OYANDIR RUHUMU
Ayrılıq min ildir qol-qanad gərib,
Qara kölgəsini üstümə sərib,
Orda sən qəribsən, burda mən qərib,
Təbrizim, Dərbəndim, Borçalım, Şuşam.
Dolaş addım-addım ulu vətəni,
Dağıt üzərindən dumanı, çəni,
Tarixi axtaran oxusun məni,
Yurdun özülündə qranit daşam.
Varmı bu dünyada bizə tay, Dədə,
Kimlərə verildi bu yurd pay, Dədə,
Qəzəblən, səsimə hay ver, hay, Dədə,
Qoyma bu yollarda büdrəyəm, çaşam.
İnanmaq, aldanmaq qismətimizmiş,
İllərcə uyuyan qeyrətimizmiş,
Təkcə oyaq qalan həsrətimizmiş,
O da fayda verməz yüz il çalışam.
Vətən gözümüzdə dağ idi, itdi,
Səbr kasamız da tükəndi, bitdi,
Nə fərqi, sən verdin, mən verdim, getdi,
Mən bu itkilərlə çətin barışam.
Oyandır ruhumu tanrım, amandır,
Yatmaq ölümdən də mənə yamandır,
Bu gün gözlədiyim həmin zamandır,
Gərək önümdəki dağları aşam.
BU YOLUN
Elə tutdu gözəlliyi gözümü,
Ürəyimdə hay qoparmış bu yolun.
Sinəsində saxlamadı izimi,
Təməli buz, üzü qarmış bu yolun.
Ümidlrim əl oldular, yaxa mən,
O mənzildən əl götürdüm daha mən,
Qırovlandı saçlarımda duman, çən,
Hər addımı intizarmış bu yolun.
A Müzəffər, arzuların ilk bahar,
Həsrətini ürəyinə yığ, apar…
Düşünürdüm, bir əbədi gediş var,
Nə biləydim sonu varmış bu yolun.