“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Kənddə Xıdır İlyas gününə möhtəşəm hazırlıqlar gedirdi. Qonşular seçilmiş buğdaları xəlbirləmək üçün bir-birini çəpərin üstündən haraylayırdılar. Usta İbrahim Allahın rəhmətinə gedəndən təkadamlıq xəlbirlər qıt olmuşdu. Usta özündən sonra dünyanın bu üzündə tez qırılan hacatı düzəldə biləcək bir şəyird qoymamışdı. Odur ki, kəndlilər məcburən Namaz kişinin ixtira etdiyi iri, ikiadamlıq xəlbirlərə möhtac qalmışdı. Xəlbirlənən buğdalar qovrulur, bez parçadan hazırlanmış süfrələrin üstündə soyudulur, ovuc-ovuc kirkirənin boğazından tökülmək üçün hazır vəziyyətə gətirilirdi. Qovrulmuş buğda-qovurğa kirkirənin boğazından keçərək üyüdülür, qovut olurdu.
Xıdır İlyas gününün özəlliyi qovut idi. Bu qovut bütün evlərdə bişirilirdi. Xıdır İlyas günündə axşamdan bir qab qovut dama qoyulurdu. İnanca görə, həmin gecə Xıdır İlyas damları gəzər, o qovutlardan dadardı. Bu isə növbəti məhsul ilinin daha da bolluqla keçməsinə onun verdiyi xeyir-dua olardı.
Bu il kənddə kirkirə də qəhətə çıxmışdı. Biri yuxarı məhəllədə Nizam arvadgildəydi. Hər ilin bu vaxtlarında Nizam arvadın eyni açılardı, o, babasının ona cehizlik hazırladığı kirkirəni toxunma xurcundan çıxarar, silər, təmizləyər, əzizləyə-əzizləyə qapıya gələnlərə amanat edərdi:
-Bax, ha, qadan ürəyimə, çalış sındırma. Kirkirə daşı köyrək olur, bircə yerindən oyxalansa, küsər, ovula-ovula gedər.
İkinci kirkirəni Səməd ötən yay düzəltmişdi. Hələ bu hacatı heç kim siftə eləməmişdi. Hamı güman edirdi ki, hacatın siftəsini Səməd özü edər. Amma, yaşı otuza çatsa da evlənmək fikrində olmayan Səməd tək yaşayırdı. Qonum-qonşunun dediyinə görə, o, bu il heç buğda xəlbirləməmişdi. Kənddə hamının növbəsini gözlədiyi vaxtda yalnız Bəxtiyar özündə Səməddən kirkirə istəmək cəsarətini tapdı. Bir gün axşamçağı Səmədin sevinərək, qürurlanaraq keçəyə bükdüyü təzə kirkirəsini Bəxtiyara verməsi hamının öz evində qovurğasını barmaqlarıyla qarışdırmağına səbəb oldu. Sonrakı gün növbə ona çata bilərdi-deyə hər kəs hazırlıqlı idi.
Səhər-səhər kəndə düşən hay qovurğaların bez süfrələrdə daha bərk-bərk bükülməsiylə həmahəng qapı və bacalardan içəri girirdi. Bəxtiyar axşam Səmədin kirkirəsini evə aparıb kiçik çadırın üstündə qurmuşdu. Boğazlıqdan tökülən ilk ovucdanca qovurğalar üyünmüşdü. Lakin, kirkirənin ətrafına qovutla birlikdə qan da axmağa başlamışdı. Qanlı qovut evin adamlarını heyrətə salmış, bütün gecəni yatmamışdılar. Obaşdan kirkirəni götürüb bulaq üstünə aparmışdılar. Tər-təmiz yuyulan kirkirəni evə gətirib işə başlayınca həmin hadisə təkrarlanmışdı. Kirkirənin hər fırlanışında çadırın üstünə qovutqarışıq qan axırdı. Kirkirənin bu qanlı hekayətindən sonra heç kimin Nizam arvadgilin doqqazında nöbətə durmaqdan başqa çarəsi qalmamışdı.
