Peşəsini müəllimlərinin timsalında sevən İlhamə Güləliyeva artıq 30 ildir ki, ibtidai sinif müəllimi işləyir. Bu şərəfli, eyni zamanda məsuliyyətli peşənin yollarında İlhamə Güləliyevanın hər zaman bir amalı, bir məqsədi olub: yalnız təhsilli deyil, kamil, bacarıqlı, sözün həqiqi mənasında vətənpərvər şəxsiyyətlərin formalaşdırılmasının təməlini əsaslı şəkildə qoymaq. Hazırda İlhamə Güləliyeva Sumqayıt şəhər 14 saylı tam orta məktəbin 1а sinfinin rəhbəridir. İllər bir-birini əvəz etdikcə, hər dəfə məktəbə titrək addımlarını atan körpə fidanlara baxdıqda qəlbində min arzu, dilək qatarlanır İlhamə müəllimənin. Qayğıkeş, mehriban ana kimi onlara böyük ümidlər bəsləyən ilk müəllim həyatının qayəsini vətənə şərəflə xidmət etməkdə görür. Böyük əminliklə demək olar ki, İlhamə müəllimənin çəkdiyi zəhmət və gərgin əmək ona hər zaman uğur bəxş edib. Bu gün respublikamızın ali təhsil ocaqlarında təhsillərini davam etdirən, müxtəlif idarə və müəssisələrdə çalışan bir çox gənclər var ki, onların ilk müəllimi İlhamə Güləliyeva olub.
Adətən ibtidai sinif müəllimləri birinci sinif şagirdlərini bir-birindən fərqləndirməsələr də, sinifdə dərsi mənimsəməsi, xüsusi qabiliyyəti, çalışqanlığı, nizam-intizamı, məntiqi, hazırcavablığı, məsuliyyətliliyi, sürətli oxumaq və yazmaq qabiliyyəti ilə fərqlənən şagirdlər olur. Cəmilə, Həsən, Firudin, Nihad, Orxan, İbrahim, Aylin, Ömər, Qumru, Fatimə, Lalə, Nazlı, Xədicə, Rza, Nuranə, Cəfər, Məryəm, Əli, Mailə, Sabir, Zəhra belə şagirdlərdəndir. Digər şagirdlər Sevinc, Aysu, Tuncay, Amil, Əli, Kənan sinfin çalışqan şagirdləridir. Şagirdlərinin naliyyətlərinə, uğurlarına sevinən müəllimə bu gün də eyni həvəslə, məhəbbətlə, məsuliyyətlə işləyir. İlhamə Güləliyevanın fəal təlimin üstünlükləri barədə maraqlı fikirləri bir daha təsdiq etdi ki, müəllim onu öyrənən şagirdi öyrənməyə formalaşdırmağı, onu müstəqil həyata hazırlamağı bacararır:
“Müasir dərsin aparıcı prinsiplərindən biri şagirdyönümlülükdür. Bu, ibtidai sinif müəllimlərinin qarşısında daha böyük vəzifilər qoyur. Bilirik ki, məktəbə kövrək addımlarını atan şagird, müəllim-şagird və şagirdlərarası münasibətləri məhz ilk müəllimindən öyrənməyə başlayır. Hazırda bütün ibtidai sinif müəllimləri kimi mən də fəal təlim metodlarından istifadə edirəm. Fəal təlim müəllim-şagird ünsiyyəti üçün geniş imkanlar yaratmaqla yanaşı, münasibətlərin formalaşmasına böyük zəmin yaradır. Şagirdərin arasında elə bir münasibət yaranır ki, bu münasibətlər getdikcə humanistləşərək onların gələcək həyatında daha möhkəm münasibətə çevrilir. Beləliklə, səmərəli bir təlim mühiti yaranması nəticəsində təhsilin keyfiyyətinin bünövrəsi daha əsaslı şəkildə qoyulur.
İbtidai sinifdə kiçikyaşlı uşaqların əqli inkişafının bünövrəsi qoylduğundan biz müəllimlərdən dözümlülük göstərərərk ilk növbədə şagirdlərə şəxsiyyət kimi yanaşmaq tələb olunur ki, bu yanaşma onların hərtərəfli inkişafına nail olmağın ilkin şərtlərindəndir. Müəllim müasir dərsə verilən əsas tələblərdən biri olan fənndaxili və fənnlərarası inteqrasiyanı düzgün şəkildə qurmalıdır. Fənnlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla bir fənnə aid anlayışların və metodların digər bir fənnin öyrənilməsində istıfadəsini nəzərdə tutur. Inteqrasiya zamanı şagirdlərin bədii təfəkkürü daha da inkişaf edir, belə ki, şagirdlərin, eyni zamanda müəllimlərin pedaqoji imkanları, yaradıcılıq qabiliyyətləri akara çıxır, tədqiqatçılıq meylləri artmaqla dərsi daha maraqlı və məzmunlu qurmağa zəmin yaranır. Təcrübələr də təsdiq edir ki, interaktiv təlim metodları üçün şagird fəallığı, müəllim-şagird əməkdaşlığı, didaktik oyunların təşkili, məktəbli masalarının düzülüşünün qeyri-ənənəvi yerləşdirilməsi, müasir texniki avadanlıqlardan istifadə olunması səciyyəvidir. Belə ki, dərsdə müasir texniki vasitələrin köməyi ilə mövzular, oyunlar şəklində proqramlaşdırılmalı və dərsin tədrisi şagirdlərin ixtiyarına verilməlidir. Müasir həyatın üstünlüklərini əks etdirən bu metodun cəmiyyət üçün hərtərəfli, bilikli, nizamli, vətənpərvər vətəndaşlar yetişdirdiyinə böyük ümüdlərimiz və inamimiz var.”
Bu inamın işığında biz də öz növbəmizdə İlhamə müəlliməyə, onun bütün şagirdlərinə, həyat yoldaşı Zeyni Güləliyevlə birgə tərbiyə etdiyi övladları – İlahə Güləliyeveya, Səkinə Güləliyeveya, nəvələri – Sumqayıt şəhər Humanitar və təbiət-riyaziyyat təmayüllü «Istedad» liseyinin 1-ci sinif şagirdi Təzəgülə, Hüseynə can sağlığı, aydın səhərlər, yeni naliyyətlər arzulayırıq!

Nisə QƏDİROVA,
Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Qızıl Qələm” Media Mükafatı laureatı,
“Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru