Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
XƏYALIM OLARMISAN
“Könül dəftərim” – silsiləsindən
Məni bəlaya atan,
Qul kimi alan, satan.
Zülmət qəlbimdə yatan,
Məlalım olarmısan?!
Hisslərimlə süstlənən,
Hey dilimdə səslənən.
Qəlb evimdə bəslənən,
Bəlalım olarmısan?!
Sevinc, gülüş çiləyən,
Qəlbi eşqlə bələyən.
Mələktək nur ələyən,
Cəlalım olarmısan?!
Ömür yükü bir şələ,
Savaş açaq əcələ.
Ölənəcən əl – ələ,
Halalım olarmısan?!
Ölməyincən itməyən,
Göz önündən getməyən.
Sevdasın tərk etməyən,
Xəyalım olarmısan?!…
XOŞ AVAZI
“Vətənimdir” – silsiləsindən
Vətənimə göz dikənlər, didişiblər uzun illər,
O bədhiyyət fəsadlardan törəyibdir çox nisgillər.
Torpağımı bölmək üçün mərz ediblər Xan Arazı,
“Sülh”bağlayıb qəsbikarlar, “alan razı- satan razı”.
Xan Arazın pıçıltısı qarışıbdır hay- haraya,
Çevrilibdir köksümüzdə Araz boyda bir yaraya.
Məsum Araz bu halıyla Haqq bilir ki, biçaradir,
Yurdumuzun vücudunda sağalmayan bir yaradır.
Üç yüz ildir bu yaradan su yerinə qanlar axır,
Güney- Qüzey bir- birinə, həsrət ilə gendən baxır.
Qoca dünya çox görübdür çeşid- çeşid həsrət, hicran,
Lakin yoxdur bizim təkin,- “diri- diri bölünən can”…
Zor- güc ilə qoparılıb ət- dırnaqdan, bədən- başdan,
Pay- püşk olub səxavətlə, zalimlərə dağdan, daşdan.
O zamandan Xudafərin,duymayıbdır ayaq səsi,
Q tay- bu tay sayılıbdır, bir- birinə yad ölkəsi.
Amma bunca qadağalar qırammayıb qan bağını,
Hər iki tay gözəl bilir eyni qandan olmağını.
Gün gələcək Xudafərin süslənəcək gül- çiçəklə,
Yürüyəcək üzərindən, cüt qardaşlar xoş diləklə.
Qoca tarıx düzəldəcək, üç əsrlik yanlışını,
Qazanacaq ulu xalqdan, öz gecikmiş alqışını.
Şair Dövran sevə- sevə, vəsf edəcək Xan Arazı,
Həm Bakıda, həm Təbrizdə, səslənəcək xoş avazı…