10646868_273655359498567_6620189188081019440_n

Bir donda qalmayır şairin təbi,
Könlündə sevinc də, qəhər də olur.
Təbiət şairi dağlar qoynunda,
Məhəbbət şairi şəhərdə olur.

Dağın dağ yeri var, şəhərin şəhər,
Hər yerin xoş keçən öz dəmi vardır.
Dağlarda nə qədər gözəllik olsa,
Şəhərin bir özgə aləmi vardır.

Şəhərdə olanda çox darıxırsan,
Dağı düşünürsən, düzü anırsan.
Dağlarda dağları vəsf eyləyirsən,
Şəhərdə şəhərə ,,yaltaqlanırsan*”.

…Bütün yorğunluğun çıxır yadından,
Xəstə olsan belə, şəfalanırsan.
Gözəllər dövrəyə aldıqca səni,
Ağlın başdan çıxır havalanırsan.

Hamsı bir-birindən gözəl gözəllər,
Hansını sevəsən, çaşıb qalırsan.
Birisi inciyib, tez küsür səndən.
Elə ki birinin könlün alırsan.

Məhəbbət bir sirli dərin dəryadı,
Sevgisi ən dərin qatından çıxır.
Görəndə can alan şux mələkləri,
Evdəki xanımın ,,yadından çıxır.”

Bütün sevənlərin ürəyi belə,
Mənim ürəyim tək köz-köz olurlar.
Sonra da adama irad tuturlar,
Deyirlər, şairlər şorgöz olurlar.

Nə deyim ? Bilmirlər sevgidən yazmaq,
Şairdə ilhamdı, təbdi, həvəsdi.
Mən belə deyərdim, sevməyənlərə,
Şairlər şorgöz yox, gözəlpərəstdi.

Bir donda qalmayır şairin təbi,
Könlündə sevinc də, qəhər də olur.
Təbiət şairi dağlar qoynunda,
Məhəbbət şairi şəhərdə olur.