Solmaz Rəcəbin çayına şəkər salib qarışdırdı:
– Qoy köynəyini zivədən yığım… İndicə ütüləyib verəcəyəm. Sən yeməyini yeyənə kimi hazır olacaq.
O həmişə belə eləyərdi. Ərindən tez yuxudan oyanıb səhər yeməyini hazırlayar, ütülənəsi bir şey varsa ütüləyər, əyin-başını səliqəyə salardı. Sonra birlikdə səhərin şehli havasında qol-qola verib işə gedərdilər. Kənddə hər bir kəs onların ardından həsədlə baxardı. Onlar bu kəndin qoşa bülbülləri, Leyli və Məcnunu idilər. Bir-birlərini hələ Bakıda Pedoqoji universitetden, tələbəlik illərindən tanıyırdılar. Lakin Rəcəb Solmazdan iki kurs yuxarı, həm də riyaziyyat fakültəsində oxuduğu üçün yaxından tanış olmasalar da bir-birlərinin eyni kənddən olduqlarını bilirdildilər. Solmaz rus dili müəlliməsi kimi kənd orta məktəbinə işə düzələndə Rəcəb artıq həmin məktəbdə riyaziyyat müəllimi kimi işləyirdi. Bir-birlərinə aşiq olsalar da çəkinir, yalnız üz-üzə gələndə salamlaşırdılar. Lakin bir gün Rəcəb salamlaşdıqdan sonra ayaq saxladı:
– Eşitdim nişanlanmısan?
Solmaz baxışlarını yerə endirib etinasızlıqla: – Hə… – dedi.
– Xoşbəxt ol, Solmaz! Görəsən kimdir o bəxtəvər? Həsəd aparıram ona! Kaş onun yerində mən olaydım…
Solmaz soyuqqanlılıqla gülümsədi:
– Doğrudan da, kaş elə onun yerində sən olaydın…
Elə bil qızın dilinə vurulmuş qıfılı açıb götürmüşdülər. Rəcəb onun bu sözündən bir az da cəsarətləndi:
– Onun yerində mən necə ola bilərdim? Sən heç vaxt mənə gəlməzdin. Mən atasız, yetimçiliklə böyüyən oğlan, sən isə bu kəndin ən varlı ailəsinin qızı! Yox, sən mənə gəlməzdin!
Həmişəki utancaq Solmazın indi daha dünya vecinə deyildi. Ötkəm xasiyyətli atası Qulam kişi artıq onu sevmədiyi bir oğlana nişanlamışdı. Onun köhnə dostunun oğlu olan bu gənc Moskvada təhsil almış, hələ də orada yaşayan uğurlu iş adamı idi. Odur ki Qulam kişi qızın fikrini öyrənməyi lazım bilməmişdi. Bir də axı Solmaz heç vaxt atasının üzünə ağ olmamış, sözünün üstünə söz danışmamışdı. İndi nə deyib razı olmayacaqdı? Oğlan da ki yarlı-yaraşıqlı! Qız onu görən kimi könül verəcəkdi! Solmazın isə könlü kimdə olsa yaxşıdır? Rəcəbdə! Tələbəlik illərindən bəri onu uzaqdan-uzağa hər gördüyündə ürəyi titrəyirdi. Lakin atasının qərarından sonra bu ürək bütün ümidlərini üzmüşdü. İndi söhbətin belə yön alması nəticəsində ürək sözünü Rəcəbin düz üzünə deməklə sanki taleyindən qisas alırdı.
– Nahaqq elə fikirləşirsən. Elə gələrdim ki…! Məni nişanladıqları o oğlanı heç tanımıram. Heç üzünü də görməmişəm. Adama elə ağır gəlir ki! Özümü əşya kimi hiss edirəm. Atam bu haqda mənə deməyi heç lazım da bilmədi. Həmişə mənə aid hər şeyə mənsiz qərar verib, elə indi də…
Rəcəb ürəkləndi:
– Elə isə sevmədiyin adamla ailə qurub özünü niyə bədbəxt eləyirsən?
– Bəs neyləyim, çarəm nədir?
– Anana de, atanla danışsın. Etiraz elə! De ki, istəmirəm! Sən üzüyü qaytaran kimi anamı sizə elçi göndərəcəyəm!
