Allah qorxusu möminin imanını, şövqünü, Allaha olan sevgisini cuşa gətirir. İnsanı Allahın razı olmadığı əməllərdən çəkindirir, nəfsinin pisliklərindən uzaqlaşdırır və onu davamlı olaraq yaxşılığa yönəldir. Bu qorxu insanı Allahın əzabından uzaqlaşdırır və Onun rizasına, cənnətinə yaxınlaşdırır. Allahın hədlərini qorumaq və rizasını axtarmaq üçün mömininin şüurunu açıq tutur. Bu qorxu nəhayət mömini Qiyamət gününün və cəhənnəmin əbədi qorxu və dəhşətindən xilas edəcək. Allahın təhdid və əzabından qorxan möminlər Onun əmr və hökmlərinə ciddi yanaşdıqları üçün Allahın bəyəndiyi üstün əxlaqa sahib olurlar. Təvazökarlıq, fədakarlıq, Allahın yaratmasındakı üstünlükləri təqdir edə bilmək kimi ideal xüsusiyyətlər qazanırlar. Allah qorxusu möminləri ruhən zənginləşdirir və onları cənnətə layiq həssaslığa çatdırır. Allah qorxusu əbədi mükafat və xoşbəxtliyin açarıdır. Allah sonsuz qüdrət, elm və ağıla sahibdir, istədiyini dilədiyi kimi edər. Allah sorğu-sual edilməz. Lakin O, insanları hesaba çəkəcək. Rəbbimizin heç kimə ehtiyacı yoxdur, amma bütün varlıqlar Ona möhtacdır. Hər kəsi və hər şeyi yoxdan var edən və hər an varlıqda tutan Allahdır. Hər kəsin və hər şeyin sahibi Odur. Diləyərsə, hər kəsi yox edib yerinə başqalarını yarada bilər. Heç bir şeyi unutmaz. Allah bir şeyi dilədikdə ona: “Ol”, -deyər və o da olar. Ona heç bir şeyin gücü çatmaz. Bütün bu sonsuz üstünlüklərin sahibi olan Allaha qarşı nəinki üsyankar davranmağa, Onu bir anlıq unutmaqla vaxt keçirməyə belə şüurlu insan cəsarət etməz. Allahı Quranda təsvir edildiyi kimi tanıyan və Onun qüdrətini gərəyi kimi təqdir edən insan Allahdan hörmətlə çəkinər və əzəmətindən qorxuya düşər. Mömin Allahın böyüklüyünü bildiyi kimi, Onun intiqam alan, qəhr edən, əzab verən, zillətə düşürən isimlərini də bilir. Allahın rizasına uyğun gəlməyən hərəkətin qarşılıqsız qalmayacağından xəbərdardır. Allahın hər an hər şeydən xəbərdar olduğunu, hər şeyi ehtiva etdiyini, özünə şah damarından yaxın olduğunu bilərək davranar. Odur ki, Allah möminin bu gözəl davranışına qarşılıq olaraq onu dünyada və axirətdə əbədiyyən rəhməti və cənnəti ilə mükafatlandırır: Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir. (Rəhman surəsi, 46) Əlbəttə, Allahı haqqı ilə təqdir etmək üçün Quran ayələrini yaxşı bilmək gərəkdiyi kimi, Onun xarici aləmdəki ayələrini -dəlillərini- də öyrənib bilmək şərtdir. Ən kiçik atomdan və ya canlı hüceyrəsindən tutmuş nəhəng ulduzlara, hətta qalaktikalara qədər Allahın saysız yaradılış dəlilləri haqqında ətraflı bilgiyə malik olmaq insanın Allah qorxusunu artırır. Çünki bunları bilmək insanın Allahın yaratdığı şeylərdə təzahür edən sonsuz ağlına, gücünə və elminə daha yaxından şahid olmasını, Allahın qüdrətini başqalarına görə daha çox təqdir etməsini təmin edir. Bu da Ona qarşı hiss etdiyi qorxunun artmasına səbəb olur. Allah bu sirri ayəsində belə xəbər verir: Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır. (Fatir surəsi, 28) Allah bir ayədə möminin Öz məqamından qorxduğu kimi, təhdidindən də qorxduğunu