BMT-nin Uşaq Fondunun yaxın zamanda təqdim etdiyi hesabat vəziyyətin ciddiliyini və həllinin nə qədər təcili olduğunu bir daha xatırladır.
Bu gün dünyada çox sayda uşaq təhlükə və çətinliklə üz-üzədir, bu gün dünyada uşaqlar:
– Yaxın Şərqdə davam edən münaqişə və müharibələrdə bombaların hədəfi olurlar.
– Qaçqın düşərgələrində təcavüzə məruz qalırlar, yaxud pul müqabilində fahişəliyə məcbur edilirlər.
– Müharibədən qaçıb Avropa sahillərinə çatmağa çalışarkən dənizdə boğulurlar.
– Cənubi Asiyanın və ya Afrikanın kasıb ölkələrində ərzaqdan, təmiz sudan, səhiyyə və təhsil xidmətlərindən məhrum, səfalət içində yaşayırlar.
– Kiçik yaşda evləndirilir və ya ağır işlərdə qul kimi işləməyə məcbur edilirlər.
– Ailəsi və ya dostları tərəfindən zorakılığa məruz qalırlar.
BMT-nin Uşaq Fondunun yaxın zamanda təqdim etdiyi hesabat vəziyyətin ciddiliyini və həllinin nə qədər təcili olduğunu bir daha xatırladır. UNİCEF-in 70-ci il dönümündə yayımlanan bu hesabata görə bu gün lazımi tədbirlər görülməsə, böyük ehtimalla, 2030-cu ilə qədər 5 yaşdan balaca 69 milyon uşaq öləcək, 167 milyon uşaq yoxsulluq içində yaşayacaq, məktəb yaşındakı 60 milyon uşaq isə məktəbə getməyəcək.
Möhtac vəziyyətdəki uşaqlara yardım məsələsi gündəmə gəldikdə, adətən, ilk olaraq maliyyə problemi dilə gətirilir. Halbuki lazımi maddi dəstək inkişaf etmiş qərb ölkələri və zəngin islam dövlətləri tərəfindən asanlıqla təmin edilə bilər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin silahlanmaya ayırdıqları payın çox cüzi hissəsi belə bu problemi həll etməyə artıqlaması ilə kifayət edir. ABŞ-ın müdafiə xərclərinin yalnız mində beşi ilə belə aclıq sərhədindəki 66 milyon uşağın qidalanma problemi həll edilə bilər. Yaxud zəngin ölkələrin yalnız 6 günlük hərbi xərci ilə dünyadakı bütün kasıb uşaqlar məktəbə gedə bilər. Başqa sözlə, problemi həll edəcək maliyyə mənbəyini tapmaq heç də çətin məsələ deyil.
Əsl problem dünyanı bürüyən bərabərsizlikdə, ədalətsizlik, eqoizm və sevgisizlikdədir, din əxlaqının yaşanmamasındadır. Milyonlarla uşağın çəkdiyi əzab-əziyyətin əsl səbəbi budur.
Yardıma möhtac uşaqların sosial, iqtisadi və texnoloji dəstəklə birlikdə, mənəvi dəstəyə də ehtiyacı var. Məsələnin bu tərəfi, adətən, ehmal edilir. Onları sevgi ilə qucaqlamaq, şəfqətlə, fədakarlıqla qorumaq lazımdır. Sağlam inkişafları baxımından, şəxsiyyət kimi formalaşmaları üçün onlara dəyər vermək və hörmət etmək, ağlı başında, danışılacaq, fikir mübadiləsi aparılacaq insanlar olduqlarını onlara hiss etdirmək, onlara sevgini öyrətmək vacibdir.
Uşaqların xoşbəxt, rahat, firavan və sağlam olmadığı bir dünyada sülh, sabitlik də olmayacaq. Onların həyatı təhlükə altındadırsa, deməli, cəmiyyətin və dünyanın gələcəyi də təhlükə altındadır. Bu gün xilas edilə biləcəkləri halda, hələ də hər dəqiqə, dünyada məsum uşaqlar həyatını itirir. Gələcəyin təminatı olan uşaqların yaxşılığı, xoşbəxtliyi, sevinci hər kəsi düşündürməlidir. “İtkin nəsillərin” yetişməsinin qarşısını almaq üçün hər kəs bütün gücü ilə cəhd etməlidir.
Sevinc Haqverdizadə