Solmaz gözlərini qıyıb ümidsizliklə uzaqlara baxdı:
– Rəcəb, sən mənim atamı tanımırsan. Onun sözünün üstünə söz demək mümkün deyil. Bu ölümə getmək kimi bir şeydir. Hələ indiyə kimi evdə onun bir sözü iki olmayıb.
– Solmaz, indi hər şey sənin əlindədir. Əgər xoşbəxtliyimizi istəyirsənsə bunu eləməlisən.

***
Solmaz elə həmin gün bu barədə söz düşməyini gözləmədən anasına etirazını bildirdi. Çünki onunla bu barədə heç danışmaya bilərdilər. Elə bir başa toy gününü təyin eləyərdilər, vəssəlam. Solmaz içəri girib əyin-başını dəyişən kimi ona yaxınlaşdı:
– Ana, atamla danış, üzüyü qaytarsın. Mən o oğlana ərə gedən deyiləm.
– Ay qız sən nə danışırsan? Dəlisən nəsən? Mən ona elə söz deyə bilərəm?!
– Onda özüm deyərəm!
– Sən Allah, onu tərsləşdirmə, ikimizi də qana salarsan! Bu gün yenə evə əsəbi gəlib.
Solmaz anasına məhəl verməyərək otağın qapısını açıb içəri girdi. Qulam kişi siqaret çəkə-çəkə qəzetlərə baxırdı. Qızının içəri girdiyini görüb baxışlarını qəzetden ayırdı.
– Salam, ata, sənə vacib sözüm var.
Qulam kişi sərt xasiyyətli, tərs, inadkar adam idi. Ömründə bir dəfə də olsun ailəsilə oturub ürəkdən söhbət eləməmişdi. Adətən o özü dindirməyənə qədər arvadı və qızı onunla danışmağa cəsarət eləməzdilər. Elə ona görə də təəccüblə soruşdu:
– Nə olub ki?!
– Ata, mən demək istəyirəm ki, tanımadığım bir adama ərə gedə bilmərəm.
– Mən tanıyıram yetər. Sən tanımasan da olar. Biz onun atası ilə gənclik illərindən dostuq. Bu kişi dostluğudur. Sənin ağlın arvadların dostluğuna getməsin.
– Ata, xahiş eləyirəm, üzüyü geri qaytar.
– Nə?! Sən nə danışırsan?! Mən heç vaxt tüpürdüyümü yalamaram! Sözümü geri götürüb şərəfimi iki paralıq eləmərəm!
Qulam kişi ayağa qalxaraq əlindəki qəzeti ortadan qatlayıb hirslə masanın üstünə çırpdı:
– Ay arvad, ay Minəvvər! Gəl bu qızı burdan apar! Yoxsa özümə cavabdeh deyiləm! İndi bunun başını urus qibləsinə kəsərəm!
Minəvvər cəld içəri girib Solmazın qolundan tutub dartmağa başladı:
– Gəl, gəl! Çıx çölə! Əsəbiləşdirmə, atanı!
Anasının onu otaqdan çıxartmasına baxmayaraq Solmaz otağa geri qayıtmağa cəhd göstərərək bir daha yalvardı:
– Nə olar, ata, sənə yalvarıram… Axı mən sənin yeganə övladınam. Bir də heç vaxt səndən heç nə istəməyəcəyəm, heç nə üçün xahiş eləməyəcəyəm!
– Mən sözümün üstündən keçə bilmərəm!
– Ata, axı mən də sözümün üstündən keçə bilmərəm! Sən öz dostuna söz vermisən, mən də bir başqasına! Nolar, qaytar o üzüyü!
Qulam kişiyə sanki sillə vurdular. Necə yəni “bir başqasına?” O stulu çəkib oturdu. Dirsəyini masaya qoyub üzünü yana çevirdi. Çox hirsli olmasına baxmayaraq aşağı səslə dedi:
– Mən daha sənin işinə qarışmayacağam. Kimə gedirsən get! Üzüyü də günü bu gün qaytaracağam. Amma onu da bil ki, mənim daha sən adda qızım yoxdur! Sən məni adamların içində hörmətsiz elədin! Daha o kişinin üzünə də baxa bilmərəm. Ölsən meyidini də yerdən qaldırmayacağam. Heç üstünə də gəlməyəcəyəm! Qəbrin torpaqla bir olub itsə də üstünü götürməyəcəyəm! Qoy sən deyən olsun! Di get…!