vurğulayır: Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir. (İbrahim surəsi, 14) Allahdan içi titrəyərək qorxan möminlər Quran oxuyarkən cəhənnəmlə bağlı ayələrin hamısını bir-bir öz nəfsləri üzərində düşünürlər. Çünki Quran ayələrində Allah möminləri təhdid edir. İnkarçılar onsuz da Allahın kitabını oxumurlar; oxusalar da, lazımi kimi qavraya bilmirlər. Dolayısilə, möminlər bu ayələrin Allahın mömin qullarını xəbərdar etmək və onları cəhənnəmdən çəkindirmək üçün olduğundan xəbərdardırlar. Çünki Qurandan öyüd alan və Allahın əzabından qorxub-çəkinən yalnız özləridir. Buna görə digər insanları deyil, Quranda təriflənən təqvalı möminləri və üstün əxlaqlı peyğəmbərləri nümunə götürürlər. Bunun təbii nəticəsi olaraq “cəhənnəm ayələri başqalarına aiddir, mən isə möminəm” kimi düşüncə ilə özündən əmin davranmırlar. Əlbəttə, iman gətirdiklərinə görə Allahdan qurtuluş və rəhmət umurlar. Ancaq bu, “qorxu və ümid içində öz Rəbbinə yalvarır” (Səcdə surəsi, 16) ayəsində diqqət çəkildiyi kimi, yenə qorxu ilə qarışıq ümiddir. Dərin Allah sevgisinə sahib olan möminlər bu sevgini artıran ən önəmli duyğunun hörmət dolu qorxu olduğunu çox yaxşı bilirlər. Allah sevgisindən mənəvi həzz alan möminlər Allaha qarşı xəta və ya qüsura yol verib Onun sevgisini və razılığını itirməkdən çox qorxurlar. Allah qorxusu, eyni zamanda, Allah sevgisinin qaynağıdır. Çünki Allah sevgisi ancaq Allaha yaxınlaşmaqla gerçəkləşir. Allaha yaxınlaşmaq isə Onun sevgi və rizasını, yəni Onun hədlərini qoruyub əmrlərini yerinə yetirməklə mümkündür. Bu isə Allah qorxusu olmadan əldə edilə bilən durum deyil. Çünki Allahdan qorxmayan bir insanın nəfsi onu davamlı olaraq Allahın razı olmadığı şeyləri etməyə, razı olduğu şeylərdə isə həvəssizliyə sürükləyir. Buna görə də Allahın rizasını qazanmağın yeganə yolu Allah qorxusudur. Bu, Allahın qoyduğu qanundur. O halda, Allahdan lazımi kimi qorxmadan Onun sevgisini və rizasını qazanmağı düşünmək cahillik və aldanmadır. Hər şeydən əvvəl, Allah insanlara Özündən qorxmağı əmr etmişdir. Buna görə Allahın bu əmrini görməzlikdən gəlib yalnız Allahı sevməyin kifayət etdiyini demək məntiqli deyil. Allahdan qorxmadığı halda Onu sevdiyini söyləyən insan özünü aldatmaqdan, vicdanını rahatlandırmaqdan başqa heç nə etmir. Xəyalında canlandırdığı sevgi səthi düşüncələrinin məhsuludur. Həqiqi Allah sevgisi ilə heç bir əlaqəsi yoxdur. Allahı həqiqətən çox sevən insan Onun əmrlərinə çox ciddi yanaşır. Allah Özündən qorxmağı əmr etdiyi halda, bunun gərəkli olmadığını müdafiə edən şəxs ancaq özünü aldadır. Üstəlik, bu ağılsız iddianın “oruc, namaz kimi ibadətlərə ehtiyac yoxdur” deməkdən heç bir fərqi yoxdur. Belələri təkcə Allah qorxusu mövzusunda deyil, Allahın bir çox əmrini yerinə yetirməmək üçün də müxtəlif bəhanələr gətirirlər. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. (Münafiqun surəsi, 10-11) İnsan heç bir zaman etdiklərini kafi görməməli, ölümün hər an gələ biləcəyini düşünüb ölümə hazırlıqsız olmaqdan qorxmalı və hər an Allahın hədlərini qorumağa çalışmalıdır.

Xəyalə SƏFƏROVA