ƏLVİDA,GÖZƏL,ƏLVİDA
Qaşlarını çatıb getdin,
Bir günəşdin, batıb getdin.
Neçə ilin sevincini
Qəm üstünə atıb getdin.
Əlvida,gözəl,əlvida.
Saçlarımda incə dənsən,
İnciyən sən,incidən sən.
Könül sevməz-hörsən belə
Hər telini incidən sən.
Əlvida,gözəl,əlvida.
Ayrılığı göy də duyar,
Ləpirini yağış yuyar.
Gözümdəki göz izini
Gün gələr gül baxış yuyar.
Əlvida,gözəl, əlvida.
Qəlb dağladar gözəl günlər,
Söz-söz ağlar özəl günlər.
Xatirəmdə yaşar,yalnız
Sənlə keçən əzəl günlər.
Əlvida,gözəl,əlvida.
Bir gün sözüm yada düşər,
Yaddaşında oda düşər.
Armudun da ən yaxşısı
Daş ürəkli yada düşər.
Əlvida,gözəl,əlvida.
Bir baharsan öz ömrünə,
Ola bilməz söz ömrünə.
Düşünmə ki, indən belə
Ürək tutsun üz ömrünə…
Sənli günlər nağıllaşır,
Dəli könlüm ağıllaşır…
Yollarımız haçalanır-
Gəl, səninlə sağollaşım:
Əlvida,gözəl,əlvida.
Azərbaycan.Quba.
TANRI GÖYDƏN DƏRD GÖNDƏRİB
ABDULLA MƏMMƏD
(DİDƏRGİN ŞƏRGİSİ, QAÇQIN HARAYI SİLSİLƏSİNDƏN)
(Şeir)
Haqqını danan adama
Tanrı göydən dərd göndərib.
Yurduna yanan adama
Qədəri də sərt göndərib.
Söz yarmır xofun bağrını,
Xof başa çəkir oğrunu.
Piyada qoyub doğrunu,
Atı namərdə göndərib.
Qurdu quzu, quzusu qurd,
Qurusu yaş, yaşısa od…
Çadırlaşan qurbətmi yurd,
Qəribmi yurddaşım-qərib?!
Baş ağardır ürəyi daş,
Dərd üyüdür baxışı yaş.
Günümüzü yeyən təlaş
Yolumuza daş əndərib!
Dağlar daşmı-yetmir ahım,
Dünya boşmı-bitmir ahım.
A yurdum, nədir günahın?
Dərd üstünə sinə gərib?!
Azərbaycan.Quba.