Səməd isə boynunu bükərək kənd camaatından qaçırdı. Bu qanlı qovut əhvalatında özünü nədə günahlandıracağını bilmirdi. Sadəcə, kənddəki qoca arvadların onu dilə-dişə salmaqları artıq onun da bacasından içəri təpilmişdi. Danışırdılar ki, guya Səməd lənətlənib. Hələ on yaşındaykən ata-anası köç yolunda arabanın altında qalıb ölmüşdü. Baxacaq kimsə olmadığından kənd camaatı onu aralıqda böyütmüşdü. Gündüzlər aralıqda dolansa da axşamları öz evlərinə dönən uşağın bəzən səhərədək pəncərəsindən süzülən lampa işığı keçməzdi. Hələ o vaxtdan uşaqlar onun gecələr divlərlə oynadığını uydurmuşdular. Lakin, zamanla Səməd kəndin ən sayılıb-seçilən oğullarından olmuş, ağacdan qaşıqlar, balta sapı, bel sapı, həvəngdəstə hazırlayıb kənd camaatının işinə yaradığına görə uşaqların uydurduğu “divlərin oyun yoldaşı” kimi söyləmələr unudulmuşdu.
Kirkinənin qanlı əhvalatının ardınca artıq hamı o vaxtkı deyilənləri sözbəsöz xatırlayır, bir-birinə baxaraq Səmədin evini işarə edib başlarını bulayırdılar. Yaxınlaşan Xıdır İlyas gününə gedən qızğın hazırlıq da cavan oğlanı kənd camaatının yadından çıxartmır, söhbətdən kənarlaşdırmırdı.
Bir gün səhər alaqaranlığında kimsə Səmədin kirkirə çiynində kənddən çıxdığını, üzü dağ yoluna tərəf getdiyini görmüşdü. Kəndə çaxnaşma düşmüşdü. Hər nə olursa-olsun, dillərində söyləmələr böyüyüb dağdan böyük olsa da, bu kənddə hamının ürəyi saf, duyğuları bu gün-sabah qapıya dayanacaq bahar kimi zərif idi. Heç kim Səmədin bu kənddən getməyini, özü də küsüb getməyini istəməzdi. Məsələni kənd ağsaqqalları müzakirə etməyə çalışırdılar. Lakin, “müzakirə” anlayışı hələ bu kəndə gəlib çatmamışdı. Hərə öz fikrini qışqıra-qışqıra deyir, qarşısındakı insanın nə düşündüyünü eşitməyə hövsələsi çatmırmış kimi əsəbiliklə əl-qolunu ölçürdü. Nəhayət, yenə Nizam arvad öz təmkini, “ağır oturub, batman gəlişi” ilə məsələyə müdaxilə elədi. O, bir ucu qurğuşunlu koğasını dizinə dayaq eləyib üzünü dağ yoluna tutdu. Birinci daşlığa çatmamış artıq kənd camaatı Muncuqlu gölünün qarışıq düşmüş muncuqları kimi onun arxasınca yol başlamışdı.
Kəndlilər Səmədi çox uzaqda tapdılar. Oğlan el arasında “Qanlı daş” deyilən daşın böyründəcə kirkirəsi qarşısında oturub məhzun-məhzun bayatı çağırırdı. Adamları gördükdə ayağa qalxıb köynəyinin biləyilə gözünü silməyə cəhd elədi. Nizam arvad yaşı bilinməyən, əsrlərdir yağışlarda yuyunmuş, qardan kürk geyinmiş, yayın qızmarında dəmirçi kürəsi kimi istidən köyrümüş boz daşların birinin üstündə oturub nəfəsini dərdi. Səsinə bir az mərhəmət, bir az da danlaq qatdı:
-Bala, adamın ürəyini üzməzlər. Səhərin alatoranından burda nə işin var, a qadasın aldığım? Bəs sən bilmirsən ki, rəhmətliklərin bu kəndə amanatısan? Bizi onların yanına üzüqaramı göndərmək istəyirsən? Deməzlərmi ki, ay camaat, amanata xəyanət edibsiniz?