***
Bəli, Solmaz Rəcəbin çayına şəkər salib qarışdırdı:
– Qoy köyneyini zivədən yığım… İndice ütüləyib verəcəyəm. Sən yeməyini yeyənə kimi hazır olacaq.
O həmişə belə eləyirdi. Sonra birlikdə işə gedirdilər. İndi yeddi aylıq hamilə olduğu üçün işə getmirdi. Eləcə Rəcəbi işə yola salmaqla kifayətlənirdi. Xoşbəxt idi. Tezliklə övladları dünyaya gələcəkdi. Köynəyi zivədən yığmaq üçün pilləkənlərlə aşağı, həyətə enməli idi. Üşüməsin deyə uzun, isti xalatını əyninə geyindi. Elə bir-iki pillə enmişdi ki, qəflətən ayağı xalatının ətəyinə ilişdi. İkinci mərtəbədən daş pilləkənlərlə aşağı yuvarlandı. Rəcəb onun qışqırığına çölə çıxdı. Solmaz arxası üstə həyətin ortasında uzanmışdı.
***
Çox çəkmədən bütün kəndin camaatı Rəcəb gilin qapısına yığıldı. Solmaz çətinliklə nəfəs alırdı. Gözlərini elə yanındaca dizi üstə dayanmış həkimin gözlərinə zilləyib iniltili səslə yalvardı:
– Həkim, mən ölmək istəmirəm, mənə kömək elə…
Həkim Solmazın başının üstündən qalxdı:
– Vəziyyəti ağırdır. Təcili rayon mərkəzindən Mütəllim həkimi tapıb gətirmək lazımdır.
Rəcəbin qardaşı Kamil qonşunun maşını ilə vaxt itirmədən Mütəllim həkimin dalınca rayon mərkəzinə yollandı.
Rəcəb heç özündə deyildi. Bu yıxılan insan deyil, onun dünyası idi. Dizləri əsir, başı hərlənirdi. Üzünün rəngi kağız kimi olmuş, əl-ayağı süstləşmişdi. O Solmazın yanında dizi üstə yerdə oturub əllərini öpür, onu sakitləşdirməyə calışırdı.
– Bir az döz, Solmaz, indi Kamil Mütəllim həkimi gətirəcək.
Solmazın gözlərində dəhşət var idi. O böyümüş gözlərini Rəcəbin gözlərinə zilləyib yalvardı:
– Rəcəb, ölürəm, qoyma…! Əllərimi buraxma…! Yoxsa gedəcəyəm…!
Rəcəb Solmazın iniltisinə dözə bilmirdi. Onun hönkürtüsünün səsini anasının səsi batırdı:
– İndicə Mütəllim həkim gəlib nə lazımsa edəcək!
Yarım saat sonra Kamil Mütəllim həkimlə gəlib çıxdı. Rəcəbin anası qəhərdən boğula-boğula ona yalvardı:
– Həkim, qurban olum, nə yaxşı ki gəldin! Mən gözlərini yumuram, oğlum qoymur. Deyir ölməyib ki! Bayılıb, həkim gəlib ayıldacaq.
Mütəllim həkim həyətin ortasında səssiz uzanmış Solmaza yaxınlaşdı. Əyilib barmaqlarını boynundakı şah damara qoyduqdan sonra heç kəsin üzünə baxmadan təəssüflə dedi:
– Artıq gecdir. Təxminən yarım saat bundan əvvəl keçinib. İndi sizdən ancaq möhkəm olmaq tələb olunur. Allah səbr versin!
Rəcəb yerindən qəfil sıçrayıb Solmazın yıxılarkən ayaqlarından çıxıb düşmüş başmaqlarını gotürdü. Dodaqlarını başmaqların altına yapışdırıb öpdükcə öpdü: – Solmaz…!!! – deyə yeri-göyü titrədən bir nalə çəkdi. Adamların onu sakitləşdirmək üçün yaxınlaşdığını görüncə əlindəki başmaqları sinəsinə sıxıb küçəyə qaçdı.
