10646868_273655359498567_6620189188081019440_n

Hər kim ki dərd-qəmə eyləsə vərdiş,
Güləmməz üzünə dövrani-gərdiş.
Bir insanda oyanmasa dirçəliş,
O insanın cəhaləti çətindi.

Ağlın varsa, ləkə yaxma ad-sana,
Qoy gülməsin qohum sənə, yad sənə.
Daldalarda qeybət qıran insana,
Aşkar demək həqiqəti, çətindi.

Sən sözü de, söz içində bişənə,
Məzəmmət kar etməz sözdən şişənə.
Nəsihət anlayıb, başa düşənə,
El tənəsi, el töhməti çətindi.

Namərdi bir anda məhv etmək asan,
Səbr etmək müşküldü, səhv etmək asan.
Düşmən zərbəsini dəf etmək asan,
Dostun dosta xəyanəti çətindi.

Haqq sözümü bəyan edim bir daha,
Tülkülər önündə susub şir daha.
Fitnəkar insanın qadir Allaha,
Saf sevgisi, məhəbbəti çətindi.

Şairsənsə, söz bağından inci dər,
Mənasız söz qəlb ağrıdar, incidər.
Mais Təmkin, yaratmasan incilər,
Yaşatmağın bu sənəti çətindi .