Azərbaycanın Xalq şairi
YUNUS İMRƏYƏ
Məni məndə gəzmə, məndə deyiləm,
Bir mən vardır məndə, məndən içəri.
Yunus İmrə
Heç gərək yoxuymuş səni görməyə,
Əllərim toxunan budaqdasanmış.
Yaşıl zəmilərə baxdım, düşündüm,
Səpilən dən kimi torpaqdasanmış!
Səhrada, çəməndə, güldə, çiçəkdə,
Barda, bərəkətdə, duzda, çörəkdə,
Ulu sevgi kimi canda, ürəkdə,
Şirin nəğmə kimi dodaqdasanmış!
Od kimi baxışda, nur kimi üzdə,
Qan kimi damarda, güc kimi dizdə,
Ruh kimi bədəndə, gün kimi gözdə,
Səs kimi könüldə, qulaqdasanmış!
Qəlbimə sirdaşsan, könlümə yarsan,
Hayana boylandım, hər yerdə varsan.
Gülsəm, dodağımda çiçək açarsan,
Ağlasam, yaş kimi yanaqdasanmış!
Yağdın varlığıma qarla, yağışla,
Hopdun iliyimə nurlu baxışla.
Bağışla, Yunusum, məni bağışla,
Mən elə bilirdim uzaqdasanmış!!!
DÜNYANIN YAXŞI ŞERİ
Ulu ozanımız Yunus İmrəyə
Nurlu gözdə bəslənir, odlu canda yaranır,
Çaxır şimşəklər kimi, bircə anda yaranır.
Gah qanlı davalarda, gah zindanda yaranır,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!
Xəzinəsi tükənməz ağır eldi, obadı,
Dilqəmin məktubunu öpən badi-səbadı.
Şəhriyarın dilindən qopan “Heydərbaba”dı,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!
Dünən dərin bildiyin bu gün dayaz görünür,
Yazdığın yazılarda nə qış, nə yaz görünür.
Zəiflər bolluğunda yaxşılar az görünür,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!
Oğulsan, axarına, zərbəsinə qarşı dur,
O, zülmə, ədavətə, xəyanətə qarşıdır.
Məhməd Akif Ərsoyun sərt “İstiqlal marşı”dır,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!
Doğulan çox olsa da, neyləsin doğan ana,
Hər gün dünyaya gəlmir nə Yunus, nə Mövlana.
Dahilik zərrə-zərrə hopur iliyə, qana,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!
Qəlb incələ-incələ iynəyə sap olsa da,
Can quruya-quruya quruyub çöp olsa da,
Qalaq-qalaq yazılar yığılıb çap olsa da,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!
Kökü qədimdən qədim, Adəmdən, Nuhdan gəlir,
Qarışıb qandan keçir, süzülüb ruhdan gəlir.
Ruh da, qan da, nəfəs də qadir Allahdan gəlir,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!