***
Rəcəb elə o qaçan oldu. Dağlarda, çöllərdə yorulub əldən düşənə qədər ağlayıb qışqırdı, Solmazı çağırdı. İpə-sapa yatmadığı üçün heç kəs onu dilə tutub evə gətirə bilmirdi. Havalanar deyə məcbur eləmirdilər. Aclıqdan, susuzluqdan zəifləməsinə baxmayaraq heç kimlə kəlmə kəsmir, heç kimə yaxınlaşmırdı. Axırda Minəvvər onu evə gətirmək istəyən yaxınlarına dedi:
– Siz dayanın. Mən özüm gedib onunla danışaram.
Minəvvər Rəcəbin sonuncu dəfə göründüyü yerə getdi. Haralarda olduğunu bilmirdi. Dayanıb eləcə qışqırdı:
– Rəcəb…! Bura gəl, sənə sözüm var…!
Rəcəb hardansa peyda olub Minəvvərin düz qarşısında dayandı. Hələ də Solmazın başmaqlarını sinəsinə sıxmışdı. Çox arıqlamışdı. Halsız idi. Bir dəqiqə Minəvvərin üzünə baxdıqdan sonra başını aşağı salıb susdu.
– Rəcəb, bu dərd təkcə sənin dərdin deyil. Gözlərini qaldır üzümə bax. Mən yeganə övladını itirmiş anayam! Bəs mən necə dözürəm, necə dayanıram? Sən də mənim kimi möhkəm ol! Bəsdir daha, evə gəl!
***
Kamil həyətdə xarab olmuş su kranını dəyişirdi. Ona görə də yanından sakitcə ötüb keçərək ikinci mərtəbəyə qalxan adama çox da fikir vermədi. Yeni qurulmuş ailənin faciəsindən sonra onların ikinci mərtəbədəki mənzilinə heç kim getmirdi. O işini qurtardıqdan sonra ayağa qalxdı. Diqqətini cəmləşdirdi: “Elə bil Rəcəb idi axı!”
Kamil səssiz olmağa çalışaraq pilləkənləri qalxdı. Astaca qapını aralayıb otağa keçdi. Şefonerin qapısı açıq idi. Rəcəb dizi üstə hərəkətsiz dayanaraq üzünü çarpayının üstünə sərdiyi Solmazın çəhrayı köynəyinə söykəmişdi. Kamil onu çarpayıdan araladı. Rəcəbin göz yaşları çəhrayı köynəyin yaxasını islatmışdı. Kamil qardaşını ehtiyatla özünə doğru çəkib başını sinəsinə söykədi. Rəcəbin nitqi çətinliklə seçilirdi:
– Solmazı gördüm… Dağlarda… Soruşdum, niyə ağ geyinmisən? “Cəhrayı köynəyim evdə qalıb, gələndə onu da gətir” – dedi.
Kamil: – Rəcəb, gözlə sənə su gətirim, iç bir az sakitləş – deyib mətbəxə keçdi. Qayıdıb gələndə Rəcəb artıq keçinmişdi. Rəcəbi torpağa tapşıranda Solmazın çəhrayı köynəini qatlayıb onun sinəsinin üstünə qoydular. Çünki Solmaza gələndə köynəyini gətirəcəyini söz vermişdi.
***
Rəcəbin nə qardaşının, nə də anasının pulu olmadığından qəbirlərin üstünü götürə bilməmişdilər. Solmazın atası isə pulu olduğu halda içdiyi andı tutmuş, hikkəsindən qızının qəbrinə heç yaxın da getməmişdi.
Üstü götürülmədiyindən təpələnmiş qəbirüstü torpaq sovrularaq yerlə bir oldu. Üstəlik ot da basdığından qəbirlər vaxtından tez itib-batdılar. İndi kənd qəbristanlığında boş qalmış sahə var. Kənd camaatı orada iki qəbir olduğunu bilirlər. Bu Rəcəblə Solmazın itib batmış qoşa qəbirləridir.

18-XII-2016