Səməd günahkar duruşu ilə adamların ürəyini çoxdan yumşaltmışdı. İndi hamı onun nə söyləyəcəyini eşitmək üçün bir-birini irəli itəliyirdi. Səməd gözünü qanlı kirkirəyə zilləyib sözə başladı:
-Hər dəfə bu tərəflərə gələndə atam mənə “Qanlı daş” əfsanəsini danışardı. Buraları o qədər həzinliklə sevirəm ki… Atam o əhvalatı danışdıqca özümü bu daşın qarşısında suçlu sanırdım. Bu “Qanlı daş”ın hekayəsinin də söylənti olduğunu güman edirdim. Gerçək imiş…
Kənd camaatı bir-birini daha səbirsizliklə itələyir, Səmədin sözlərini kəlmə-kəlmə yaddaşlarında heykələ çevirməyə çalışırdılar. Səməd danışırdı:
-Sarısu da cavan bir ovçu yaşayırmış. Oxundan bir hədəf yayına bilməzmiş. Onun ovçuluq məharətindən cavanlar da, qocalar da ağız dolusu danışarmış. Cavan ovçu qonşu qızı Gülpərinin eşqinə alışır. Necə deyərlər, sinəsi işvəsindən, qəmzəsindən qara daşları əridən gözəllər gözəli Gülpərinin nişangahına çevrilir. Gündüzlər meşələri dolaşan aşiqin gecələr gözlərinə yuxu getmir. Gülpəri əvəzinə ulduzlarla danışır. Ovçu ata-baba adətilə qıza elçi göndərir. Qızın təkidilə atası oğlanı çətin sınaqdan çıxarmağı qərara alır: “Meşədə maralı nənəm də vurar. Kəpəz dağında-Maralgölün qırağında, daşlar arasında məskən salan bir maral var. Əgər onu vurub gətirsə, qızı ona verərəm. ” Cavan ovçu ox-yayını götürüb daşlı-qayalı yerə gedir. Deyilən maralı görüb izinə düşür. Ox atır, amma marala dəymir. Yenə ox atır, yenə maral salamat qalır. Hər dəfə bir qaya sipərə çevrilib maralı qoruyur. Oxlar qayaya dəyir, marala dəymir. Gecə-gündüz maralla ovçu arasında çətin mübarizə gedir. Ancaq ovçu yavaş-yavaş maralı sıxışdırır, ağzını qayalıqdan daşlığa salır. Qayalar kiçilir, sipərlər xırdalanır, maral üçün gizlənmək çətinləşir. Əlacı kəsilən, qayalardan uzaq düşən maral daşlara sığınır. Daşlar da fədakarlığını göstərir, sədaqətini sübuta yetirir. Kiçik sinəsini böyük maralın önünə verir, mahir ovçunun oxuna hədəf edir. Nəhayət, ovçu maralı haldan salır. Maral amansız oxdan yayınmaq üçün getdikcə balacalaşan daşların arxasında çox çətinliklə gizlənir. İşi asanlaşan ovçu maralı yaman yerdə yaxalayır. Bu dağların, meşələrin yaraşığını qoruyan daş maralın özündən qat-qat kiçik olur. Marala sipər olmağa, dayaq olmağa imkanı çatmır. Elə bu dəm ovçu arzusuna çatmaq üçün yayı çəkir. Ox beş addımlıqdakı marala dəyir. Ancaq onun əvəzinə daş inləyir. Son nəfəsdə maralı qoruya bilməyən daşın köksündən al-qırmızı qan axır. Oğlan “Qanlı daş”a baxıb ovçuluqdan da, belə sevdadan da əl çəkir… Mən kirkirəni bu daşdan hazırlamışdım. Bu daşın lənətli olmadığına, elin işinə yarayacağına özümü inandırmaq istəyirdim… Amma, daş məni də yendi. O, hələ də maralın yasını saxlayır.
Səməd susdu. Kəndlilər “Qanlı daş”dan, bir də onun böyründə almaz quzu axura sığınmış kimi duran kirkirədən heyrət dolu baxışlarını ayıra bilmirdilər. Minilliklərin açılmamış sirri onların anlayacağı dildə deyildi…