* * *
bu bahar gəlmədi qaranquşlar.
evimin tavanı bomboş qaldı.
yoxsullaşdı şüşələrin üstü.
ağızlarında su daşıyır,
yoğurub hamarlayırdılar torpağı ev tikincə.
səhərin gözü açılmamış
ətcə balaların gözü açılırdı.
dimdiyi ilə aclığını
anasına söyləyirdi yavrular.
günəş beş gün doğunca
qanadlanırdılar.
mənsə seyr edirdim həyatın diriliyini.
deyəsən bu il həyat da ölüb…
yolçuluq edirəm özümü.
Anamın qayğısı
Anamın bir sandıq şokoladı vardı
O vaxtlar yaşım çox az olardı.
Yerini tapmışdım sandığın.
Hər gün bir ovuc şokolad oğurlayardım
uşaq ağlımla…
Əlimi salardım küncdən
Sandığın ağzını qaldırmağa gücüm çatmazdı,
Dadları fərqli idi şokoladların…
Çeşid – çeşid şokolad çıxırdı sandıqdan…
Mən hardan bilim?
bir il ərzində əlli klo şokolad yemişdim.
Səpmişdim…
Anam təlaş içində bu uşağa nə olmuş belə?!
Özünü atmışdı atamın maşının qabağına
Demişdi, nəsə olub balama!
Bir az utanmışdım…
Qurtarmışdım şokoladı sandıqdan
Yamanca səpmişdim qızılca kimi…
Görmək istəmirdim həkimi
Həkim bilirdi çox şirin yemişəm.
Mənsə iki ayağımı bir başmağa dirəmişəm
yeməmişəm.
Evə gələndə anamın ilk işi,
sandığa baxmaq oldu.
Üzümdə qorxu doğuldu…
Atam, ay divimizin siçanı gəl bura dedi.
Mən cəsarətləndim…
Dadı hələ də damağımdadır.
Bu illər boyu çox şokolad yedim, amma
O şokoladın dadını vermədi, heç biri…
Sonra bildim, o dad anamın qayğısı,
atamın əzizləməsi, səhvimdən keçməsi imiş…