İslam dini incəsənət, estetika və təmizliyi, həmçinin gözəl sözlü və gözəl əxlaqlı olmağı özü ilə gətirir.

İslam dini incəsənət, estetika və təmizliyi, həmçinin gözəl sözlü və gözəl əxlaqlı olmağı özü ilə gətirir. Quranda Süleyman peyğəmbərlə bağlı qissələrdə heykəltaraşlıq və memarlığa aid ayələr vardır. Süleyman peyğəmbərin büllurdan hazırlanmış sarayı Səba hökmdarını valeh etmiş, o bu sənətkarlıq və gözəllik qarşısında heyrətini gizləyə bilməmişdir. Ayədə sarayda olan heykəltaraşlıq nümunələri də qeyd edilmişdir:

Onun (Süleyman) üçün nə istəsə – məbədlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. (Səba surəsi, 13)

Müsəlmanların təmizliyə riayət etmələri, təmiz qidalarla qidalanmaları, geyimlərini, evlərini təmiz saxlamaları da Quranın hökmüdür:

Geyimini təmiz saxla! Pis şeyləri tərk et. (Müdəssir 4-5)

Qurandakı ayələrdən zinət əşyalarının haram olmadığı məlum olur. Allah məscidlərə gedərkən gözəl geyinməyi buyurur.

Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin.

‘Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti … kim haram etmişdir?’ (Əraf surəsi, 31-32)

Müsəlmanlar xarici görünüşləri, geyim tərzləri ilə də İslamı təbliğ edirlər. Bir hədisdə Peyğəmbərimiz (səv) belə buyurur:

Sonsuz gözəl Allah gözəlliyi bəyənir. Gözəl geyinmək təkəbbür deyil, təkəbbür (nemətin əsl Sahibini unudub) haqqı inkar etmək, insanlara alçaldıcı, hörmətsiz münasibət bəsləməkdir. (Kütüb-i Sitte, 7-ci cild, səh. 208)

Yuxarıdakı nümunələrdən görürük ki, İslam hər şeyin ən gözəlini buyurur. İncəsənətdən uzaq olmaq insanların ruhundakı incə düşüncəni və gözəl xüsusiyyətləri öldürür. Bu insanlar danışıq-davranışlarında kobudluq edir, təbiətdəki gözəlliklərə biganə yanaşırlar. Halbuki Allah sözlərin ən gözəlini deməyi, incə düşüncəli olmağı buyurur. Allah ən gözəl sənətkardır. Yerdə, göy üzündə, dənizlərdə yüzlərlə gözəllik var və bunları görməmək böyük itkidir.

Bunlara rəğmən dinimiz dünyaya “qara çadra”, terror dini, müsəlmanlar isə zəif dünyagörüşlü, təhsildən, incəsənətdən uzaq insanlar kimi tanıdılmışlar. Müsəlmanların bu şəkildə tanınmasına səbəb isə dinə aid olduğu iddia edilən saxta hədislərdir. Din xadimlərinin çoxunun “rəsm çəkmək, heykəltaraşlıqla məşğul olmaq, musiqi dinləmək, gözəl görünmək haramdır”, “qız uşaqlarının təhsili lüzumsuzdur”, “müasir texnologiyalardan, internetdən istifadə edilməsi günahdır” kimi İslama aid olmayan fətvalarını hər kəs eşitmişdir. Namaz qılmayanların öldürülməsi, zina edənlərin rəcm (daş-qalaq) edilməsi, başqa dinlərdən olanların öldürülməsinin günah olmaması kimi dəhşətli hökmlər ehtiva edən hədislər sülh və əmin-amanlıq dininin terror dini kimi tanınmasına səbəb olub.

Halbuki İslam şəfqət dinidir və “dində məcburiyyət yoxdur” ayəsinin hökmü ilə başqa inanclı insanların haqları qorunmuşdur. Hər kəs düşüncələrində, ibadətlərində, fikrini bildirməkdə azaddır. Allah İslam dininin hökmləri ilə insanlara rahatlıq və asanlıq yaratmışdır.

Qurandakı İslam modeli fərqli inanclara tolerant yanaşmanı, incəsənəti, təmizliyi, sevgini və mərhəməti təşviq edir. Müsəlmanların bu xüsusiyyətləri özlərində birləşdirməsi bütün dünyada İslam dini haqqında formalaşdırılan qaranlıq fikirlər yox edəcəkdir.

Aysel AYDIN