Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
SƏNİ DÜŞÜNƏDƏ
“Könül dəftərim” – silsiləsindən
Divarlar div kimi üstümə gəlir,
Ayrılıq qəmətək bağrımı dəlir.
Ahım dalğa- dalğa ərşə yüksəlir,
Səni düşünəndə.
Xəyal- xatirələr hey varaqlanır,
Olanlar, keçənlər hey soraqlanır.
Şübhə qovmaq üçün qəlb yaraqlanır,
Səni düşünəndə.
Qürur tərk eləmir sinəmi bir an,
Hökm edir ardınca getmə, dur, dayan.
Hər qəmli fikirdən görürəm ziyan,
Səni düşünəndə.
Dil töküb gözümdə olmuşdun qoçaq,
Naxələf çıxantək düşmüsən qaçaq.
Ürəkdə ilmələr bax saçaq- saçaq,
Səni düşünəndə.
Kamına yetməyən könül inləyir,
Nə yanıb kül olur, nə sərinləyir.
Nə bir kəlmə kəsir, nə də dinləyir,
Səni düşünəndə.
Məcrasız sel kimi hər yana axdım,
Susdum, sən gedərkən arxanca baxdım,
Dövran, həsrətinlə qəlbimi yaxdım,
Səni düşünəndə…
KÜSDÜRMÜSƏN
“Könül dəftərim” – silsiləsindən
– Ünvanlı-
Tanrı verən can içində canımdın,
Ürəyimdin, damarımda qanımdın.
Yaşamımdın, zamanımdın, anımdın,
Küsdürmüsən dünyasından Dövranı.
Bağ- bağçamız xəzan oldu töküldü,
Eşq yoluna, sal qayalar dikildi.
Hördüklərim ilmə- ilmə söküldü,
Küsdürmüsən dünyasından Dövranı.
Alnımıza qədər qara yazılmış,
Qəlbimizə Haqdan yara yazılmış.
Vüsal adlı qismət hara yazılmış?
Küsdürmüsən dünyasından Dövranı.
Əllərinin hərarəti telimdə,
Didərgintək dolanıram elimdə.
Hicranından qələm tutmur əlim də,
Küsdürmüsən dünyasından Dövranı.
Hara getdi o ilk bahar, güllü yaz?
Söndü ilham, susdu avaz, telli saz.
Insafa gəl, yetər gülüm işvə, naz,
Küsdürmüsən dünyasından Dövranı.