ƏNİ ƏVVƏLKİ TƏK SEVƏ BİLMİRƏM
Yenə ərşə çəkir yuxumu sevgi,
Gecə-gözlərimdə gülümsər üzün.
Dərdi at oynadan didərgin kimi
Sənli xəyalımda gülümsər üzün.
Yuxumu qaçıran sənli fikirlər
Ahıma qoşulub, ərşə çəkilir.
Dincliyi qaçıran sənli fikirlə
Gözlərim sübhədək yola dikilir.
Gündüz yol çəkməkdən bezdirir ,məni
Səni xəyallarda oxşayan gözüm.
Məni məndən alıb-gəzdirir məni
Sırğa tək qulaqda yaşayan sözün.
Səni ağlayıram varağın üstə,
Səni yaşatdığım misralar qədər.
Dərdəm-özüm boyda, ayağım üstə,
Hicranam-içimi göynədir qədər.
Qədər məni qovur,mən də yuxumu,
Qara buludlar tək qaralır qanım.
Tutub silkələyir həsrət yaxamı,
Gözümün kökündə saralır canım.
Yolur saçlarını ürəyimdə qəm,
Həsrətin əlində nəbzim tərs vurur…
Səni əvvəlki tək sevə bilmirəm,
Dərdimə göz yuman gözümün nuru.
Getdiyin yollara yağan yağışlar,
Yağır yaddaşıma yad daşı kimi.
Bir gün geri dönsən dalğın baxışla,
Məni görəcəksən baş daşı kimi.
SƏN MƏNİM YOLUMU GÖZLƏYƏCƏKSƏN!
Hər axşam qoşulub tənha qüssənə.
Qəlbində qəmini közləyəcəksən.
Elə od qoyacaq intizar sənə,
Bu odu hamıdan gizləyəcəksən,
Sən mənim yolumu gözləyəcəksən.
Gündüzlər qəlbində yaşaran ümid.
Gecələr yuxunu ərşə çəkəcək.
Donacaq gözündə yaşaran ümid,
Qəmli baxışın da hey yol çəkəcək,
Sən mənim yolumu gözləyəcəksən.
Gözünün odunu alacaq yollar,
Yenə düyünlənib baxışlarına.
Bu yollar həsrəti gözünə yollar…
Düşərək xatirə yağışlarına,
Sən mənim yolumu gözləyəcəksən.
Mənə qalan olsa-gözün qalacaq-
Sevinci,kədəri yaradan baxış.
Sənin o günlərdə gözün qalacaq,
Gözündən gələcək yar atan baxış,
Sən mənim yolumu gözləyəcəksən.
Nə qədər gec deyil-bir daşın,düşün,
Nə qədər düşməyib işlər düyünə.
Belə at oynatma,atından düşüb
Üz tutub qarşıdan gələn hər günə,
Sən mənim yolumu gözləyəcəksən!
Azərbaycan.Quba.
1985-ci il.