“Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri” adlı kitab Ankarada çap edilib

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti nəşr layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yaradıcılığı ilə milli-mənəvi dəyərlərə, gələcək nəslin maarifçi ruhda yetişməsinə xidmət etmiş, Azərbaycanın Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi, dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin pyesləri və teatr əsərləri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada çap edilib.

AZƏRTAC xəbər verir ki, əsərlərin tərcüməçiləri türkiyəli gənc tərcüməçi Atabey Barış və azərbaycanlı-alim Təranə Həşimovadır.

Qeyd edək ki, Əbdürrəhim bəy Haqverdiyevin pyeslərinin Türkiyə türkcəsində nəşri, həm Azərbaycan ədəbiyyatını öyrənmək arzusunda olanlar, həm də ədəbiyyatımızı tədqiq etmək istəyənlər üçün mühüm mənbə olacaq.

Bundan başqa, nəşr Türkiyə teatrlarında Azərbaycan müəlliflərinin əsərlərinin səhnələşdirilməməsi yolunda da yeni imkanlar açacaq.

“Abdurrahim bey Hakverdiyevin tiyatro eserleri” (“Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri”) adlı kitabda ədibin “Ac həriflər”, “Dağılan tifaq”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Ağac kölgəsində”, “Kimdir müqəssir”, “Ədalət qapıları” və başqa pyesləri öz əksini tapmışdır. Nəşrdə dramaturq Əbdürrəhim bəy Haqverdiyevin həyatı və ədəbi fəaliyyətini əks etdirəm fotolar də yer alır.

Kitabda qeyd olunur ki, Azərbaycan dramaturgiyasında XIX əsrin sonlarından başlanan maarifçiliyin növbəti mərhələsində ədəbi yaradıcılığa başlayan tanınmış Azərbaycan dramaturqu, realist ədəbiyyatımızın görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev zəngin ədəbi fəaliyyəti, dram əsərləri, yumoristik və satirik hekayələri ilə məşhurlaşmış, ədəbiyyatımıza mühüm töhfələr vermişdir. Əbdürrəhim bəy Haqverdiyevin pyesləri Azərbaycanda milli dramaturgiyası, teatr mədəniyyəti, Şərqin teatr məktəbinin inkişafı və türk xalqları arasında ədəbi əlaqələrin yüksəlişində müstəsna xidmətlər göstərib.

Nəşrin Türkiyədə təqdimatı və aparıcı kitabxanalara, elm-tədris müəssisələrinə hədiyyə edilməsi nəzərdə tutulur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Mənbə: https://azertag.az/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir