(1992-ci il fevral ayının 25-dən-26-na keçən gecə… Xocalı faciəsinin baş verdiyi o müdhiş gecədən 25 il ötür. Yaralarımız hər gün təzələnir, çünki müqəddəs şəhidlərimizin qanı yerdə qalıb. Bax, elə buna görə bizi bağışlamayın, şəhid ruhları!…)
O gecə – ruhların qiyam gecəsi,
O gecə – insanlıq ölən gecəydi.
Bütün ümidləri ayaz vurmuşdu,
Bütün əzablara şölən gecəydi.
Sanki yerdən göyə od püskürürdü,
Dalmışdı xəyala qulağı karlar.
Gözləri korların qəlbi daş idi,
Ölüm daşıyırdı bütün qatarlar.
Xocalı dardaydı…
kimdi duyan bəs –
Bu yurda bir daha yaz gəlməyəcək?
Ölümə hamilə, qana hamilə
Gecənin bətnində boğulur mələk…
Xocalı dünyanın qan çanağıydı,
Körpə naləsiydi qəlbləri dələn.
Tanrı nəzərindən salmışdı sanki…
Sanki bir bəlaydı göylərdən gələn…
Zamanın köksünə dağ çəkilirkən,
Bəs niyə susurdu buna Yer üzü?
Qəflət yuxusunda uyudulurdu,
Bərk-bərk qapanmışdı dünyanın gözü.
Hardaydı ədalət deyilən divan,
Hardaydı dünyanın görən gözü bəs?
Türküm qan gölündə boğulan gecə
Tanrı qulağına çatmadı bu səs.
Amandı, haray çək, susma, Xocalım,
Danış, nələr gəldi başına sənin.
O mənfur cəlladlar, o vəhşi düşmən
Gör necə su qatdı aşına sənin.
Oğlunun, qızının sinəsi dağlı,
Param-parça olmuş bu yurd nədəndi?
Körpə naləsindən titrədi dağlar,
Bu başı itirən hansı bədəndi?
Yan-yana döşənən cəsədlər deyir,
Mən sənin iqbalsız balanam, Vətən!
Xocalı deyilən bəxtsiz bir yurdun
Huşsuz yaddaşında qalanam, Vətən!
Xocalı adında şəhiddi bu yurd,
Bir ana qəlbindən fışqıran ahdı.
Bir ahıl qocanın nəvə fəryadı,
Bir cavan ruhunda sönən sabahdı.
Xocalım – mən sənə ağı demərəm,
Hər gün çəkilərəm bu dərddən dara.
Qaysağı qurumaz, gözü bitişməz,
Sinəmə basılan közdü bu yara.
Sən, ey insan qanı içib doymayan,
Yurduma-yuvama göz dikən yağı,
Bir gün sənin üçün məzar olacaq,
İndi tapdadığın o türk torpağı!
28.01.2017