Yenə qanadlandı xatirələrim,
Xəyalım dördnalla o kəndə çapdı.
Aybəniz,şirindil,vəfalı pərim,
Nərbənd dibindəki O,gənci tapdı.
Sınayıb nərbəndin iradəsini,
Gövdədə qazmışdıq öz adımızı.
Cahilcə oyaraq nər sinəsini,
Ona tapşırmışdıq pak sevdamızı.
Sevdalı günlərdən titrək xatirə…
-Baxışdan,cilvədən oynardı ağıl.
Kaş xəyal hər zaman ora götürə,
Hər anı,məqamı sehirli nağıl.
Tutardıq əl-ələ,donardı zaman,
Baxışlar deyərdi ürək sözlərin.
Kipriklər ox idi,qaşlarsa kaman,
Keşiyin çəkərdi xumar gözlərin…
Xəyallar kövrəltdi,göynətdi məni,
Gözümdən incilər,dürrlər ələndi.
Üşütdü qəlbimi saçımın dəni,
Ruhum da,canım da qəmə bələndi.
Beləcə keçmişdi saysız görüşlər,
Qoca nərbənd şahid o əhd, ilqara.
Fələyin hökmüylə tərs döndü işlər,
Atıldıq zər kimi gör hardan-hara…
Yenə qanadlandı xatirələrim,
Xəyalım dördnalla o kəndə çapdı.
Aybəniz,şirindil,vəfalı pərim.
Nərbənd dibindəki O,gənci tapdı…