qoru, sev” deyir. O aldatmır, hər zaman düzünü danışır. Xəzərin rəsmini çox çəkdikcə sanki onu daha yaxından tannıyıram.
– Tablolara baxarkən oradakı əhval-ruhiyəni insan öz qəlbinin dərinliklərində hiss edir. Bəzi tablolarda ölümün soyuq nəfəsi, bəzilərində açılan sabahların adrealini var. Çox maraqlı və məhsuldar işləyirsən. Elə başa düşürəm ki, qarşıda bizi bir-birindən gözəl sərgilər gözləyir. Elə rəssamlər var ki, onların rəsimlərinə baxanda kətan üzərinə vurulduğuna görə rənglərə hayıfım gəlir. Amma sənin əsərlərinə baxanda kətan üzərinə vurulmayan rənglərə hayıfım gəlir. Kaş ki, sən bundan daha çox rəsim çəksəydin!
– Azərbaycanda çox gözəl rəssamlar var. Mən istərdim ki, azərbaycan rəssamlığı dünya rəssamlıq sənətində özünə layiq olan yeri tutsun. Bütün dünya görsün ki, azərbycan rəssamları nəyə qadirdirlər. Azərbaycan dünyanın ən gözəl, həm də ən qədim guşələrindən biridir. Burada təxminən 1,5 -2 milyon il əvvəl qədim insanlar yaşayıb məskən salmışlar. Onun üçün də çox qədim mədəniyyəti və incəsənəti var. XVl əsrdə azərbaycan rəssamlığı özünün intibah dövrünə gəlib çatmışdı. Təbriz miniatür məktəbinə məxsus Soltan Məhəmməd, Müzəffər Əli, Mir Seyid Əli, Behzad kimi ustad sənətkarlrımız olmuşdur. Azərbaycan miniatür rəssamlıq məktəbi Yaxın Şərq və Orta Asiya rəssamlıq məktəbinin yaranmasında təkanverici rol oynamışdır. Daha sonralar B. Kəngərli, Ə.Əzimzadə, T.Salahov, T.Nəimanbəyov, S. Bəhlulzadə və s. kimi rəssamlarımız azərbaycan rəssamlığı tarixinə öz adlarını yazmışlar. Biz də bu sənətə gələndə onlardan ilham almışıq.
Bir çox rəssamlar mexaniki olaraq öz ustadlarını təkrarlayib təqlidçiliyə yol verirlər. Mən isə belə şeylərdən qaçıram. Necə görürəmsə, necə duyuramsa, bir sözlə ürəyim necə deyirsə elə də çəkirəm.
P.S. Tablolarında xoş xəbərlərin coşqusu duyulur. Bu duyğun çin çıxsın, İntiqam!