e

* * *

Şair çəmən-çəmən uçan kəpənək,
Güldən şirə əmən bal arısıdır.
Kim deyir,sözünün əri ol ərtək,
Şairlər sözünün lal qarısıdır.

Əlində deyil ki, taleyi sözün,
Sən onu yazmırsan,o yazır səni.
Bəzən unudursan,özünü özün,
Özündə olmasan,o tapır səni.

Ünvanın soruşsan,sor haralıqdan,
Sakindir,sükunət deyildir yeri.
Bir də görürsən ki,qanqaralıqdan,
Doğulur dünyanın ən gözəl şeri.

Hikməti bilinmir,hikmətsiz deyil,
Nədir hallandıran qəlbimdə sözü?
Nəticə vardırsa,səbəbsiz deyil,
Elə nəticədir,səbəbin özü.

Bunu dərk edirəm,o mənlik deyil,
O mənim mənimin qışqırtısıdır.
Şairi eşqinin yol yoldaşı bil,
Şeirsə, Allahın pıçıltısıdır

* * *

Sənə sənsizlikdə hey öyrəşirəm,
Adına sözümlə heykəl yonuram .
Özümə dönəndə özgələşirəm,
Özümdən dönəndə özüm oluram.

Kədər hər gün oyur,ruh-ruh vücudu,
Sevgimdən zamana başdaşı yonur.
Həsrətin gözümdə can verir budur,
Sənsizsə ruhumun yaddaşı donur.

Özün düşünənlər bizi nə anlar?
De,daşlar su haqda fikirləşirlər?
Özünə dönəndə özü olanlar,
Özündən dönəndə özgələşirlər.